Qondarma rejimin seçki cəhdi fiyaskoya uğrayıb - AÇIQLAMA

“Hər kəsə məlumdur ki, Azərbaycan Respublikasının işğal edilmiş Dağlıq Qarabağ bölgəsində 31 martda "prezident və parlament seçkiləri"nin keçirilməyə cəhd olunub. Bizimlə yanaşı bütün dünya ölkələri bu saxta seçkiləri qəbul etmədiyinə görə, bu seçki keçirilməyə cəhd olunmuş, lakin uğursuzluğa düçar olub. Beynəlxaq hüquqi normalara zidd bu qeyri-qanuni seçkilərlə həm Ermənistan siyasi hakimiyyəti, həm də Dağlıq Qarabağdakı qondarma rejimin rəhbərliyi bütün dünyada özlərini gülünc və rəzil vəziyyətə salıblar”. Bunu SİA-ya açıqlamasında Milli Məclisin deputatı Kamilə Əliyeva deyib.

Deputatın sözlərinə görə, dünya ölkələrinin koronavirus pandemiyası ilə mübarizə apardığı bir zamanda qondarma rejimin seçkilər keçirməsi özlərinə qarşı olan nifrəti bir qədər də artırıb: “Pandemiya ilə əlaqədar yaşanan hazırki çətin vəziyyət olmasaydı belə heç bir dövlət və beynəlxalq qurumlar bu qeyri-qanuni seçkiləri tanımayacaqdılar. Azərbaycanın apardığı uğurlu diplomatik siyasət nəticəsində artıq bütün dünya Qarabağ həqiqətlərini bilir. Ölkə prezidenti cənab İlham Əliyev digər dövlət başçıları ilə görüşlərində, müxtəlif beynəlxalq təşkilatlarda çıxışları zamanı Dağlıq Qarabağ həqiqətlərini tarixi faktlara əsaslanaraq bütün dünya ictimaiyyətinə bəyan etməklə öz mövqeyini ortaya qoyub. Prezident İlham Əliyevin Münhen Təhlükəsizlik Konfransında Paşinyanla debatı zamanı söylədiyi fikirləri Qarabağ həqiqətlərinin yenidən ortaya çıxarılması istiqamətində daha bir bariz nümunəsidir”.

K.Əliyeva vurğulayıb ki, əvvəla Dağlıq Qarabağda keçirilən seçkilərin 31 mart tarixinə salınması düşünülmüş və məqsədli şəkildə atılmış addımdır: “Çünki bu gün tarixə Azərbaycanlıların soyqırımı günü kimi məlumdur. Digər tərəfdən isə Dünyanın koronavirus pandemiyası ilə mübarizə apardığı bir dövrdə bu cəhdin edilməsi əslində onların məqsədlərini açıq-aşkar göstərib. Erməni höküməti saxta seçkilərin bu dövrə salmaqla beynəlxalq təşkilatların və dünya ictimaiyyətinin diqqətindən yayınmağa çalışıblar. Bütün bunlar bu saxta və qondarma rejimin iç üzlərini və çirkin niyyətlərini ortaya qoyub və nəticə etibarilə keçirilən bu saxta seçkilər onların istədiyi nəticələri verməyib. Bütün beynəlxalq təşkilatlar, dünya dövlətləri bu seçkiləri tanımayıb. Və bu qondarma seçkilər barəsindəki mövqelərini rəsmi olaraq açıq-aşkar bütün dünyaya bəyan ediblər. Burada əsas məqam da məhz bundan ibarətdir. Bununla da qondarma rejimin keçirdiyi saxta seçkilər fiyaskoya uğrayıb”.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə