Ənənəvi müxalifət niyə naftalin iyi verir? TƏRS BAXIŞ

Ənənəvi müxalifət niyə naftalin iyi verir? TƏRS BAXIŞ

Yaxud, siyasi taftalogiyanın nümunələri

Bütün seçkisonrası proseslərdə olduğu kimi, bu dəfə də radikal təmayüllü müxalifət siyasi uğursuzluğu ilə barışmalı olub. Daha dəqiq desək, sözügedən düşərgənin süstlüyü artıq göz önündədir və oradakı partiyalar necə deyərlər, öz qınlarına çəkilib növbəti siyasi-ictimai proseslərə qədər ayaqda qalmağa cəhd göstərirlər. Bu kimi “yaşam” tərzində isə “liderlərin” dadlarına çatan sosial şəbəkələrdir ki, məhz feysbuk, tvitter kimi şəbəkələrdə “var” olduqlarını göstərməyə çalışırlar.

Partiyalar daxilində ciddi etirazlar mövcuddur

Düzdür, ictimai rəy onsuz da bu cür zəif, lüzumsuz və qeyri-səmərəli müxalifəti qəbul etmir, ancaq “Milli Şura”, AXCP, Müsavat və s. ənənəvi düşərgə partiyalarının rəhbərliyi hələ də özlərini aldadaraq, guya ölkənin ictimai-siyasi həyatında “mühüm fərd” olduqlarını sanırlar, zorla ictimai rəyə sırınmağa cəhdlər göstərirlər.

Eləcə də seçkilərdə “boykotçuluq” taktikasının onların istədikləri nəticəni verməməsi partiyalar daxilində ciddi etirazlara səbəb olmaqdadır. Belə ki, AXCP, Müsavat və s. partiyaların daxilində olan tərəfdarları seçkilərə qatılaraq uduzmağın daha normal məğlubiyyət olduğunu deyir, partiya rəhbərliyini özlərini xalqdan təcrid etməsində ittiham edirlər.

Halbuki, təkcə “Milli Şura”nı götürərsək, bu qurumun hətta ona üzv olmayan digər siyasi qurumların iştirakı ilə belə, birgə normal aksiya, mitinq keçirə bilməməsi qeyd olunan reallığı kifayət qədər isbatlamış olur. Görünür bu kimi reallıqların arxasında dayanan naftalin iyi verən müxalifət” frazası da buna aiddir.

“Əvvəlki formatlarına qayıdıblar”

Bu arada, “Ağ Partiya”nın sədri, Müsavat partiyası gənclər təşkilatının keçmiş sədri Tural Abbaslı baş verənlərə münasibətini aşıqlayarkən deyib ki, müasir siyasətdə boykot heç bir halda mübarizə yolu olaraq qiymətləndirilə bilməz. Yəni boykot bilavasitə zəifliyin aşkar əlamətidir.

“Bu, nə hüquqi, nə də siyasi baxımdan doğrudur. Bunun nə cəmiyyətə, nə də müxalifətə faydası var”-deyən müxalifətçi partiya sədrinə görə, adamlar, yəni Əli Kərimli, İsa Qəmbər, Arif Hacılı, Cəmil Həsənli və başqaları uzun illərdir siyasətlə məşğuldurlar, amma mübarizə aparmaq yerinə qaragüruhçuluq yolunu seçirlər: “Sadəcə olaraq, qarqgüruhçuluq onların öz bacarıqsızlıqlarını və fəaliyyətsizliklərini ört-basdır etmək üçün bir bəhanədir. Uzun illərdir hər biri siyasi partiyalara rəhbərlik edirlər, amma heç vaxt da bu təşkilatlar seçkilərə hazır olmur. Bunu gizlətmək üçün ya boykot edirlər, ya da siyasi taftalogiya ilə məşğul olurlar. Hətta aktiv siyasi mübarizə aparanları da ittiham etdilər. Özləri isə candərdi aksiyalar keçirdilər. Bu aksiyalar çox az insanı əhatə etdi. Buna görə də mitinqləri dayandırdılar. Artıq əvvəlki formatlarına qayıdıblar”.

“50-60 yaşdan yuxarı insanlardır... Onlar həm fiziki, həm də psixoloji baxımdan mübarizə əzmində deyillər”

T.Abbaslı da hesab edir ki, məhz bu cür üsullarla müxalifətdə qalmaq, hətta düşərgədə monopoliya yaratmaq istəyənlər bu maraqlarının arxasında digər məqamları güdürlər – düşərgədə təmsil olunmaqla siyasi biznes qurmaq və müəyyən xarici təşkilatların verdikləri sifarişləri yerinə yetirib pul-para qazanmaq. Eləcə də müxalifət düşərgəsinə qatılmaq istəyində olan yeni qüvvələrin qarşısını hansı vəchlə olsun almaq “liderlərin” başlıca məqsədlərindən biridir. Onun sözlərinə görə, belələrinin planları da müxalifət adına ortaya çıxmaq istəyən siyasi qüvvələrə, şəxslərə imkan verməməkdir: “Bu yolla da öz “bazarlarına” sahib olmaq istəyirlər. Bu insanların özləri öz potensiallarına, qələbə qazanacaqlarına inanmırlar, xalqın onlara etimad edəcəklərinə də inamları yoxdur. Həmin insanlar üçün “müxalifətçilik” biznesdir, yaşam mənbəyidir”.

Beləliklə, T.Abbaslıya görə, radikal müxalifət daxilindəki süstlük təsadüfi deyil və bu, dağıdıcı müxalifət “liderlərinin” fəaliyyətsizliyi ilə əlaqələndirilə bilər: “Uzun illər bu adamların arasında olmuşam. Onların əksəriyyəti 50-60 yaşdan yuxarı insanlardır. Yəni, onlar həm fiziki, həm də psixoloji baxımdan mübarizə əzmində deyillər. Onları mübarizə yox, yaxşı yaşamaq, komfortlu həyat maraqlandırır. Bilirlər ki, mübarizə zəhmət, əziyyət tələb edir. Bu yükün altına girmədikləri üçün də müxalifət daxilindəki prosesləri maksimum ölü nöqtədə saxlamaq istəyirlər. Buna görə də boykot yolunu seçirlər. Özlərini əziyyətə salmaq istəmirlər, bugünkü vəziyyətlə barışıblar və öz məişət məsələlərini həll etməklə məşğuldurlar”.

Görünən isə budur ki, əslində düşərgədəki köhnə və nimdaş müxalifət partiyalarının “liderlərini” haqlı olaraq ittiham edən T.Abbaslı belə siyasi qurumların tarixin arxivinə atılması vacibliyinə eyham vurur. Hətta qənaətə gəlmək olar ki, yaxın zamanlarda istər “Ağ Partiya”, istərsə də bu kimi digər yeni yaradılmış müxalifət partiyaları köhnələri siyasi arenadan çıxdaş edəcəklər. Daha dəqiqi, çox yaxın vaxtlarda bütövlükdə müxalifət düşərgəsində ölüm-qalım savaşına start veriləcək. Bu savaşdan hansılarının sağ-salamat çıxacaqlarını isə zaman göstərəcək...

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə