Şahbuzda yeni torpaqlar əkin dövriyyəsinə qatılır

2019-cu ildə Şahbuz rayonunun Türkeş kəndində yeni qapalı suvarma şəbəkəsi də qurulmuş, uzun müddət suvarılmayan torpaq sahələri əkin dövriyyəsinə qatılmışdır. Görülən işlərin davamı olaraq bu il rayonun Sələsüz, Türkeş və Mərəlik kəndlərində yeni qapalı suvarma şəbəkəsi qurulur.

SİA NUHÇIXAN-a istinadla xəbər verir ki, martın 27-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov aparılan tikinti işləri ilə maraqlanıb.

Məlumat verilib ki, qapalı suvarma şəbəkəsi 270 hektar torpaq sahəsini əhatə edir. Layihə xəttinin ümumi uzunluğu 34 min 808 metrdir. Ərazidə müxtəlif diametrli borularla 7534 metr ana xətt və 27 min 274 metr paylayıcı suvarma şəbəkəsi çəkiləcəkdir. Xətlərin üzərində 51 sutənzimləyici siyirtmə, 286 hidrant və 81 suboşaldıcı quraşdırılacaqdır.

Sələsüz, Türkeş və Mərəlik kənd sakinlərinin əsas məşğuliyyət sahəsi əkinçilik və heyvandarlıqdır. Kəndlərdə yeni qapalı suvarma şəbəkələrinin qurulması əkinçiliyin inkişafına səbəb olmuşdur. Bu da sakinlər tərəfindən razılıqla qarşılanır. 2019-cu ildə Türkeş kəndində istifadəyə verilmiş 343 hektar qapalı suvarma şəbəkəsinin 258 hektarında payızlıq taxıl, 10 hektarında yazlıq bitkilər əkilmişdir. Ərazinin qalan 75 hektarında isə mərhələli şəkildə yazlıq əkinlər aparılır.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov demişdir ki, aparılan abadlıq quruculuq işləri, yeni suvarma şəbəkələrinin qurulması, torpaqların əkin dövriyyəsinə qatılması kəndlərin gələcək inkişafına xidmət edir. Sələsüz, Türkeş və Mərəlik inkişaf etmiş müasir kəndlərin sırasına qoşulacaqdır. İki il ərzində bu kəndlərin 600 hektardan artıq torpaq sahəsində suvarma şəbəkəsinin qurulması imkan verəcəkdir ki, sakinlər bol məhsul istehsal edərək ölkəmizdə ərzaq təhlükəsizliyinin təmin olunmasında iştirak etsinlər. Bu tədbirlər dövlət vəsaiti hesabına həyata keçirilir, tikinti işləri müvafiq dövlət qurumları tərəfindən aparılır. Məqsəd ondan ibarətdir ki, torpaqlar əkilsin, bol məhsul istehsal edilsin.

Sakinlər adından minnətdarlıq edən Sələsüz kənd bələdiyyəsinin sədri Bəxtiyar Tarverdiyev yaradılan şəraitdən səmərəli istifadə edəcəklərini bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...