"Forumda yeni inkişaf modellərinin öyrənilməsinə can atılır” ÖZƏL-MÖVQE

"Davos Forumu dünyada iqtisadi proseslərin tənzimləməyə çalışan, müxtəlif ölkələrə investisiya cəlb edilməsi üçün danışıqlar məkanı kimi böyük iqtisadi platformadır. Bu platforma üzərində siyasilər, alimlər, kommersiya və biznes strukturları geniş danışıqlar aparır, bir-biri ilə müxtəlif sövdəşmələr həyata keçirirlər. Nəticə etibarilə dünya iqtisadi böhranının həm qarşısının alınmasında, həm də dünya iqtisadiyyatının normal inkişafında əhəmiyyətli rol oynayır". Bunu SİA-ya politoloq Qabil Hüseynli deyib.

Politoloqun sözlərinə görə, ölkə Prezidenti İlham Əliyev 2007-ci ildən etibarən Davos Forumlarına hər il qatılır: "Bu müddət ərzində həm çıxışları ilə, həm də müxtəlif aparıcı siyasi danışıqlarla ölkəmizin iqtisadiyyatı haqqında ətraflı məlumat verir, eləcə də ölkəyə investisiya cəlb etmək üçün müxtəlif kommersiya qurumları ilə, dövlətlərlə danışıqlar aparır. Bu il dövlət başçısının Davos səfəri daha əlamətdar olub. Beləki Davos Forumu Azərbaycan iqtisadiyyatı ilə bağlı İlham Əliyev cənablarının böyük bir məqaləsini hazırlayıb. Davos Forumunun saytında Prezidentimizin ölkəmizin son illərdə inkişafı ilə bağlı böyük bir məqalə dərc edilib. Həmin məqalədə ölkəmizin keçdiyi iqtisadi inkişaf yolu ətraflı işıqlandırılır. Məsələn, ölkə başçısı qeyd edir ki, 2007-ci ildən bu yana Azərbaycanda məcburi məhsul istehsalı iki dəfədən çox, qeyri-neft sektorunun məhsulları isə iki yarım dəfədən çox artıb. Bundan başqa Azərbaycan iqtisadiyyatı bölgənin super iqtisadiyyatı kimi 50 inkişaf etmiş iqtisadiyyatın içərisinə daxil olmuş və orada 46-cı yeri tutmaqda davam edir. Azərbaycan bu müddət ərzində mühüm enerji və dəmiryolu qovşağına çevrilib. Həmin məqalədə İlham Əliyev Bakı-Tbilisi-Qars dəmiryolunu iki qitəni birləşdirən və çox böyük səmərəli bir yol kimi təqdim edir və qeyd edir ki, bu yolun çəkilməsi sayəsində Avropa ilə Asiya arasındakı yükdaşımalarının müddəti iki dəfə aşağı salınır və qiymətlərində də ciddi surətdə aşağıya düşmə meyilləri müşahidə edilir.

Ölkə Prezidenti göstərir ki, Davos Forumunda biz təkcə nailiyyətlərimizi bölüşmürük, həm də ölkəyə yeni investisiyalar cəlb etmək üçün danışıqlar aparırıq. Bundan başqa dövlət başçısı açıq surətdə bəyan etdi ki, ölkəmizə qarşı təcavüz etmiş və torpaqlarımızın 20 faizini işğal etmiş təcavüzkar Ermənistan bölgədə həyata keçirdiyimiz bütün iqtisadi layihələrdən kənarda qalıb. Bir sözlə, Davos Forumu çox böyük tribuna, platforma Azərbaycan tərəfindən illərdir ki, çox effektli, səmərəli surətdə istifadə edilir və bu istifadə nəticəsində Azərbaycanın inkişaf nailiyyətləri, eləcə də yeni inkişaf modellərinin öyrənilməsinə can atılır”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə