Avropa Şurasında deqradasiya prosesi gedir

Prezident İlham Əliyev: "Azərbaycan istənilən vaxtı bu qurumdan çıxa bilər"

Bu günlərdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Xarici İşlər naziri Mövlud Çavuşoğlunun başçılıq etdiyi nümayəndə heyətini qəbul ededərkən çıxışında Avropa Şurasını sərt tənqid etmişdir.

Prezident İlham Əliyev Avropa Şurasında illərdən bəri deqradasiya prosesi getdiyini bildirib: "Bu təşkilat beynəlxalq müstəvidə öz əhəmiyyətini itirməkdədir. Təşkilat dünyada gedən proseslərə heç bir təsir etmək gücündə deyil. Təşkilatın nüfuzu çox aşağı düşüb və bunun yəqin ki, başlıca səbəbi təşkilatda hökm sürən riyakarlıq, ikili standartlar və ədalətsizlikdir".

Dövlət başçısı 20 il ərzində Azərbaycan xalqı haqqında yalanlar udurduğuna görə AŞPA-ya olan inamının itdiyini qeyd edib: "Sözün düzü, Azərbaycan xalqı bu təşkilata olan ümidlərini çoxdandır ki, itirib. Çünki təxminən 20 il ərzində müxtəlif dövrlərdə siyasi sifarişi icra edərkən Azərbaycan hədəf seçilibdir, bizim haqqımızda olmayan yalanlar uydurulur, yayılır. Azərbaycan sanki geridə qalmış bir ölkə kimi təqdim edilir, Azərbaycanda gedən müsbət proseslər qeydə alınmır. Azərbaycanı ancaq qara rənglərlə boyamağa çalışırlar və yenə də əsassız, saxta məlumat əsasında məruzələr dərc olunur və qətnamələr qəbul edilir. Sanki Azərbaycanda siyasi məhbuslar var, sanki Azərbaycanda demokratik prosesə əngəl törədilir. Bütün bunlar hamısı yalandır, Azərbaycanda siyasi məhbus yoxdur, biz bunu yaxşı bilirik. Ancaq o yerlərdə ki, siyasi məhbuslar var, o ölkələr diqqətdən kənarda qalır".

Prezident İlham Əliyev AŞPA-nınnı ikili standartlara söykəndiyini, əslində Azərbaycannın ünvanına dediyi ualan informasiyaların həqiqətən də Ermənistanda baş verdiyini bildirmirlər: "Mən Ermənistanı misal gətirə bilərəm. Ermənistanın keçmiş prezidenti bir ildən çoxdur ki, həbs olunub, o prezident fəal siyasətlə məşğul olmaq haqqında öz sözünü deyəndən sonra həbs olunub və bir ildən çoxdur ki, həbsxanada saxlanılır. İki il bundan əvvəl Ermənistana rəhbərlik edən prezident də indi istintaq altındadır. Onun haqqında cinayət işi açılıbdır və mətbuatda yayılan məlumata görə onun işi məhkəməyə verilibdir. Bunun da başlıca səbəbi keçmiş prezidentlərin indiki iqtidarın fəaliyyətini tənqid etmələridir. Ermənistanda jurnalistlər həbs olunur. Mənə verilən məlumata görə, bu yaxınlarda bir media orqanının rəhbəri həbs olunub. Bir neçə ay bundan əvvəl bir jurnalist həbsxanada aclıq aksiyasına başlayaraq aclıqdan vəfat edib. Ancaq bu faktların heç biri Avropa Şurasında qeydə alınmır. Nə üçün? Nə üçün Ermənistana qarşı bir münasibət var, Azərbaycana, Türkiyəyə qarşı başqa münasibət? Biz bu sualın cavabını yaxşı bilirik və bir daha qeyd etmək istəyirəm, yaxşı olardı ki, Avropa Şurası bu məsələlərlə məşğul olsun".

Eyni zamanda, Gürcüstanda sabiq müdafiə naziri İrakli Okuraşvili 2019-cu il iyunun 11-də "Qalib Gürcüstan" siyasi hərəkatını yaradıb, həmin ayın 20-21-də Tbilisidə baş verən hadisələr zamanı kütləvi zorakılığın təşkili, ona rəhbərlik və iştirak etməkdə ittiham olunaraq iyulun 27-də həbs edilib. 2019-cu ildə Gürcüstanın müxalif "Qalib Gürcüstan" siyasi hərəkatının liderlərindən olan Quram Çalaqaşvili həbs edilib, 2017-ci ildə sabiq prezident Mixeil Saakaşviliyə qarşı cinayət işi açılıb və digər faktlar mövcuddur. Və yaxud 2019-cu ilin mayında Ukraynanın Dövlət İstintaq Bürosu sabiq prezident Petro Poroşenkoya qarşı dövlətə xəyanət maddəsi üzrə cinayət işi açıb. Görəsən digər ölkələrdə olan bu və digər çoxsaylı faktlar Avropa Şurasında niyə qeydə alınmır, müzakirəyə çıxarılmır, qətnamələr qəbul olunmur?

Sözsüz ki, bütün bunlara, ikili standartlar, riyakarlıq, qərəz, daimi təhdid siyasətinin yürüdülməsinə görə Azərbaycan artıq nüfuzdan düşmüş və deqradasiyaya uğramaqda olan bu təşkilatın qərarlarına heç bir əhəmiyyət vermir. Və AŞPA-da səslənən qərəzli və uydurma iddiaların heç birini qəbul etmir və heç bir dırnaqarası tələbi icra etmək niyyətində deyil. Çünki Azərbaycan müstəqi dövlətdir, heç kimdən asılı olmayan, xalqın iradəsinə əsaslanan müstəqil siyasət yürüdür, heç vaxt təzyiq və təhdid dilini qəbul etməyib və bundan sonra da öz prinsipial mövqeyində qalacaq.

AŞPA-nın nə üzv dövlətə, nə də özünə hörməti yoxdur!

Göründüyü kimi, AŞPA yalnız Azərbaycanı hədəfə götürür və digər ölkələrdə baş verənləri araşdırmır. Yəni burada qərəzin mövcudluğu göz önündədir. Başqa ölkələri kənara qoyub onların əməllərinə göz yummaq, hüquqda, beynəlxalq qanunvericilikdə olmayan "siyasi məhbus" terminini yalnız bir ölkəyə şamil etmək, digər ölkələrə gəldikdə isə bu terminin yerinə "azadlıqdan məhrum olunmuş insanlar" ifadəsini işlətmək məhz bu təşkilatın qeyri-ciddiliyini sərgiləməkdədir. Özü də seçkiərəfəsi AŞPA-nın "siyasi məhbus" hoqqabazlığı və radikal müxalifətin indi də bu hoqqabazlıqlarını seçki oyunbazlıqlarının gözünə qatmaq istəyi... Məqsəd bəllidir...Məqsəd, Azərbaycandakı cüzi problemləri süni şəkildə böyütmək, regionun digər dövlətlərində olan böyük problemləri isə cüzi məsələ kimi qələmə verməkdir.

Dövlət başçısı bu gün bu təşkilatın heç bir nüfuza malik olmadığını və qəbul etdikləri qərarların da tamamilə əhəmiyyətsiz olduğunu da deyib: "Azərbaycanla bağlı qəbul edilmiş son qətnamə bizim üçün heç bir əhəmiyyət kəsb etmir və bu qətnamənin bizim üçün dəyəri bir kağız parçasından artıq deyil. Orada səslənən uydurma ittihamların heç birini biz qəbul etmirik və onların heç bir dırnaqarası tələbini icra etməyəcəyik. Bizim işimiz isə haqq işidir. Türkiyə bu gün dünya miqyasında güc mərkəzidir və biz buna çox sevinirik. Türkiyənin bütün uğurları bizim üçün də çox əhəmiyyətlidir, bizə ruh verir. Biz birlikdə böyük işlər görmüşük və həmişə haqqın, ədalətin yanında olmuşuq. Əminəm ki, bundan sonra da belə olacaq. Heç bir kənar qüvvə nə Türkiyəyə, nə Azərbaycana təsir edə bilməz".

Məntiq tükənən yerdə böhtan başlayır...

Bu həqiqətən də belədir: məntiq tükənən yerdə AŞPA-nın sevimli məşğuliyyətinə çevrilən böhtan və uydurmalırı başlayır. Və Azərbaycan Prezidentinin dediyi kimi, Aərbaycanla bağlı qəbul edilmiş qətnamələr heç bir əhəmiyyət kəsb etmir və bu qətnamənin dəyəri bir kağız parçasından artıq deyil: "Orada səslənən uydurma ittihamların heç birini biz qəbul etmirik və onların heç bir dırnaqarası tələbini icra etməyəcəyik!"

Artıq izaha ehtiyac yoxdur. Bu, həqiqətən AŞPA üçün çox ciddi ittihamdır və qurum onu həzm etməyə hazırdırmı?

RƏFİQƏ KAMALQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə