Və ya gülünc iddialar, istehza doğuran cəhdlər...
Parlament seçkilərinə sayılı günlərin qalması təbliğat prosesinin son günlərində namizədlərin daha çox aktivliyi ilə də müşahidə olunmaqdadır. Təbii ki, hər bir namizəd qalib olmaq arzusundadır və bu da reallıqdır ki, əgər seçkiöncəsi prosesə, şəffaflığa inam olmasaydı, bu qədər çox vətəndaş parlamentə düşmək üçün özünü sınamaq qərarına gəlməzdi. Lakin...
Lakin elə namizədlər də var ki, onların seçki ərəfəsində müxtəlif gülünc iddialar səsləndirib, zəifliklərini ört-basdır etmək cəhdləri elə ictimai rəy tərəfindən nə anlaşılmır. Daha doğrusu, destruktivlikləri, daim özlərini xalqdan təcrid edib, xarici dairələri üstün tutmaları ilə yadda qalan müxalifətyönlü şəxslər hətta təbii hadisələri belə nədənsə hakimiyyətin üzərinə yıxmağa cəhdlər göstərirlər. Əlbəttə, belə cəhdlər onların onsuz da olmayan, ya da az olan reputasiyalarına daha çox mənfi təsirlər göstərir, seçiciləri qarşısındakı nüfuzlarını daha aşağı salır.
Bəxtiyar Hacıyev kimi siyasi oyunbazlığa meylli olan namizədlər dərhal başlarını tutub, haray qaldırdılar ki...
Bu dəfə söhbət müxalifətyönlü cinahı təmsil edən Bəxtiyar Hacıyevdən gedir. Məsələ ondadır ki, bir neçə gün öncə Bakıda əsən güclü külək lövhələrə yapışdırılmış bəzi plakatları qoparıb. Məhz həmin anda B.Hacıyev kimi siyasi oyunbazlığa meylli olan namizədlər dərhal başlarını tutub, haray qaldırdılar ki, onların plakatları guya ki, məqsədli şəkildə qoparılıb. Ancaq etiraf etmirlər, ya da tərəfdarlarını ittiham etmirlər ki, onlar plakatlarına vurduqları yapışdırıcıları qənaətcilliklə işlədiblər. Nəticədə güclü külək nəinki onların, eləcə də, müxalifət partiyalarından olanların, bitərəflərin, ya da hakimiyyətdən olan namizədlərin də şəkillərini qoparıb. Yəni bu, təbii bir hadisədir və burada B.Hacıyevin hakimiyyəti günahlandırması cəhdi sadəcə gülünc təsir bağışlayır.
BŞBPİ-dən rəsmi açıqlama: “Seçki lövhələrindən plakatların qoparılmasında şəxsi müdaxilə faktı aşkarlanmayıb, plakatın küləyin təsirindən qopması müəyyən olunub”
Bu arada, B.Hacıyevin iddiasına, yəni təbliğat-təşviqat lövhələrindən plakatlarının məqsədli olaraq qoparılması ilə bağlı dediklərinə Bakı şəhər Baş Polis İdarəsinin (BŞBPİ) Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev münasibət bildirib. Belə ki, onun sözlərinə görə, müraciətlə əlaqədar “Təhlükəsiz şəhər” kameralarının arxiv görüntülərinə baxış keçirilib.
"Baxış zamanı seçki lövhələrindən plakatların qoparılmasında şəxsi müdaxilə faktı aşkarlanmayıb, plakatın küləyin təsirindən qopması müəyyən olunub. Təbliğat və təşviqat prosesində polis üzərində düşən vəzifələrin icrasını yüksək peşəkarlıqla davam etdirir, daxil olunan bütün müraciətlərə diqqətlə yanaşır", deyə polis mayoru bildirib.
Maraqlıdır, görəsən B.Hacıyev təqdim edilən fakta görə ən azından utanıbmı, ya da özünü pis vəziyyətə qoymasının fərqinə varıbmı? Yəqin ki, rəsmi məlumatdan sonra o indi də Bakı küləyini ittiham edəcək. Amma bununla özünü da rüsvay edəcək, necə ki, etməyə başlayıb.
Rövşən RƏSULOV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB