“Qəddafi sürgün olunacağı yeri özü seçsin”

“Qəddafi sürgün olunacağı yeri özü seçsin”

İngiltərənin paytaxtı Londonda 35 ölkənin xarici işlər nazirləri və beynəlxalq təşkilatların nümayəndələrinin iştirak etdiyi Liviya konfransında Muammar Qəddafinin gələcəyi müzakirə edilib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, Liviya müxalifətinin də qatıldığı konfransda İtaliya və İngiltərə beynəlxalq məhkəmədə mühakimə olunmaması şərtilə Qəddafinin sürgünə göndərilməsini təklif edib. Qəddafinin sürgün təklifi İtaliyadan gəlib. İtaliyanın xarici işlər naziri Franko Frattini çıxışında "Liviyada ilk olaraq atəşkəs elan ediləcək, sonra Qəddafi sürgünə göndəriləcək, daha sonra isə müxalif ilə ölkədəki tayfalar ölkənin gələcəyini müəyyənləşdirəcəklər" söyləyib.

 

İngiltərənin xarici işlər naziri Uilyam Heyq ABŞ-ın xarici işlər naziri Hillary Klinton ilə plana müsbət yanaşdıqlarını ifadə edib. O, bildirib ki, Qəddafi sürgünə getməyi qəbul etsə, hara gedəcəyinə onun özü qərar verərək. Klinton isə "Qəddafiyə qarşı hava əməliyyatlarının Liviya liderinin BMT qərarlarını tam olaraq tətbiq edənə qədər" davam edəcəyini bildirib. Klinton hücumların dayandırılması üçün Qəddafinin hərbi qüvvələrinin bütün şəhərlərdən geri çəkilməsi şərtini səsləndirib.

 

Parisdəki konfransa qatılan Afrika Birliyi "Liviya mövzusunda bizdən bir şey soruşan yoxdur" deyərək London konfransına qatılmayıb. Rusiya da konfransda iştirak etməyib. Ərəb Birliyini baş katib Əmr Musa əvəzinə onun Londondakı səfiri təmsil edib. Ərəb Birliyinin nüfuzlu təmsilçilərindən olan Misir və Səudiyyə Ərəbistanı da konfransdan kənarda qalıb. Konfransa Qətər, Birləşmiş Ərəb Əmirlikləri və Küveytin də aralarında olduğu 7 ərəb ölkəsi qatılıb.

 

Beynəlxalq Liviya Konfransından sonra ilk şərh İngiltərənin xarici işlər naziri Uilyam Heyqdən gəlib. O, Qəddafinin cəzasız qalmayacağı və vətəndaşlara hücum edə bilməyəcəyi ilə bağlı açıq mesaj göndərmək üçün diplomatların rejimlə əlaqəli şəxslərə və təşkilatlara daha çox sanksiya tətbiq olunması barəsində ümumi fikrə gəldiyini bildirib. Lakin o, sanksiyaların nədən ibarət olacağı haqqında məlumat verməyib. İngiltərənin xarici işlər naziri konfransda Liviya müxalifətinin silahlandırılmasının müzakirə olunmadığını söyləyib. Qətərın Liviya neftini satmağını asanlaşdırmağı təklifi etdiyini deyən nazir bu cür satışların BMT Təhlükəsizlik Şurasının qərarları ilə mümkün olacağını ifadə edib.

 

Əməliyyatların dünən də davam etdiyi Liviyadakı vəziyyətin müzakirə olunacağı növbəti konfransın Qətərdə təşkil ediləcəyi qərara alınıb. Liviya lideri Qəddafinin konfrans iştirakçılarına ünvanladığı açıq məktubda Qərb ölkələrinə hücumları dayandırma çağırışı əksini tapıb. Məktubda Liviya müxalifətinin "Əl-Qaidə" terrorçuları olduğu qeyd olunub.

 

Konfransda Türkiyəni təmsil edən xarici işlər naziri Əhməd Davudoğlu bildirib ki, əsas məqsəd Qəddafinin iqtidardan getməsi deyil, Liviya xalqını qorumaqla gələcəklərini özlərinin müəyyən etmələrini təmin etməkdir. O, vurğulayıb ki, bunun üçün də daha çox təzyiq göstərilməsi qaçılmazdır.

Bütün xəbərlər Facebook səhifəmizdə