"Azərbaycanın danışıqlar prosesində əli daha da gücləndi" AÇIQLAMA-ÖZƏL

“Münhen Təhlükəsizlik Konfransı dünyanın nüfuzlu forumlarından biridir, dünya ictimai rəyə və beynəlxalq təşkilatların mövqeyinə çox ciddi təsir göstərir. Bu nöqteyi-nəzərdən həmin forumda Azərbaycan Prezidenti İlham Əliyevin çıxışı Ermənistanın baş naziri Nikol Paşinyanla keçirdiyi debat və eyni zamanda təkbətək görüşü sözsüz ki, Dağlıq Qarabağ münaqişəsinin həllində böyük rol oynaya bilər”. Bu fikirləri SİA-ya açıqlamasında politoloq Qabil Hüseynli deyib.

O bildirib ki, Azərbaycan Prezidentinin debatda Nikol Paşinyanı tam məğlub etməsi, ölkə başçısının intellektual şərhləri, problemi çox yüksək səviyyədə təhlil etməsi, bu təhlil zamanı Ermənistanın işğalçı mövqeyinin ortaya qoyulması, hətta yalanlara baş vurmağı sevən Paşinyanın uydurmaları həqiqətləri göz önünə sərdi.

Politoloq söyləyib ki, onsuzda dünya son dövrlərdə Dağlıq Qarabağ münaqişəsinə münasibətdə mövqeyini haqqın-ədalətin xeyrinə xeyli dəyişib: “ Prezident İlham Əliyevin bu forumdakı fəaliyyəti, intellekjtual çıxışı, yüksək təhlil qabiliyyəti həqiqətlərin bir daha təsdiqlənməsinə gətirib çıxardı. Beləliklə Azərbaycanın danışıqlar prosesində əli daha da gücləndi. Bu o deməkdir ki, Dağlıq Qarabağ prosesində Ermənistanın qeyri-konstruktiv fikirləri olacaqsa, ona qarşı beynəlxalq təzyiqlər artacaq. Bu o deməkdir ki, Azərbaycanın haqq işi, ərazi bütövlüyünün təmin edilməsi məsələsində aparıcı dövlətlər və beynəlxalq təşkilatların mövqeləri tam dəqiqləşəcək”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə