"Qətnamə AŞPA-da böhran yaşandığından xəbər verir" -AÇIQLAMA

"Qətnamə AŞPA-da böhran yaşandığından xəbər verir" -AÇIQLAMA

“Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Azərbaycanla bağlı son vaxtlar qəbul etdiyi qətnamələr bizim ümumilikdə son 15 il ərzində mütəmadi olaraq rastlaşdığımız qərəzli və Azərbaycan reallığına uyğun olmayan yanaşmalardan biridir”. Bunu SİA-ya açıqlamasında "Bakı-Xəbər" qəzetinin Baş redaktoru, siyasi şərhçi Aydın Quliyev deyib.

A.Quliyev bildirib ki, qəbul edilən qətnamə ölkədəki vəziyyətlə bağlı mötəbər mənbələrdən yox, adətən gedən proseslərə qərəzli və öz siyasi maraqları kontekstində yanaşan mənbələrdən götürülmüş məlumatlar əsasındadır. “Əslində bundan belə qənaətə gəlmək olar ki, bütün hallarda AŞPA-nın Azərbaycanla bağlı qəbul etdiyi sənədlər siyasi xarakterlidir və reallığa əks etdirmir. Ölkəmizdəki vəziyyətin beynəlxalq aləmə obyektiv şəkildə çıxarılmasında maraqlı olmayan dairələrdən alınan informasiyalar əsasında formalaşdırılıb. Məqsəd isə Azərbaycanın beynəlxalq manevr imkanlarını məhdudlaşdırmaq və ölkəmizin imicinə ləkə gətiməkdən ibarətdir”.

Siyasi şərhçi qeyd edib ki, Azərbaycanda artıq çoxdan qapanmış hesab olunan siyasi məhbuslarla, guya medianın təqib olunması ilə bağlı qəbul etdiyi sənədlər və müzakirəyə çıxardığı hesabatlar hər zaman Azərbaycanın dünya miqyasında müəyyən pozitiv hərəkətlərin və irəliləyişlərin olduğu dövlərə təsadüf edib. “Yəni meydana çıxan bu tənqidi hesabatlar, qətnamələr heç də təsadüfi deyil və ölkəmizin dünya dövlətləri arasında mövqeyində müəyyən güclənmə hallarının yaraması ilə əlaqədardır. Bir neçə ay əvvəl Avropa Parlamentinin Azərbaycanın dünya miqyasında tanınmış sərhədlər çərçivəsində ərazi bütövlüyünü dəstəkləyən sənəd qəbul etməsi, habelə Cenevredə Azərbaycan və Ermənistan XİN nazirlərinin demək olar ki, məzmunlu və substantiv əsaslarda danışıqlara başlaması və bu danışıqları pozmaq üçün Ermənistanın Baş naziri səviyyəsində apardığı mübarizələrin uğursuzluğa düçar olması, Azərbaycan diplomatiyasının nəaliyyətləri hesab olunmalıdır. Təsəvvür edin bu cür nəaliyyətlər əldə etdiyimiz vaxtda və belə nəaliyyətlərin olacağı şübhə doğurmayan bir ərəfədə Avropa Şurasının Parlament Assambleyası Azərbaycanla bağlı bu cür qətnamə qəbul edib. Deməli burada görünən və Azərbaycana arzu olunmaz bir dövlət kimi baxan qüvvələrin rolu var”.

A.Quliyev vurğulayıb ki, AŞPA-da bir həqiqəti qəbul etməlidirlər ki, bu gün Azərbaycan Türkiyə ilə birgə Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində müstəsna dərəcədə vacib və əvəzolunmaz rol oynayan bir ölkədir. “Ölkənin inkişafı elə bir səviyyəyə çatıb ki, Azərbaycanın Avropa Şurasına lazım olması, Avropa Şurasının Azərbaycana lazım olmasından daha ağır çəkiyə malikdir. Rusiyanın da təcrübəsi göstərib ki, elə əhəmiyyətli ölkələrin incidilməsi, Avropa Şurası məkanında qərəzli taktikanın hədəfinə çevrilməsi sonda AŞPA-nın özünə ziyan vurub və Rusiyanın çıxarıldıqdan sonra yenidən qaytarılması üçün aparılan mübarizə əslində Avropa Şurasının taleyinin bir qrup qərəzli mərkəzlərin və qüvvələrin əlində olduğunu sübut edib. Həm də Azərbaycan nümunəsi ilə sübut olunub ki, AŞPA-nın taleyi, bu təşkilatın beynəlxalq nüfuzu haqqında düşünən, narahat olan qüvvələrin yox, düşən fürsətdən istifadə edərək Azərbaycan, Türkiyə kimi ölkələrdən qisas almaq istəyən qüvvələrin əlindədir. Bu da öz növbəsində çox pis haldır. Əslində Azərbaycanla bağlı qəbul olunmuş bu qətnamə dünyada AŞPA-nın bir təşkilat olaraq böhran prosesini dərinləşdirir”.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə