"Müxalifət nümayəndələrinin bəyanatlarını heç kim dəstəkləməyəcək” ÖZƏL-MÜNASİBƏT

"Müxalifət nümayəndələrinin bəyanatlarını heç kim dəstəkləməyəcək” ÖZƏL-MÜNASİBƏT

Parlament seçkilərə qatılan bəzi siyasi partiyalar (Müsavat, REAL) və şəxslər təbliğat-təşviqat mərhələsində bir sıra pozuntuların olmasını iddia edirlər. Bu iddialar sırasına bərabərlik prinsipinin pozulması, görüşlərin təşkilində inzibati resurslardan istifadə olunması, seçicilərlə görüşlərə maneçilik törədilməsi, plakatların cırılması, seçicilərin ələ alınması və s. daxildir.

Məsələ ilə bağlı SİA-ya açıqlama verən millət vəkili Aydın Mirzəzadə deyib ki, ümumiyyətlə, seçici pozuntuları radikal müxalifət nümayəndələrinin özləri tərəfindən edilir: "Onlar ya provikasiyaya əl atırlar, ya da görüşlər keçirmək əvəzinə qanun pozuntusuna yol verirlər və s. Onlar bu gün Yeni Azərbaycan Partiyasının nümayəndələrinin bir çox dairələrdə qalib gələcəyini indidən hiss edirlər. Rəy sorğuları da bunu göstərir. YAP-ın namizədlərinin görüşlərinə yüzlərlə insanlar gəlir. Hesab edirəm ki, müxalifət nümayəndələrinin belə qarayaxma kampaniyası seçkidə məğlubiyyətinə indidən haqq qazandırmaq məqsədi daşıyır. Bir qrup müxalifət siyasi təşkilatları seçkiyə ümumiyyətlə qoşulmadılar. Çünki nə imza toplayacaqlarına, nə də insanların dəstəyini qazanacaqlarına heç bir ümidləri yox idi. Qoşulanların da böyük əksəriyyəti təbliğat aparmaq əvəzinə bax bu cür böhtanlar yaymağa üstünlük verirlər. Amma bununla belə seçkiyə qoşulanlar arasında mübarizə və seçici kimin ona daha yaxın olduğunu, kimin real iş gördüyünü əvvəldən hiss edir. Bu baxımdan müxalifət nümayəndələrinin belə bəyanatlarını cəmiyyətdə heç kim dəstəkləməyəcək”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə