Aprelin 2-də ARDNŞ prezident Rövnəq Abdullayev və Şirkət rəhbərliyinin iştirakı ilə Şirkətin bütün idarə və müəsisələrində genişmiqyaslı iməcilik keçirilib.
SİA-nın xəbərinə görə, Şirkətin coğrafiyası çox geniş olan, Bakını, Abşeron yarmadasını, eləcə də respublikamızın bütün ərazisini əhatə edən idarə və müəssisələri aprelin 2-də öz ənənələrinə sadiqlik nümayiş etdirərək, daha bir möhtəşəm ağacəkmə aksiyası keçiriblər. "Azneft" İB-nin bütün neft və qazçıxarma idarələrinin, eləcə də Muradxanlı İriləşdirilmiş Neft Mədənləri İdarəsi və Siyəzənneft NQÇİ-nin, "Azəriqaz"İB-nin Bakı şəhərindəki, həmçinin regionlardakı bütün qaz istismar və magistral qaz kəmərləri sahələrinin, qazpaylayıcı stansiyalarının, "Ekol" Mühəndislik Xidmətləri QSC-nin, Sosial İnkişafı İdarəsinin regional müalicə-diaqnostika mərkəzlərinin çoxmilli kollektivi aksiyada fəal iştirak ediblər.
"Bibiheybətneft" Neft və Qazçıxarma İdarəsinin neftlə çirklənmədən təmizlənmiş mədən torpaqlarında, Qaz Emalı Zavodunun Salyan şosesində yerləşən ərazisində, Pirallahı və Çilov adalarında, Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunun yaxınlığındakı geniş sahədə, Xəzər Dəniz Neft Donanmasının Gəmi Zavodunun ərazisində, "Neftqaztikinti" Trestinin istehsal sahələrində, Zığ şosesində, Hövsan yolunun üzərində, "Azərneftyağ" Neft Emalı Zavodunun qarşısındakı Nobel prospekti boyunca ərazilərdə ağaclar əkilib, əvvəllər salınmış yaşıllıqlara qulluq edilib, abadlıq işləri aparılıb.
Ağacəkmə kampaniyasında "Azərikimya" İstehsalat Birliyinin kollektivi fəal iştirak ediblər. Yazyaşıllaşdırma kampaniyasında Novruz bayramı ərəfəsində başlanmış kimyaçılar Sumqayıt- Quba magistralı boyunca böyük bir ərazini əhatə edən "sənaye zonası"nda 300-dən artıq ağac və gül kolları əkiblər. ARDNŞ-nin təsisçisi olduğu müştərək müəssisələr və əməliyyat şirkətləri də yerləşdikləri bölgələrdən asılı olmayaraq aprelin 2-də bu xeyirxah təşəbbüsə qoşularaq, Şirvan şəhərində, Salyan və Neftçala rayonlarında, habelə Bakıda, Heydər Əliyev adına Hava Limanına gedən yolun ətrafında yaşıllaşdırma və abadlıq işləri aparılıb.
Səhər saatlarında etibarən kampaniyada iştirak edən ARDNŞ prezidenti Rövnəq Abdullayev müxtəlif idarə və müəssisələrin çalışdığı sahələrə baş çəkib, ekoloji vəziyyətlə maraqlanıb, müafiq tapşırıqlar verib və ağaclar əkib.
Rövnəq Abdullayev ötən il Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının iştirakı ilə təməli qoyulmuş gəmiqayırma zavodunun ərazisində aparılan tikinti – quraşdırma və yaşıllaşdırma işləri ilə tanış olub. Mühüm regional əhəmiyyət daşıyan bu gələcək zavodun ərazisində ağac əkən ARDNŞ prezidenti bildirib ki, Şirkətin 30 minə yaxın əməkçisinin qatıldığı bu dəfəki möhtəşəm iməcilikdə ümumilikdə 25 minə qədər ağac və gül kolu əkilərək böyük abadlıq işləri aparılıb. Əkilmiş ağaclar arasında ərazinin təbii xüsusiyyətlərinə uyğun olan bitkilərə -küknar, şam, çinar, kiparis, zeytun, meyvə ağaclarına eləcə də qızılgül və dekorativ gül kollarına üstünlük verilib.
R. Abdullayev ölkənin ekoloji durumunun daha da yaxşılaşdırılması istiqamətində görülən bu genişmiqyaslı ağacəkmə aksiyasını Azərbaycanda ətraf mühitin qorunması işinə neftçilərin verdiyi ən böyük töhfələrdən biri kimi dəyərləndirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB