Aydın Mirzəzadə: "Otaqdan heç vaxt cəmiyyət arasına çıxmayanların cəmiyyət adından danışması gülüncdür" - MÜNASİBƏT
"Mitinqlər minlərlə insanların bir yerdə toplaşdığı və konkret şuarların ortaya qoyulduğu kütləvi aksiyadır. Amma hesab edirəm ki, onu təşkil edən şəxslər əvvəlki kimi tədbirdə azsaylı insanlarla təmsil olunacaq. O baxımdan bunu mitinq adlandırmaz düzgün olmazdı". Bu sözləri SİA-ya açıqlamasında Yeni Azərbaycan Partiyasının Siyasi Şuranın üzvü, millət vəkili Aydın Mirzəzadə radikal müxalifətin keçirmək istədiyi nümayişlərə münasibət bildirərkən deyib. O, qeyd edib ki, müəyyən tədbir olacaq, lakin bunu mitinq adlandırmaq düzgün deyil: " Doqquz milyonluq ölkəyə rəhbərlik etmək iddiasında olan şəxslərin özlərinin mitinq adlandırdığı tədbirdə təqribən əlli-yüz nəfərin çıxarılması çox utandırcı bir rəqəmdir. Bu sosial bazası olmayan, ölkənin bu günki və sabahkı inkişafına dair hər hansı bir konkret proqramı olmayan, əsasən də otaqdan heç vaxt cəmiyyət arasına çıxmayanların cəmiyyət adından danışması gülüncdür".
Hakim partiya gənclərinin bu gün keçirəcəyi tədbirlə müxalifətin keçirmək istədiyi nümayişlərin fərqini nədə görürsünüz, - sualına cavabında A.Mirzəzadə: "Mən çox istəyərdim ki, bu sual aprelin üçü veriləydi. Biz də YAP gənclərinin keçirdiyi tədbirlə radikal müxalifətin keçirdiyi tədbir arasında çox böyük fərqi görə biləydik. Hakim partiyanın on minlərlə çox fəal və Heydər Əliyev ideyalarına sadiq olan gəncləri var. Onları dövlət quruculuğunda, siyasi mübarizədə görürəm. YAP gənclərinin keçirdiyi tədbir özünün möhtəşəmliyi, dövlətçiliyi, özünün cəmiyyətlə bağlılığı ilə seçiləcəkdir".
Azərbaycan və Türkiyə arasında imzalanmış "Azərbaycan və Türkiyə arasında strateji tərəfdaşlıq və qarşılıqlı yardım haqqında Müqavilə"nin Türkiyə prezidenti tərəfindən təsdiqlənməsinə münasibət bildirən millət vəkili bu sənədin hər iki ölkəyə çox böyük siyasi fayda verəcəyini vurğulayıb. Belə ki, sənəd "Hərbi-siyasi və təhlükəsizlik", "Hərbi və hərbi-texniki əməkdaşlıq", "İqtisadi əməkdaşlıq", "Humanitar" məsələlər, "Ümumi və yekun müddəalar"dan ibarətdir. On illik müddəti əhatə edən müqaviləyə əsasən, dövlətlərdən biri üçüncü dövlət və ya bir qrup dövlət tərəfindən silahlı basqın və ya hərbi təcavüzə məruz qaldıqda, tərəflər BMT Nizamnaməsinin 51-ci maddəsi ilə tanınan fərdi və ya kollektiv özünümüdafiə hüququnun həyata keçirilməsi üçün hərbi imkan və qüdrətlərindən istifadə etmək də daxil olmaqla bir-birinə qarşılıqlı yardım göstərəcək: "Bu sənədlə iki dövlət bir-biri arasında olan yüksək dostluq və tərəfdaşlıq münasibətlərini artıq rəsmiləşdirdilər. Bu münasibətlər daha intensiv, daha fəal əlaqələrin daha sıx münasibətdə qurulması olacaq. Bu gün Türkiyə və Azərbaycan eyni dəyərlər üzərində qurulub, eyni məqsədlər üçün vuruşur. Eyni zamanda bir xalqın iki dövləti olaraq dünyada öz layiqli yerini tutmağa çalışan ölkələrdir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB