31 Mart - erməni vandalizminin nümayişi gündür

31 Mart - erməni vandalizminin nümayişi gündür
Erməni şovinist millətçilərinin azərbaycanlılara qarşı soyqırımı siyasətinin iki yüz ildən artıq bir tarixi var. Ermənilər tarixin bütün dövrlərində "Böyük Ermənistan" dövlətinin xülyası ilə yaşayıb və XIX əsrdən bu niyyətlərini reallaşdırmaq üçün böyük soyqırımlar törətməyə başklayıblar. Torpaqlarımızın bölünməsinin başlanğıcı olan Türkmənçay və Gülüstan müqavilələrindən sonra ermənilərin kütləvi şəkildə tarixi torpaqlarımızda məskunlaşdırılması, ardınca isə bu qaniçənlərin torpaqlarımızı qarış-qarış işğal etməsi bu məkrli soyqırımı siyasətinin tərkib hissələridir.
1905-1907, 1918 və 1920-ci illərdə Azərbaycanın müxtəlif bölgələrində, 1915-ci ildə isə Türkiyənin bir çox əyalətlərində ermənilər tərəfindən kütləvi şəkildə həyata keçirilən qətliamlar, onların çirkin və məkrli niyyətlərini reallaşdırmaq üçün türklərə qarşı başladıqları soyqırımı siyasətinin tərkib hissəsi idi. Bu siyasətin reallaşdırılması üçün əvvəlcə çar Rusiyasının, sonra isə Sovet hökumətinin dəstəyini alan ermənilərin azərbaycanlılara qarşı genosid siyasəti daha kəskin vüsət almışdı. Tarixə nəzər salsaq, bütün dövrlərdə azərbaycanlılar erməni vəhşiliyinin şahidi olublar. 1918-ci ilin mart qırğınları ermənilərin türklərə qarşı törətdikləri çoxsaylı soyqırımı aktlarından biridir. Tarix boyu erməni millətçiləri torpaqlarımızın işğalı üçün yadelli ölkələrin himayəsinə keçməkdən belə çəkinməmişlər. Belə ki, bu şovinist millətçilər Oktyabr çevrilişindən sonra Rusiyada yaranmış siyasi vəziyyətdən məharətlə istifadə edərək bolşevizm bayrağından bəhrələnməyə başladılar. 1918-ci ildə əksəriyyəti erməni cəlladlarından təşkil edilmiş Bakı Kommunası tərəfindən əks-inqilabçılarla mübarizə şüarı altında Bakı quberniyasında və ölkəmizin bir sıra bölgələrində azərbaycanlılara qarşı soyqırımı aktı törədildi. 1918-ci ilin mart-aprel aylarında ermənilər Bakıda, Şamaxıda, Qubada, Muğanda, Lənkəranda 50 mindən artıq azərbaycanlını qətlə yetirmiş, evlərini talan etmiş, on minlərlə insanı yurd-yuvasından didərgin salmışlar. Təkcə Bakıda 30 mindən artıq azərbaycanlı xüsusi amansızlıqla öldürülmüş, Şamaxı qəzasının 58 kəndi yandırılmış, 8 mindən çox adam, o cümlədən, 1653 qadın və 965 uşaq öldürülmüş, Quba qəzasının 122 kəndi yerlə-yeksan edilmişdir. Qarabağın dağlıq hissəsində 150-dən çox, Zəngəzurda 115 azərbaycanlı kəndi vəhşicəsinə dağıdılmış, əhaliyə qəddarcasına divan tutulmuşdu. İrəvan quberniyasında 211, Qars vilayətində 92 Azərbaycan kəndi dağıdılmış və yandırılmışdı. İrəvan azərbaycanlılarının müraciətlərində göstərilir ki, bu tarixi Azərbaycan şəhərində və onun ətrafında 1920 azərbaycanlı evi yandırılmış, 132 min azərbaycanlı məhv edilmişdi. Erməni vandalizmi, türklərə qarşı soyqırımı siyasəti tarix boyu davam etsə də, vaxtında baş verənlərə lazımınca qiymət verə bilməmişik, onu dünyaya çatdırmamışıq.
Doğrudur, 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti ermənilərin azərbaycanlılara qarşı soyqırımını araşdıran komissiyanın yaradılmasına nail olmuş, lakin komissiyanın işi ölkənin işğalı səbəbindən başa çatdırılmadı, bu qanlı faciə barədə beynəlxalq səviyyəli tədbirlər görülmədi. Sovet hakimiyyəti dövründə də mərkəzi hökumətin səyləri və təzyiqləri ilə 1918-ci ilin mart hadisələrinin obyektiv araşdırılması, ədalətli qiymət verilməsi mümkün olmamışdı.
Eləcə də, müstəqilliyinin ilk illərində hakimiyyət başında olan bacarıqsız siyasətçilərin hakimiyyət davası bu böyük qırğın siyasətinə lazımi qiymət verilməsinə əngəl törətmişdi. Qanlı faciə ilə bağlı ən böyük siyasi sənəd yalnız hadisədən 80 il sonra qəbul edildi. Ölkəmizə rəhbərlik etdiyi bütün dövrlərdə tarixi hadisələrə, başımıza gətirilən bütün bəlalara öz siyasi dünyagörüşü, millətçilik hissi və dövlət sevgisi ilə ən obyektiv və dəqiq qiymət verən xalqımızın Ümummilli lideri Heydər Əliyev bu dəfə də millətimizin dayağı olduğunu göstərmişdi. 1998-ci il martın 26-da imzaladığı "Azərbaycanlıların soyqırımı haqqında" fərmanla ilk dəfə olaraq dövlət səviyyəsində 1918-ci ilin mart qırğınlarına siyasi qiymət verildi və xalqımıza qarşı törədilmiş bu qanlı qırğın haqqında müasir və gələcək nəsillərdə möhkəm milli yaddaşın formalaşdırılması, dünyada bu hadisələrə obyektiv siyasi qiymət verilməsi üçün hüquqi zəmin yaradıldı. Fərmanda deyilirdi: "1918-ci ilin mart ayından etibarən əks-inqilabçı ünsürlərlə mübarizə adı altında Bakı Kommunası Bakı quberniyasını azərbaycanlılardan təmizləmək niyyəti güdən mənfur plan həyata keçirməyə başladı. Həmin günlərdə ermənilərin törətdikləri cinayətlər Azərbaycan xalqının yaddaşına əbədi əks olunmuşdur. Minlərlə dinc azərbaycanlı əhali yalnız milli mənsubiyyətinə görə məhv edilmişdir. Ermənilər evlərə od vurmuş, insanları diri-diri yandırmış, milli memarlıq incilərini, məktəbləri, xəstəxanaları, məscid və digər abidələri dağıtmış, Bakının böyük hissəsini xarabazarlığa çevirmişdilər. Azərbaycanlıların soyqırımı Bakı, Şamaxı, Quba qəzalarında, Qarabağda, Zəngəzurda, Naxçıvanda, Lənkəranda və Azərbaycanın başqa bölgələrində də xüsusi qəddarlıqla həyata keçirilmişdir. Bu ərazilərdə dinc əhali kütləvi şəkildə qətlə yetirilmiş, kəndlər dağıdılmış, milli mədəniyyət abidələri məhv edilmişdir".
Bəli, bu bir soyqırımı idi və bütün tarixi ədalətsizliklərə, zamanın və dövrün eybəcərliklərinə, dünyanın taraz olmayan şərtlərinə baxmayaraq, mütləq öz qiymətini almalı idi.
Bu gün isə azərbaycanlıların soyqırımını dünya dövlətlərinə və nüfuzlu beynəlxalq təşkilatlara çatdırmaq və ona siyasi qiymət verilməsi kimi ağır və çətin vəzifələri öz çiyinləri üzərinə götürən Prezident İlham Əliyev bu vəzifələri şərəfli və müqəddəs bir iş kimi layiqincə davam etdirir. Prezident İlham Əliyevin 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü münasibətilə Azərbaycan xalqına müraciətində də ermənilərin müxtəlif illərdə dinc azərbaycanlılara qarşı soyqırımı həyata keçirmələri, soydaşlarımızın yurd-yuvalarından didərgin salınmaları, ərazilərimizin işğalı, erməni şovinist millətçilərinin xalqımıza qarşı təcavüzünün bu gün də davam etməsi qeyd olunmaqla yanaşı, belə bir zamanda dövlətin və hər birimizin qarşısında duran başlıca vəzifələr göstərilir. 2008-ci ilin mart ayının 28-də Azərbaycan Prezidenti İlham Əliyevin xalqımıza müraciətində deyilir: "Təcavüzkar erməni millətçiləri xalqımıza qarşı iki yüz ilə yaxın bir müddətdə soyqırımı siyasəti həyata keçirmişdir. Azərbaycanlıları tarixi torpaqlarından sıxışdırıb çıxarmaq, bu ərazilərdə mifik "Böyük Ermənistan" yaratmaq məqsədi ilə Azərbaycan və türk xalqları onilliklər boyu müntəzəm surətdə ermənilərin ideoloji, hərbi və mədəni təcavüzünə məruz qalmışdır. Xalqımızın tarixi kobud surətdə saxtalaşdırılmış, mədəniyyətimiz, toponimlərimiz ermənilər tərəfindən özününküləşdirilmişdir.
Soyqırımı siyasəti müxtəlif dövrlərdə fərqli formalarda həyata keçirilmiş, kütləvi qətllər və hərbi əməliyyatlarla müşayiət olunmuşdur. XIX əsrin birinci yarısında İrandan və Osmanlı imperiyasından köçürülən ermənilər hesabına Qarabağ və Zəngəzurda demoqrafik vəziyyətin zorla dəyişdirilməsi, 1905 və 1918-ci illərdə azərbaycanlı əhalinin kütləvi qırğınları, 1918-ci ildə tarixi Azərbaycan torpaqlarında Ermənistan dövlətinin yaradılması və Azərbaycanın ən mühüm mədəniyyət mərkəzlərindən biri olan İrəvan şəhərinin paytaxt kimi Ermənistana güzəştə gedilməsi, 1920-ci illərdə sovet hökuməti tərəfindən Zəngəzurun ermənilərə verilməsi, 1948-1953-cü illərdə yüz minlərlə azərbaycanlının indiki Ermənistan ərazisindəki əzəli torpaqlarından deportasiyası və sair faktlar soyqırımı tarixinin faciəli və qanlı səhifələridir.
1988-ci ildə erməni millətçiləri SSRİ rəhbərliyinin və xarici havadarlarının təhriki ilə Dağlıq Qarabağı güclə Ermənistana birləşdirmək üçün Azərbaycana qarşı açıq təcavüzə başladılar və az sonra tammiqyaslı hərbi əməliyyatlara keçdilər. 1992-ci ilin fevralında erməni hərbi birləşmələrinin törətdiyi Xocalı faciəsi öz qəddarlığına və amansızlığına görə, misli görünməmiş soyqırımı aktı, insanlığın tarixində qara ləkə kimi qalacaqdır.
Siyasi-ideoloji təxribat və dezinformasiya sahəsində zəngin təcrübəsi olan erməni millətçiləri bu gün də bütün dünyada ölkəmiz və xalqımız əleyhinə təbliğat müharibəsi aparır, dünya ictimaiyyətini çaşdırmağa, Azərbaycan ərazilərinin işğalını unutdurmağa çalışırlar. Dünyada sivil birgəyaşayış və əməkdaşlıq prinsiplərinin getdikcə daha çox uğur qazandığı, hərtərəfli inteqrasiya proseslərinin geniş yayıldığı bir zamanda erməni millətçilərinin saxta soyqırımı təbliğatı və qonşu dövlətlərə ərazi iddiaları regionda sabitliyi və dünya düzənini pozmağa yönəlmiş dağıdıcı faktor rolunu oynayır, xalqları bir-birinə qarşı qoyur, milli və dini qarşıdurmanı təşviq edir.
Lakin Ermənistan dövlətinin və erməni lobbisinin təcavüzkar siyasəti iflasa məhkumdur. Son illərin təcrübəsi göstərir ki, erməni işğalçılarının və onların havadarlarının imkanları heç də qeyri-məhdud deyil və bu imkanlar getdikcə daralmaqdadır. Bu siyasətə qarşı geniş iqtisadi potensiala malik qüdrətli Azərbaycan dövləti, onun siyasi nüfuzu, dünya azərbaycanlılarının və Azərbaycanın dostlarının getdikcə möhkəmlənən həmrəyliyi, nəhayət, güclü Azərbaycan ordusu dayanır. Biz dünya siyasətinə ciddi təsiri olan böyük dövlətlərlə müntəzəm və məhsuldar iş aparır, onilliklər boyu formalaşmış stereotipləri, yanlış yanaşmaları dağıtmağa çalışır və çox hallarda buna müvəffəq oluruq. İkili standartlara və ermənipərəst qüvvələrin təzyiqlərinə baxmayaraq, beynəlxalq ictimaiyyət aşkar faktlar qarşısında həqiqəti daha tez-tez etiraf etməli olur. Soyqırımı qurbanlarını anma tədbirləri bütün dünyada getdikcə daha əzəmətli, daha mütəşəkkil xarakter alır və geniş əks-səda doğurur.
Bu gün Azərbaycan regionda və dünyada dinamik inkişaf edən dövlət olaraq, həm də əməkdaşlıq və tolerantlıq məkanı kimi qəbul edilir. Ölkədə sosial və milli-dini həmrəylik mövcuddur. Nə qədər ağır olsa da, biz soyqırımı faktlarından başqa xalqlara düşmənçilik və nifrət aşılamaq üçün istifadə etmək niyyətində deyilik. Biz yalnız tarixi ədalətin və həqiqətin bərpa olunmasını, dünyanın heç bir yerində belə faciəli hadisələrin təkrarlanmayacağına təminat verilməsini istəyirik. Bunun əksinə, işğalçı Ermənistanda iqtisadi və mənəvi-siyasi tənəzzül getdikcə dərinləşir, sosial problemlər və demoqrafik vəziyyət gərginləşir. Ermənistan təcavüzkar siyasəti ilə özünü bütün regional iqtisadi-enerji və nəqliyyat-kommunikasiya layihələrindən təcrid etmişdir. Bu ölkədə baş verən siyasi böhran, antidemokratik proseslər onun rəhbərliyinin uzağı görməyən, təcavüzkar siyasətinin nəticəsidir, erməni xalqının geniş dairələrinin hakimiyyətə etimadsızlığının göstəricisidir. Ermənistan rəhbərliyi öz təcavüzkar və davakar siyasətindən nə qədər tez imtina etsə, qonşularla siyasətini əməkdaşlıq və qarşılıqlı hörmət prinsipləri əsasında qursa, bu, onun özü üçün bir o qədər yaxşı olar".
Dövlət başçısı müraciətində vurğulayır və əmin edir ki, xalqımızın vətənpərvərliyi, birliyi və həmrəyliyi, Azərbaycan rəhbərliyinin siyasi iradəsi sayəsində qarşımıza qoyduğumuz bütün məqsədlərə, o cümlədən, ərazi bütövlüyümüzün və suverenliyimizin bərpasına, soyqırımı həyata keçirənlərin, insanlar və xalqlar arasında nifaq və düşmənçilik salanların ifşasına nail olacağıq. Bu işdə isə hər bir azərbaycanlı ölkə başçısına yardımçı olmalıdır. Bu, hər birimizin vətəndaşlıq borcudur.

Bütün xəbərlər Facebook səhifəmizdə