Azərbaycan Ermənistanı regionla bağlı bir çox layihələrdən kənarda saxlamağı bacarıb - AÇIQLAMA
“Ermənistanın Baş naziri Paşinyanın bir neçə gün əvvəl Qafanda verdiyi açıqlamaların kontekstində məsələyə yanaşsaq təbii ki, Ermənistan tərəfi Qarabağ mövzusunda hələ də ciddi güzəştlərə getmək fikrində deyil”. Bunu SİA-ya açıqlamasında politoloq Elşən Manafov deyib.
Siyasi şərhçi bildirib ki, Dağlıq Qarabağ separatçı rejimin özündə prezident seçkilərində kimin prezident seçilməsi danışıqların gedişinə təsir göstərə biləcək əsas faktorlardan biridir. “Danışıqların gedişində bizi qane edə biləcək hər hansı bir razılığın əldə ediləcəyini düşünmürəm. Təbii ki, Paşinyan çalışacaq ki, Dağlıq Qarabağdakı Qarabağ klanının təmsilçisini onun hakimiyyətinin maraqlarına cavab verə biləcək və onun sifarişlərini yerinə yetirə biləcək bir şəxslə əvəz etsin. Buna görə də, Paşinyan Qafanda verdiyi açıqlamalarda məhz Qarabağ klanının, yəni Sarkisyan iqtidarının Qarabağ danışıqlarında Azərbaycan tərəfinə güzəştə gedəcəyi ilə bağlı məsəslələrə toxunub. Eyni zamanda Dağlıq Qarabağda seçkilərə gedən tərəflərə bəyan edib ki, əgər bu şərtlər daxilində tərəflərin təklif etdikləri variantlarla razıdırsa, onda Ermənistan tərəfindən də bu məsələdə heç bir problem olmayacaq və beynəlxalq birlik də bu layihəni dəstəkləyəcək. Bu əslində Paşinyanın mövcud şəraitdə manipulyasiya və ya manevr etməsindən başqa bir şey deyil”.
E.Manafov vurğulayıb ki, əgər Paşinyan seçkilərdə öz nümayəndəsinin seçilməsinə nail olarsa, onda danışıqların gedişində biz razılıqların əldə ediləcəyini düşünməməliyik. “Çünki hazırda Qarabağ klanının Ermənistan cəmiyyətində heç bir ciddi sosial-siyasi nüfuzu yoxdur. Bildiyimiz kimi parlament seçkilərində Paşinyanın Mənim Addımım partiyası 884 min seçici səsi topladığı halda, Sarkisyanın Respublika partiyası 59 minə yaxın seçici səsi toplayıb. Nəticələrdən də məlum olur ki, bu seçkilər Paşinyanın xeyrinə olub. Sadəcə olaraq bu müddət ərzində Paşinyan seçicilərə verdiyi vədləri yerinə yetirə bilmir. Bunun da konkret səbəbləri var. Azərbaycan tərəfi Ermənistanı regionla bağlı bir çox layihələrdən kənarda saxlamağı bacarır. Bu Azərbaycan dövlətinin və iqtidarının uğurlu siyasətinin nəticəsidir. Digər tərəfdən bu amil özü də Ermənistandankı sosial-iqtisadi şəraitə öz təsirini göstərir. Yəni Paşinyan beynəlxalq investorları cəlb edə, lazım olan kreditləri ala bilmir. Ona görə də artıq zaman onun xeyrinə işləmir və Paşinyan da bunu başa düşür. Digər tərəfdən də onun Qərb və Rusiya arasındakı münasibətlərdə manevr etmək faktoru da əsas problemlərdəndir. Bütün bunlardan nəticəyə gəlmək olar ki, yaxın perspektivdə Qarabağ danışıqlarında bizi qane edə biləcək danışıqların aparıla biləcəyini düşünmək olar”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB