"Evdə qal" çağırışı bu gün Azərbaycanın ümummilli təhlükəsizlik tezisidir" ÖZƏL-MÜNASİBƏT

"Xalqın hüquq və azadlıqlarını, təhlükəsizliyini və ilk növbədə sağlamlığının müdafiəsinə etibarlı təminat yaratmaq Azərbaycan Prezidentinin konstitusiya ilə müəyyən edilmiş ali məqsəd və vəzifəsi olduğu üçün bu kontekstdə atılan hər bir addım və qərar mübahisəsiz hüquqi gücə malikdir və qeyd şərtsiz icra edilməlidir". Bunu SİA-ya "Bakı Xəbər" qəzetinin baş redaktoru Aydın Quliyev deyib.

Baş redaktorun sözlərinə görə, Prezident İlham Əliyevin vətəndaşlara evdə oturmaları, maksimum məsuliyyət və həmrəylik nümayiş etdirmələri barədə fikirlərinə ilk növbədə bu kontekstdə yanaşılmalı və Prezidentin öz konstitusiya vəzifə və öhdəliklərinin yüksək səviyyədə icrasına maksimum sadiq olduğunun göstəricisi kimi qəbul edilməlidir: "Prezident xalqın qarşısında öz vəzifə, səlahiyyət və öhdəliklərinin ən səmərəli icra formalarını seçib tətbiq etməkdə tamamilə sərbəstdir və geniş seçimlərə malikdir. Bu mənada Prezidentin bəzi məqamlarda tövsiyyə və öyüd-nəsiyyətlərlə, bəzi hallarda isə qəti hökm mövqeyindən çıxış edərək kəskin tonda danışması ümumi hədəflərə daha səmərəli yetişmənin vacib təzahürləri hesab edilməlidir. Xüsusilə yaşlı nəsil nümayəndələrinin bu günlərdə etməli olduqları ilə bağlı Prezidentin dedikləri zəruri və ictimai icra prosesinin tərkib hissəsidir. Prezidentin yaşlı nəslə xüsusi hörmət və həssas yanaşması bir faktdır və ölkə ictimaiyyəti hələ koronavirusa qədər dövlət başçısının müxtəlif bölgə səfərlərində görüb. Prezidentin hər kəsin, o cümlədən yaşlıların küçə-bacada az-az görünməsi barədə mövqeyinin hələlik əsasən tövsiyə səviyyəsində olması onun şəxsi planda yüksək mədəni-etik davranışlarının təzahürü olsa da, kimsə bundan sui-istifadə, ərköyünlük etmək haqqına sahib deyil.

Prezidentin hamılıqla evlərdə olmağa dair çağırışları ölkə liderinin etik davranışlara üstünlük verdiyi fəaliyyət forması kimi icra edilməli və Prezidenti daha sərt hüquqi-inzibati metodlara söykənən fəaliyyət üsullarına məcbur etməməlidir. Hər kəs bilməlidir ki, Prezident indiyədək əsasən tövsiyə kimi etdiyi çağırışları konstitusiya əsasında ən sərt inzibati-amirlik üsulları ilə də həyata keçirmək hüququ və imkanları var. Həqiqətən də polislər nə vaxta qədər küçələrdə qaydalara uymayan yaşlılara "ora getmə, bura getmə, evdə otur" deyərək xahişlər etməlidir?! "Evdə qal" çağırışı bu gün Azərbaycanın ümummilli təhlükəsizlik və salamatlıq tezisidir. Bu tezisin tam icrası sahəsində Prezident müstəsna hüquq və səlahiyyətlərə malikdir və zatən ortada bu iradənin təcəssümünü görürük".

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə