Müsavatçı namizədlərin seçki prosesinə ləkə vurmaq cəhdləri müəyyən dairələrin sifarişidir - Bəhruz Quliyev

Qarşıdan gələn parlament seçkiləri ilə bağlı Mərkəzi Seçki Komissiyası (MSK) və digər müvafiq strukturlar tərəfindən ən şəffaf və demokratik mühit yaradılıb. Bunu Trend-ə “SƏS” qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev Müsavat Partiyasının namizədlərinin müxtəlif bəhanələr gətirməklə seçki prosesinə ləkə salmaq cəhdlərinə münasibətini açıqlayarkən deyib.

Onun sözlərinə görə, bu gün ölkədə seçkiöncəsi mühit əvvəlkilərdən daha da fərqlənir və yaradılan imkanların hər birində namizədlərin özlərinin təbliğat-təşviqat kampaniyasını aparmaları üçün geniş şərait yaradılır: “Müsavat partyasının əsassız iddilarına gəlincə, onu deyə bilərəm ki, gah efir vaxtının verilməməsindən, gah dairə-seçki komissiyasında süni maneələrin yaradılmasından gileylənmələri onların zəifliklərini bəri başdan etiraf etmələri ilə əlaqədardır. Bu gün kifayət qədər müxalifət partyalarının namizədləri qeydiyyatdan keçərək çox rahat, demokratik tərzdə kampaniyalarını aparırlar. Bu zaman sual yaranır, nəyə görə müsavatçılar bu qədər xoflanırlar? Bu sualın cavabı olaraq məhz belə qənaətə gəlmək olar ki, Müsavat namizədləri seçiciləri qarşısında xal toplamağı, nüfuz qazanmağı bacarmırlar. Bu isə nə Mərkəzi Seçki Komissiyasının, nə də seçki ilə bağlı olan digər qurumların təqsiridir. Onsuz da ictimai rəy bu kimi müxalifətçilərin öz zəifliklərini başqalarında axtarmalarının kifayət qədər şahidi olur. Bəs, digər müxalifətçi namizədlər nə üçün eyni “ittihamlarla” çıxış etmirlər? Məlumdur ki, müsavatçı namizədlərin seçkilərə qatılaraq prosesə ləkə vurmaq cəhdləri müəyyən dairələrin sifarişidir. Necə ki, AXCP və “Milli Şura” öz təbirlərincə “boykot taktikası” adı altında həmin sifarişlərin digər istiqaməti üzrə qarayaxma kampaniyaları aparırlar. Amma gördüyümüz kimi, bu kampaniyalar öz uğursuz nəticəsini tapır. İstər namizədlərin çoxluğu, istərsə də onların hər birinin seçkiyə inamla getməsi bu kimi stereotipləri sözün əsl mənasında məhv edir".

Ekspert onu da qeyd edib ki, Prezident İlham Əliyev parlament seçkiləri ilə bağlı istər ölkədə, istərsə də xaricdə etdiyi çıxışlarında tamamilə yeni bir parlamentin formalaşdırılacağı bəyanatını verdi: "Bu, həm də beynəlxalq aləmə təqdim edilən demokratiya nümunəsi, şəffaflıq etalondur. Hesab edirəm ki, belə bəhanələrlə seçki prosesinə ləkə salmaq cəhdləri nəticəsiz qalacaq. Formalaşdırılacaq yeni parlament xalqın iradəsi ilə seçiləcək, ölkəmizə, millətimizə öz səmərəli bəhrələrini verəcək. Bu baxımdan, demokratiya və şəffaflıq prinsipi üzəridə baş tutacaq seçkilər beynəlxalq aləmin seçki standartlarına öz möhürünü vuracaq".

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...