Fəzail Ağamalı: “Radikal müxalifət liderlərinin azərbaycanlı olub-olmamasını düşünməyə başlamışam” - AÇIQLAMA

Fəzail Ağamalı: “Radikal müxalifət liderlərinin azərbaycanlı olub-olmamasını düşünməyə başlamışam” - AÇIQLAMA

Azərbaycanda sosial-iqtisadi şərtlər etiraz aksiyaların keçirilməsinə əsas yaratmır. SİA-ya açıqlamasında bu sözləri millət vəkili, Ana Vətən Partiyasının (AVP) sədri Fəzail Ağamalı radikal müxalifətin 2 aprel tarixində keçirmək istədiyi aksiyaya münasibət bildirərkən deyib. Ötən parlament seçkiləri öncəsi belə radikal müxalifət liderlərinin ətrafına 100-200 nəfəri toplaya bilmədiyini deyən partiya sədri bildirib ki, xalq bu seçkilərlə bir daha radikalizmə yox deyib.

 

Kimin nə deməsindən asılı olmayaraq Azərbaycan xalqının radikal müxalifəti qəbul etməməsinin bir reallıq olduğunu qeyd edən AVP sədri söyləyib ki, radikalların Orta Şərq və Şimali Afrika ölkələrində baş verən prosesləri Azərbaycanla əlaqələndirmək niyyətləri də əsassızdır: "Ərəb ölkələrində baş verən hadisələrin özünəməxsus səbəbləri var. Həmin ölkələrin liderləri xalqın onlara göstərdiyi etimadı doğrulda bilmədilər. Həmin ölkələrdən fərqli olaraq Azərbaycan Respublikasının prezidenti xalqın etimadını doğruldur, ölkənin inkişafı, xalqın yüksək rifah əldə etməsi üçün əlindən gələnini edir. Belə olan halda ərəb ölkələri ilə Azərbaycanın hansı oxşarlığından danışmaq olar".

 

Radikal müxalifətin maraqlarının Azərbaycanı sevməyən qüvvələrlə üst-üstə düşdüyünü dilə gətirən millət vəkili vurğulayıb ki, onların həqiqətən azərbaycanlı olub-olmamasının düşünməyə başlayıb: "Mitinq, aksiya keçirmək hüququnu onların əlindən heç kim almır. Bu cür tədbirlər üçün müəyyənləşdirilən yerlər var. Məsələ bundadır ki, bu qüvvələr özlərinin şəxsi maraqları naminə dövlətin maraqlarını qurban verməyə hazırdır. Azərbaycan müxalifəti məhz radikal müxalifətin əməlləri nəticəsində dağılmış bir vəziyyətdədir. Hesab edirəm ki, Müsavat və AXCP-nin liderləri siyasi meydanda son günlərini yaşayırlar. Buna görə də həmin qüvvələr nəyin bahasına olursa-olsun varlığını qorumağa çalışırlar. İnanıram ki, Azərbaycan xalqı onları tanıdığı üçün, mahiyyətini bildiyi üçün səsinə səs verməyəcəklər. Özünə hörmət edən insan radikal çağırışlara qulaq asmamalıdır. Ümid edirəm ki, həmişəki kimi bu dəfə də radikallar məqsədləri çatmayacaqlar. Radikal müxalifət liderlər öz ətrafındakı insanları itirə-itirə gəlib və görünən budur ki bundan sonra da belə olacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə