TQDK: “Sabah keçiriləcək sınaq imtahanında 31468 abituriyent öz biliyini yoxlayacaq”

TQDK: “Sabah keçiriləcək sınaq imtahanında 31468 abituriyent öz biliyini yoxlayacaq”
Sabahdan başlayaraq Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) abituriyentlərin qəbul imtahanlarına səmərəli hazırlaşmalarına kömək məqsədilə növbəti sınaq imtahanları keçirəcək. TQDK-nın mətbuat katibi Elnur Nağızadənin SİA-ya verdiyi xəbərə görə, aprelin 3-də təşkil olunacaq ilk sınaq imtahanı respublikanın 13 şəhərində və Naxçıvan Muxtar Respublikasının rayonlarında baş tutacaq. O bildirib ki, imtahan Bakı, Naxçıvan, Sumqayıt, Gəncə, Qazax, Ağstafa, Mingəçevir, Yevlax, Ağcabədi, Göyçay, Şirvan, Lənkəran və Quba şəhərlərində, həmçinin Naxçıvan Muxtar Respublikasının Babək, Ordubad, Culfa, Şərur və Şahbuz rayonlarında ümumilikdə 35 binada baş tutacaq.

O bildirib ki, sınaq imtahanında iştirak etmək üçün 31468 abituriyent qeydiyyatdan keçib: "İmtahan binalarına buraxılış yalnız abituriyentin özünün şəxsiyyət vəsiqəsi və imtahana buraxılış vərəqəsi əsasında həyata keçiriləcək. Başqasının şəxsiyyət vəsiqəsi ilə yazılan abituriyentlər imtahan binasına buraxılmayacaqlar. Bundan əlavə, imtahana mobil telefon, kalkulyator və digər köməkçi vasitələrin gətirilməsi qadağandır. Bu imtahanlar abituriyentlərə biliklərini yoxlamağa, ümumi hazırlıq səviyyələrini müəyyən etməyə, tədris materiallarının qavranılmasında güclü və zəif tərəflərini üzə çıxarmağa kömək edəcək".

E.Nağızadə bildirib ki, növbəti sınaq imtahanı aprelin 10-da keçiriləcək və hazırda həmin imtahana yazılış davam edir. Sınaq imtahanlarının növbəti həftələrdə də keçirilməsinin nəzərdə tutulduğunu deyən mətbuat katibinin sözlərinə görə, bu imtahanların tarixi, keçiriləcəyi bölgələrin siyahısı müntəzəm olaraq TQDK-nın internet səhifəsində yerləşdiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə