"Münaqişə BMT TŞ-nın müvafiq qətnamələri əsasında öz həllini tapmalıdır" RƏY-ÖZƏL

“Azərbaycanın qəti və birmənalı mövqeyi ondan ibarətdir ki, Dağlıq Qarabağ münaqişəsi yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri əsasında öz həllini tapmalıdır. Çünki Dağlıq Qarabağ həm tarixi, həm də məhz hüquqi baxımdan Azərbaycanın ayrılmaz tərkib hissəsidir”. Bu fikirləri SİA-ya açıqlamasında Azərbaycanın AŞPA-da nümayəndə heyətinin üzvü Sevinc Fətəliyeva deyib.

O bildirib ki, Dağlıq Qarabağ münaqişəsi beynəlxalq hüquq normaları əsasında, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır: “Ermənistanın məqsədli şəkildə ərazi bütövlüyünün toxunulmazlığı məsələsini gözardı edərək “xalqların öz müqəddəratını təyin etməsi” prinsipini irəli sürməsi isə manipulyasiyadan başqa bir şey deyil”.

S.Fətəliyeva söyləyib ki, Prezident İlham Əliyev fevralın 15-də Münxen Təhlükəsizlik Konfransında Dağlıq Qarabağla bağlı panel müzakirələrdə münaqişənin tənzimlənməsinin beynəlxalq hüquqi aspektlərinə toxunaraq vurğuladı ki, Dağlıq Qarabağ Azərbaycanın tərkib hissəsidir: “BMT Təhlükəsizlik Şurası Ermənistan qoşunlarının işğal edilmiş ərazilərdən çıxarılmasını tələb edən 4 qətnamə qəbul edib. Bu qətnamələrin tələbləri hələ də yerinə yetirilməyib. Ona görə də sülh danışıqları nəticəsində əldə ediləcək istənilən həll yolu Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyünün saxlanılmasını təmin etməlidir”.

Onun sözlərinə görə, Azərbaycanın xarici siyasət kursunun ən mühüm strateji prioriteti Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları əsasında, yəni ölkəmizin ərazi bütövlüyü çərçivəsində həllidir.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə