Vaşinqton görüşü regionun siyasi mənzərəsini dəyişir TƏHLİL

Avqustun 8-də Vaşinqtonda ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında baş tutan yüksək səviyyəli görüş və imzalanan sənədlər bəzi xarici dövlətləri ciddi narahat edib. Nədən ki, onlar daim bölgədə müharibələrin, münaqişələrin olmasını arzu edib və bunun üçün müxtəlif təxribatçı qüvvələrə siyasi, maliyyə yardımları göstəriblər. Əlaltılarının verilən tapşırıqları yerinə yetirə bilmədiyini gördükdə özləri hay-küy qaldırıb, iç üzlərini nümayiş etdiriblər. Vaşinqton görüşünün keçirildiyi ərəfədə Rusiyanın Ukraynanın Odessa şəhərində yerləşən SOCAR-a məxsus neft terminalını dronlarla vurması rəsmi Moskvanın Vaşinqtonda Azərbaycanla Ermənistan arasında sülh razılaşmasından ciddi narahat olduğunu göstərir. İyrənc vasitəyə al atması çox ağır xəstəliyə yoluxduğunu bir daha nümayiş etdirdi. Neft terminalını hədəf seçməklə sülhə qarşı olduğunu da göstərdi. Qonşuluğumuzda yerləşən fars –molla rejimi də Rusiyadan heç nə ilə geri qalmayan mövqe sərgilədi. Əgər Rusiya neft terminalımızı hədəf seçdisə fars-molla rejimi Zəngəzur dəhlizinin açılmasına imkan verməyəcəklərini bəyan etdi. Baş mollanın sözçüsü rolunda çıxış edən keçmiş xarici işlər naziri Əli Əkbər Vilayəti bəyan etdi ki, onlar Zəngəzur dəhlizinin reallaşmaması üçün ya Rusiya ilə, ya da Rusiyasız mübarizə aparacaqlar. Onun sayıqlamasına görə, guya Zəngəzur dəhlizi ticarət marşrutu deyil, İrana (fars-molla rejimi nəzərdə tutulur-İ.Ə.) və digər qonşu ölkələrə qarşı hazırlanan "siyasi qəsd planıdır". Əli Əkbər Vilayəti bir qədər də dərinə burnunu soxaraq sərsəm fikirlər səsləndirib. Bildirib ki, Zəngəzur dəhlizi Ermənistanın parçalanmasına gətirib çıxaracaq. Birincisi, bu məxluq anlamalıdır ki, "Tramp marşrutu" (Zəngəzur dəhlizi) necə və hansı formada açılacağını yalnız Azərbaycan, daha sonra isə Ermənistan müəyyənləşdirə bilər. İkincisi, dəhlizin açılması ilə Ermənistanın parçalanacağını iddia etmək, xəstə təfəkkürün məhsulu ola bilər. Çünki əgər Azərbaycan tarixi torpaqlarına sahib olmaq istəsəydi, bunu 44 günlük Vətən Müharibəsi dövründə həyata keçirib, istədiyinə nail olardı. Bu zaman heç bir qüvvə Azərbaycana mane ola bilməzdi. Lakin Azərbaycan beynəlxalq hüquqa hörmət edərək Ermənistanın BMT tərəfindən tanınan ərazilərindəki Qərbi Azərbaycanı azad etmədi. Buna görə dünyanın əksər tanınmış siyasətçiləri, politoloqları, eləcə də erməni lobbi təşkilat rəhbərləri Azərbaycana minnətdarlıq edən fikirlər səsləndiriblər. Bununla yanaşı, Vaşinqtonda baş tutan yüksək səviyyəli görüşdə və imzalanan Birgə Bəyannamədə "Tramp marşrutu"nun (Zəngəzur dəhlizi) Ermənistanın suverenliyinə xələl gətirməyəcəyi qeyd olunub. Bundan sonra fars-molla rejiminin şivən qoparması yalnız və yalnız onların ağır və üzücü xəstəliyə mübtəla olduqlarının göstəricisi sayıla bilər.

İsrail fars-molla rejiminin axırına çıxacaq

Müsbət haldır ki, prezident Pezeşkian baş molladan və onun ətrafında olan məxluqlardan fərli olaraq daha praqmativ, daha ağıllı və sağlam siyasət yürüdür. Təbii ki, bu cür sağlam mövqeyinə görə də, Vilayəti kimi danışanda inilti səsi çıxaranlara tərəfindən ittihamlara, hətta təhqirlərə məruz qalır. Buna baxmayaq Məsud Pezeşkian siyasi mövqeyini dəyişməyir. Pezeşkian jurnalistlərə açıqlamasında bildirib ki, o Zəngəzur dəhlizinin əleyhinə deyil. Onun sözlərinə görə, "Tramp marşrutu"nun (Zəngəzur dəhlizi) açılması prosesində onların maraqları nəzərə alınıb: "Zəngəzur dəhlizi məsələsində bizim istəklərimiz yerinə yetirilib. Bu dəhliz mövcud sərhədləri qoruyur. Yol sadəcə nəqliyyat əlaqəsini təmin edir. İranın Avropaya və Şimala tranzitinə mane olmur. Yeganə narahatlıq tikintidə yalnız Amerika Birləşmiş Ştatları və Ermənistana məxsus şirkətlərin iştirak etməsidir".

Fars-molla rejiminin ərazisindəki mətbuatda dərc olunan məqalələrə və tv-lərdə yayımlanan verilişlərə diqqət edilsə məlum olur ki, M.Pezeşkianın məntiqli və əsaslı mövqeyi baş mollanın kabinetində ciddi narahatlıq yaradıb. Bu səbəbdən də M.Pezeşkianı Azərbaycana qarşı isti, doğma münasibət sərgiləməkdə günahlandırılır. Qısaca deyilsə, xəyanətdə ittiham edirlər. Məlumatlara görə, fars-molla rejiminin xarici işlər naziri Abbas Araqçı Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla Vaşinqtonda əldə olunan razılaşma ətrafında telefon danışığı aparıb, ölkəsinin narahatlığını bildirdikdən sonra, hədələrə keçib. Bildirib ki, onlar ABŞ-ın dəstəyi ilə dəhlizin açılmasına imkan verməyəcəklər. A.Mirzoyan isə hədələrə cavab vermək iqtidarında olmayıb, sadəcə qeyd edib ki, avqustun 12-dən 20-ə qədər ABŞ-Ermənistan birgə hərbi təlimlərində iştirak edən ABŞ əsgərləri Tehrana tutarlı cavab vermək gücünə malikdirlər. Bundan sonra A.Araqçı susub və telefon danışığını qapayıb.

Söz yox ki, fars-molla rejimi və ya Rusiya Zəngəzur dəhlizinə mane olmağa çalışsalar sərt şəkildə cəzalanacaqlar. Artıq Vaşinqtondan bununla bağlı müəyyən siyasi nöqtələrə siqnallar da göndərilir. ABŞ Dövlət Departamentinin sözçüsü Temmi Bryus fars-molla rejiminin və ya Rusiyanın "Tramp marşrutu"na (Zəngəzur dəhlizi) mane olmağa çalışsalar, ABŞ-ın hansı addımları atacağı ilə bağlı sualı cavablandırıb: "Mən müəyyən hərəkətlərlə bağlı nə edə biləcəyimiz və ya edə bilməyəcəyimiz barədə spekulyasiya etmək fikrində deyiləm. Bütün dünya bilir ki, Prezident Trampı ciddi qəbul etmək lazımdır. Bu razılaşma onun üçün vacibdir".

Temmi Bryus həmçinin əlavə edib ki, Avropa İttifaqı, Fransa, Rusiya və Baydenin dövründə olan ABŞ Ermənistan və Azərbaycan arasında sülhə cəhd ediblər, lakin buna yalnız Tramp nail olub. Dövlət Departamentinin rəsmi nümayəndəsi bəyan edib ki, Azərbaycan və Ermənistan ABŞ ilə iqtisadi sazişlər imzalayıb ki, bu da ABŞ biznesi üçün yeni imkanlar açır.

Bu arada verilən məlumatlara görə, İsrail fars-molla rejimini cəzalandırmaq üçün geniş əməliyyatlara hazırlaşır. İsrailin baş naziri Netanyahunun "X" sosial şəbəkəsi vasitəsi ilə fars-molla rejiminin ərazisində yaşayan əhaliyə bununla bağlı müraciət etməsi də rəsmi Təl-Əvivin mollaları cəzalandırmaq fikrində ciddi olduğunu göstərir. Hətta siyasi şərhçilər bildirirlər ki, avqustun sonunda İsrail yenidən fars-molla rejimini tamamilə məhv etmək üçün əməliyyatlara başlayacaq. Siyasi şərhçilər o fikri də vurğulayırlar ki, İsrail növbəti əməliyyatlarını fars-molla rejimini tam şəkildə məhv etməyincə dayandırmayacaq. Ola bilsin ki, Avropa və ABŞ qüvvələri də İsrailə hərbi qüvvə baxımından yardımçı olsunlar.

Fars-molla rejimi üzləşə biləcəyi ağır vəziyyəti düşünüb, ondan çıxış yollar axtarmaq əvəzinə Zəngəzur dəhlizinin açılması ilə Ermənistanın parçalana biləciyi qorxusunu dilə gərib, bu barədə xaricdəki və Ermənistandakı erməniləri xəbərdar edir. Halbuki, İsrailin növbəti hücumu ilə nəinki, fars-molla rejiminin parçalanması, hətta əbədi olaraq tarixin zibilliyinə atılması problemi var. O faktdır ki, fars-molla rejimi bütün dövrlərdə ermənilərə hərbi-siyasi dəstəyini nümayiş etdirib. Xüsusilə də Azərbaycanına qarşı siyasətinin həyata keçirilməsində fars molla rejimi və erməni terrorçuları eyni mövqedən çıxış ediblər. Məhz bu kimi birliyin nəticəsi olaraq Azərbaycanın dilbər guşələri işğal edilərək, viran olunub. Talançılıqda və məhvetmə siyasətində də bu iki terror dövləti birgə iştirak ediblər.

Azərbaycan dünyanın ən sabit və sakit dövlətlərindəndir

Xatırlatmaq lazımdır ki, Şuşa işğal olunanda Azərbaycan Respublikasının Milli Məclisinin sədri, eləcə də prezident səlahiyyətlərini icra edən Yaqub Məmmədov Tehranda idi. Orada Ermənistan prezidenti Ter-Petrosyanla cəbhədə atəşkəsə nail olunması ilə bağlı müqavilə imzalayırdı. Belə məqamda Şuşa işğal olundu. Bu, nə deməkdir? Yəni fars-molla rejimi Yaqub Məmmədovu aldadaraq Tehrana apardı, ermənilər də asanlıqla Şuşanı işğal etdilər. 20 noyabr 1991-ci ildə Qarakənd səmasında Azərbaycanın yüksək dövlət rəsmilərinin olduğu vertolyotun vurulmasında da fars–molla rejiminin əli vardı. Sübut olunub ki, bu hadisəni törədən 17 nəfərdən biri əmmaməli mollaların əməkdaşı olub. Həmin terror aktını törədən şəxslər fars-molla rejiminin nəzarət etdikləri torpaqlara maneəsiz keçib. 30 illik işğal dövründə də molla rejimi işğalçı Ermənistanı bu və ya digər formada dəstəkləyir. Hər gün ermənilər heç bir viza, şərt tələb olunmadan Xudafərin körpüsü vasitəsi ilə fars-molla rejimin ərazilərinə gedib gəlirdilər. Bu, həm də onu göstərir ki, fars-molla rejimi burada Rusiyanın maraqlarını təmsil edirdi. O zaman sərhəd olmadığından fars-molla rejimi Ermənistana silah sursat göndərirdi. Narkotikanın əkilib becərilməsi və onun Asiya və Avropaya daşınmasında da işağal edilən torpaqlar əsas gəlirli sahə hesab edilirdi. Yada salmaq lazımdır ki, torpaqlarımız işğaldan azad edildikdən sonra Xocavənd, Ağdərə və Xocalı istiqamətində yüzlərlə hektar sahələrdə narkotik sahələri aşkarlanmışdır. Şübhəsiz ki, həmin narkotika fars-molla rejimi və Ermənistanın xunta rejimi burgə əkib, becərmişlər.

Vaşinqtonda baş tutan yüksək səviyyəli görüş və imzalanan sənədlər Azərbaycanın mövqeyini dünya siyasətində daha da möhkəmləntdi. Bu da fars-molla rejimini və Rusiyanı, eləcə də digər lazımsız qüvvələri ciddi narahat edib. Həm də onlar Azərbaycanın regionun lider dövlətinə çevrilməsindən də narahat olublar. Onlar bundan da qısqanırlar ki, Azərbaycan sabit, sakit dövlətdir. Azərbaycanda milli birlik, mövcuddur. Xüsusi ilə də 44 günlük Vətən müharibəsində Azərbaycanın 30 il işal altında olmuş torpaqlarını erməni terrorçularından təmizləyib, ərazi bütövlüyünün və suverenliyini təmin etməsi fars-molla rejimini ciddi şəkildə başağrısı yaradıb. Ona görə də əmmaməli mollalar ardıcıl olaraq Azərbaycana qarşı separatçılara xas təxribatçı açıqlamalar verir, fikirlər səsləndirirlər. Ancaq Azərbaycanda tez-tez səslənən el məsəli var: "İt hürər karvan keçər".

İLHAM ƏLİYEV

Bütün xəbərlər Facebook səhifəmizdə