"Qarabağ danışıqlarında irəliləyiş yoxdur, amma ATƏT-in Minsk qrupu nədənsə, nazirləri görüşdürməyə qərar verib". Bunu SİA-ya açıqlamasında politoloq Elxan Şahinoğlu deyib.
Onun sözlərinə görə, əgər Ermənistanın mövqeyində dəyişiklik yoxdursa, bu görüş nəyə xidmət edirdi, məndə suallar yaratdı: "Yeganə ağlıma gələn o oldu ki, yəqin həmsədrlər qorxurlar ki, əgər danışıqlarda irəliləyiş yoxdursa, cəbhə bölgəsində vəziyyət hər an gərginləşə bilər. Ona görə də gərginlik olmaması üçün ara-sıra nazirləri görüşdürürlər ki, sanki bir az yumşalma olsun. Səhv etmirəmsə nazirlər arasında danışıqlar 7 saatdan çox davam edib. Bu qədər vaxt sürən danışıqlarda əslində detallı müzakirələr getməlidir. Əgər mövqelər 180 dərəcə biri-birindən fərqlənirsə, görüş tez bir zamanda yekunlaşmalı idi. Amma göründüyü kimi, görüş 7 saat davam edib. Bu müddətdə hansı detallar müzakirə olunub, onu söyləmək çətindir. Çünki hələ nazirlərin heç birinin açıqlaması yoxdur. Düşünmürəm ki, Minsk Qrupunun yeni bir planı var. Ötən 25 ildə münaqişənin həlli ilə bağlı mümkün bütün planlar ortaya qoyulub və yeni nəsə ixtira etmək mümkün deyil Hamı da bilir ki, bu münaqişə mərhələli həll planı ilə nizamlana bilər. Dünyadakı heç bir münaqişə dərhal həll olunmur. Yəni, ilk növbədə Dağlıq Qarabağın ətrafındakı rayonlar boşaldılmalıdır, azərbaycanlılar geri qayıtmalıdır. Sonra digər məsələlər həll olunmalıdır. Hətta Paşinyan da bunu etiraf etdi. O son müsahibələrində çağırış etdi ki, keçmiş hakimiyyət dövründə gündəmdə olan Azərbaycana 7 rayonun qaytarılması ilə bağlı müzakirələrdə iştirak edək. Paşinyan bu açıqlaması ilə iki məqsəd güdürdü. Birincisi, rəqibi olan "Qarabağ klanı”nı zəiflətmək və cəmiyyətə göstərmək istəyirdi ki, guya bu klan Qarabağı Azərbaycana qaytarmaq istəyir. İkinci hiyləgər məqsədi odur ki, bununla cəmiyyətə mesaj verir ki, masa üzərindəki mərhələli həll planıdır və bundan qaça bilməyəcəyik. Düzdür, o bununla razılaşmır, əksinə deyir ki, "Qarabağ Ermənistandır” və yenə də Qarabağa təxribatçı səfərlər edir. Onun bu açıqlaması göstərir ki, bütün qüsurlarına rəğmən, masadakı mərhələli həll planıdır. Amma nazirlərin görüşünə gəldikdə mərhələli həll planı ilə bağlı müzakirələrin aparıldığını düşünmürəm. Çünki biz mərhələli həll planı deyirik, Ermənistan isə "paket həll varinatı”, status məsələsi, referendum deyir ki, bu da Azərbaycanın maraqlarına cavab vermir. Ermənistanın baş naziri Nikol Paşinyan son müsahibəsində Dağlıq Qarabağ münaqişəsi ilə bağlı maraqlı açıqlama verdi. Paşinyan dedi ki, ondan əvvəlki prezident və baş nazir olan Serj Sərkisyan Azərbaycana 7 rayonu (Füzuli, Ağdam, Zəngilan, Qubadlı, Cəbrayıl, Kəlbəcər və Laçın) qaytarmaqla bağlı danışıqlar aparıb. Ermənistanın baş naziri Nikol Paşinyan keçmiş prezident Serj Sərkisyanın 7 rayonun Azərbaycana geri qaytarmağı müzakirə etdiyini açıqlamasıyla iki məqsəd güdüb. Birinci məqsəd odur ki, Paşinyan guya sirrin üstünü açaraq ermənilərə bəyan edir ki, keçmiş hakimiyyət “Qarabağı satmağa hazırlaşırdı”. Ermənistanın baş naziri bu yolla erməni cəmiyyətinin gözündə əsas rəqibi olan “Qarabağ klanı”nın mövqelərini zəiflətməyə çalışır. Paşinyanın ikinci məqsədi isə, erməni cəmiyyətinə göstərməkdir ki, o Azərbaycan torpaqlarını boşaltmaq variantını qəbul etməsə də, istər-istəməz mərhələli həll planı müzakirə olunur. Paşinyan bu açıqlamanı verdikdən sonra yenə Dağlıq Qarabağa gəldi. Paşinyan Dağlıq Qarabağda hərbçilər üçün tikilən evlərin açılışında iştirak etdi. Paşinyan tez-tez Dağlıq Qarabağa gəlməklə göstərmək istəyir ki, o separatçıların razılığı olmadan Dağlıq Qarabağ ətrafındakı rayonları Azərbaycana qaytarmayacaq. Paşinyanın bu siyasəti bölgədə müharibə risqini artırır. Məsələn, Dağlıq Qarabağın təmsilçiləri deyirlər ki, Azərbaycan müharibəyə hazırlaşır. Bu həqiqətən belədir. Əgər danışıqlarla müsbət nəticə yoxdursa və separatçılar Dağlıq Qarabağ ətrafındakı rayonları Azərbaycana qaytarmaq istəmirlərsə bölgədə müharibə risqi azalmayacaq. Bu arada, ATƏT-in Minsk Qrupu həmsədrlərinin təşəbbüsü ilə Azərbaycanın və Ermənistanın xarici işlər nazirləri İsveçrədə görüşdülər. Həmsədrlərin yeni planı yoxdur. Buna baxmayaraq, xarici işlər nazirlərin budəfəki görüşü fərqli idi. Birincisi, həmsədrlərin vasitəçiliyi ilə görüş iki gün çəkdi. Birinci gün nazirlər arasında danışıqlar 7 saat oldu. İkinci gün danışıqlar 4 saata yaxın çəkdi. İkincisi, həmsədrlər görüşün nəticəsi ilə bağlı bəyanatda danışıqların mahiyyəti ilə bağlı heç nə açıqlamadılar. Bəyanatda sadəcə, xalq diplomatiyasının gücləndirilməsi vacibliyi bildirildi. Buna baxmayaraq, xarici işlər nazirlərinin görüşündən ciddi nəticə çıxdığını söyləmək mümkün deyil. Nazirlər hansısa detalları müzakirə ediblər. Ancaq bu detallar danışıqların nəticəsinə təsir etmir".
Politoloq qeyd edib ki, sülh sazişi imzalamadan xalq diplomatiyası faydalı olmayacaq: "Çünki, xalq diplomatiyası çərçivəsində Azərbaycanın və Ermənistanın ictimai fəalları, jurnalistləri və siyasi ekspertləri illərdir görüşürlər. Nəticə yoxdur. Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov erməni həmkarı ilə keçən ilin dekabr ayında Bratislavada görüşmüşdü. Elmar Məmmədyarov görüşdə nəticə olmadığını bildirmişdi. Dekabr ayından bir ay keçib. Bu müddətdə Ermənistan hakimiyyətinin mövqeyində heç bir dəyişiklik baş verməyib. Ona görə də, nazirlərin İsveçrədəki görüşündə nəticə əldə oluna bilməzdi. Bundan başqa nazirlər İsveçrədə görüşərkən Ermənistanın baş naziri Nikol Paşinyan Dağlıq Qarabağa gəldi, işğal altındakı Kəlbəcərdə oldu. Bu bir daha o deməkdir ki, Nikol Paşinyan Dağlıq Qarabağ ətrafındakı rayonları Azərbaycana qaytarmağı düşünmür. Həmsədrlərin məqsədi bölgədə sakitliyi qorumaqdır. Həmsədrlər xarici işlər nazirlərini mütəmadi görüşdürməklə gərginliyin azalmasına çalışırlar. Ancaq danışıqlar nəticə vermirsə bölgədə gərginlik və sualların sayı azalmayacaq. Bu arada, Fransa prezidenti Emmanuel Makron prezident İlham Əliyevə zəng etdi. Bu zəng diqqəti çəkdi. Fransa ATƏT-in Minsk Qrupunu 3 həmsədr ölkəsində biridir. Emmanuel Makronun Bakıya zənginin məqsədi nə idi? Birincisi, Makron bu zənglə göstərmək istəyib ki, Fransa da Dağlıq Qarabağ münaqişəsinin həlli məqsədilə aparılan danışıqlara maraq göstərir. İkincisi, Makron keçən il Azərbaycana səfər etməli idi. Ancaq bu səfər reallaşmadı. Mümkündür ki, Makron bu il Azərbaycana səfər edəcək və telefon danışığında səfərin tarixini barədə Azərbaycan Prezidentinə məlumat verib".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB