AXCP də qiyam gözlənilir QARŞIDURMA

Destruktivlikdən konstruktivliyə keçid etmək istəyənlər Əli Kərimlini postundan uzaqlaşdırmaq qərarını veriblər

Xarici havadarlarının maliyyə dəstəyi ilə istənilən yola baş vurmağa hazır olan ifrat radikal dairələrin iç üzünü zatən xalq yaxşı tanıyır. Həmin ifrat radikal düşərgənin əsas "oyunçular"ından biri olan AXCP sədri Əli Kərimlinin xaricdən aldığı "əmr"lər əsasında fəaliyyət göstərməsi və son vaxtlar böyük "maliyyə maxinasiya"larında adının hallanması ümumilikdə düşərgədəki ab-havanı tam əks etdirir. Biz elə də uzağa getməyərək “Freedom House”, “Human Richt Watch”, “Amnesty İnternational” və s. bu kimi xarici təşkilatların yaydıqları qərəzli, şantajçı hesabatlarında əsas “ittihamçı” kimi məhz Ə.Kərimlinin adının hallanmasını xatırlaya bilərik. Əlbəttə ki, bütün bunların arxasında dayanan daha bir faktor AXCP sədrinin siyasi biznes üzərindəki maliyyə maxinasiyalarıdır.

Təməlində erməni lobbisinin dəstəyi dayanan xarici qurum və təşkilatların bilavasitə Əli Kərimlini emissar seçməsi kimsəyə sirr deyil

Digər tərəfdən, ictimai rəy destruktiv düşərgənin xaricdə fəaliyyət göstərən antiazərbaycançı şəbəkə ilə maliyyə əməkdaşlığı barədə faktları da yaxşı xatırlayır. Ümumiyyətlə, təməlində erməni lobbisinin dəstəyi dayanan xarici qurum və təşkilatların bilavasitə Ə.Kərimlini emissar seçməsi kimsəyə sirr deyil.

Yeri gəlmişkən, hələ bir müddət əvvəl AXCP sədrinin və onun yaxın adamlarının böyük maliyyə fırıldaqlarının faktlar əsasında media vasitəsi ilə üzə çıxarılması faktını da xatırlamaq olar. Məhz həmin faktlar əsasında cəbhəçilərin bir hissəsi sözün əsl mənasında uzun illər fəaliyyət göstərdikləri partiyaya tüpürüb-çıxdılar. Sənədlərdə Ə.Kərimlinin "gizli oyunları", yəni "bank əməliyyatları" tam təfərrüatı ilə əks olunub. Bu bank materiallarının təhlili ortaya AXCP sədri üçün həddən artıq arzuedilməz faktlar çıxardı ki, Ə.Kərimlinin özü və qohumları təkcə bir il müddətində banklardan 8 milyon 603 min 364 manat pul çıxarmışdılar.

XATIRLATMA: Məhz həmin sənədlərdə Ə.Kərimlinin, oğlu Türkel Kərimlinin, əmisi oğlu Tofiq Kərimlinin, qayını Elnur Seyidovun, baldızı Aytən Seyidovanın adları keçirdi. Maraqlıdır ki, 2005-ci ildən bəri rəsmən heç yerdə işləməyən, bizneslə məşğul olmayan Ə.Kərimli bu qədər maliyyə vəsaitini hansı mənbələrdən əldə edib? Məlumatda göstərilir ki, Ə.Kərimlinin qayını Elnur Seyidov 2011-ci il yanvarın 28-dən 2012-ci il fevralın 24-dək banklardan 4 milyon 680 min manat nağd pul çıxarıb.

Onun təlimatları səbəbindən onlarla cəbhəçi ya həbslərə düşdü, ya təhsilləri yarımçıq qaldı, ya da ailələri onlardan üz döndərdi

Məhz bu faktlardan sonra, hazırkı dövrə qədər Ə.Kərimlinin "maliyyə əməliyyatları"nın detallarının ortaya çıxması AXCP daxilində sədrə qarşı etimadsızlığı bu gün də qoruyub-saxlamaqdadır. Çünki onun təlimatları səbəbindən onlarla cəbhəçi ya həbslərə düşdü, ya təhsilləri yarımçıq qaldı, ya da ailələri onlardan üz döndərdi. Bu gün də eyni halın mövcudluğu baş verənləri bütün çılpaqlığı ilə ortaya qoymaqdadır.

Hazırda isə AXCP sədrinin fakt qarşısında qalması və yaxın silahdaşlarına və "müttəfiq"lərinə cavab verməməsi situasiyaya tam aydınlıq gətirir. Ə.Kərimli susmaqla bank əməliyyatlarını təsdiqləməklə yanaşı, "müttəfiqlər"inə də həmişəki kimi yenə də "atdığını" sübuta yetirir.

Sızan daha bir məlumata görə, bu yaxınlarda, hətta parlament seçkilərindən sonra AXCP daxilində anti-Kərimli kampaniyasına start veriləcək və onun sədrlik postundan birdəfəlik atılacağı barədə gizli qərar da qəbul olunub. Hətta daha bir informasiyaya görə, AXCP-də radikallıq və dağıdıcılıq siyasətindən uzaqlaşaraq, destruktivlikdən konstruktivliyə keçid etmək istəyənlərin də sayı çoxdur. Məhz bu məsələ çox yaxın vaxtlarda qeyd edilən fikirləri reallaşdıra bilər.

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə