Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Şağan Reabilitasiya Pansionatında müharibə ilə əlaqədar əlilliyi olan daha bir qrup şəxslə görüş təşkil edilib.
SİA AZƏRTAC-a istinadən xəbər verir ki, Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, görüşdə agentliyin İdarə Heyəti sədrinin müavini Vüqar Məmmədov son illər ölkəmizdə əlillik və reabilitasiya sahəsində aparılan islahatlar barədə məlumat verib. O, ölkəmizdə reabilitasiya infrastrukturunun müasirləşdirilməsi sahəsində görülmüş işləri və qabaqcıl dünya təcrübəsi əsasında tətbiq edilən alternativ reabilitasiya üsullarını diqqətə çatdırıb.
Qeyd olunub ki, möhtəşəm Zəfərimizlə yekunlaşan Vətən müharibəsindən sonra agentliyin reabilitasiya mərkəzlərində 3 min 600 nəfər müharibə iştirakçısı, habelə onların ailə üzvləri və şəhid ailəsi üzvləri reabilitasiya və sosial-psixoloji xidmətlərlə təmin edilib. Peşəkar həkim komandasının səyləri, müasir və effektiv reabilitasiya üsullarının tətbiqi hesabına onların böyük hissəsi artıq əvvəlki sağlamlıqlarına qovuşaraq əlilliklərini geridə qoyublar. İndi həmin müharibə iştirakçılarının böyük bir qismi istər dövlət, istərsə də özəl sektorda müxtəlif vəzifələrdə çalışırlar.
Nazirliyin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Məşğulluq imkanlarının qiymətləndirilməsi departamentinin müdiri Vüqar Əliyev şəhid ailəsi üzvləri və müharibə iştirakçısı olan şəxslərin məşğulluğunun təminatı sahəsində aparılan işləri qeyd edib.
Postmüharibə dövründə Agentlik tərəfindən həmin kateqoriyalardan olan 27 min şəxsin məşğulluğunun təmin edildiyi, o cümlədən 12,9 min şəxs üçün özünüməşğulluq proqramı çərçivəsində kiçik bizneslərin qurulduğu bildirilib. Habelə döyüşlərdə yaralanaraq əzalarını itirmiş 493 hərbçinin 610 ədəd yüksək texnologiyalı, son nəsil protezlə təmin edildiyi vurğulanıb.
Müharibə iştirakçıları ölkəmizdə qurulan müasir reabilitasiya sistemi, müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin reabilitasiya xidmətləri və vasitələri, xüsusilə son nəsil protezlərlə təminatı sahəsində aparılan işlər, eləcə də məşğulluq tədbirləri ilə bağlı razılıqlarını ifadə ediblər.
Görüşdə əlillik və reabilitasiya sahəsində aparılan islahatlara, müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin səmərəli reabilitasiya xidmətləri ilə təminatı sahəsində görülən işlərə dair fikir mübadiləsi aparılıb, rəy və təkliflər dinlənilib.
Bütün xəbərlər Facebook səhifəmizdə