Politoloq: “Prezident İlham Əliyevin Novruz bayramı tədbirində iştirak etməməsini daha çox İran tərəfi düşünməlidir”

Politoloq: “Prezident İlham Əliyevin Novruz bayramı tədbirində iştirak etməməsini daha çox İran tərəfi düşünməlidir”

Tehranda keçirilən Novruz bayramı tədbirinə Azərbaycan Prezidenti İlham Əliyev dəvət almışdı. Artıq bəllidir ki, Azərbaycan prezidenti bu tədbirdə iştirak etməyəcək. Mənə elə gəlir ki, burada siyasi motivlər axtarmaq düzgün olmazdı. Çünki Azərbaycan prezidenti bu və ya digər ölkəyə işgüzar və ya rəsmi səfərə gedərkən qabaqcadan planlaşdırlan səfərlər olur". Politoloq Elman Nəsirli SİA-ya açıqlamasında həmçinin subyektiv fikrindən çıxış edərək bildirib ki, prinsip etibarı ilə Prezident İlham Əliyevin bu tədbirdə iştirak etməməsini daha çox İran tərəfi düşünməlidir: "Daha çox İran bunun səbəbini özündə tapmalıdır. Çünki Azərbaycanın ərazisini işğal edən dövlət Ermənistandır. Rəsmi İrəvanla Tehran arasında isə çox sıx əlaqələr var. Bu əlaqələr dinamik şəkildə inkişaf etməkdədir. Belə olan bir təqdirdə həmin Novruz bayramı ilə bağlı tədbirə işğalçı dövlətin prezidenti də dəvət edilib. Eyni zamanda Azərbaycan dövlət başçısı da bu bayrama qatılsın və onlar birlikdə bayram etsinlər- bu nə məntiqə sığmır, nə də mənəvi baxımdan Azərbaycan mentalitetinə uyğun deyil. Eyni zamanda dövlətimizin milli maraqlarına uyğun gəlməyən bir addımdır. Ona görə də Azərbaycan dövlət başçısı bu tədbirdə iştirak etmirsə, yəni İran tərəfi bunu fikirləşməli idi və oraya təntənli şəkildə Ermənistan prezidentini dəvət etməməliydi".

 

Novruz bayramının daha çox Şərqdə qeyd edildiyini deyən politoloq hesab edir ki, xristian və işğalçı Ermənistan dövlətinin prezidentinin xüsusi dəvət almasının özü bir qədər məntiqsiz görünür. Politolq vurğulayıb ki, İranın Dağlıq Qarabağ münaqişəsinin həllində aqressorun blokadasının aradan qaldırılması üçün bu qədər can-fəşanlıq etməməsi onun əsas payı ola bilərdi: "Aqressor olan dövlətə qaz verməyəyədi. Eyni zamanda ticarət sahəsində əməkdaşlığı bu qədər yüksək səviyyədə inkişaf etdirməməliydi. Bütün bu əlaqələrin inkişafı isə son nəticədə Ermənistanın işğalçılıq iştahasını artırmış olur və Ermənistan üçün bu dəqiqə blokadanın götürülməsi hava-su kimi lazım olan bir məsələdir. Həmçinin Ermənistan öz siyasəti nəticəsində blokadaya düşüb və həmin blokadanı yaran dövlət məhz İrandır. Prinsip etibarı ilə Azərbaycan prezidentinin həmin tədbirə qatılmamasını anlamaq mümükündür".

 

Qeyd edək ki, İran prezidenti Mahmud Əhmədinejadın təşəbbüsü ilə Novruz bayramını qeyd edən dövlətlərin prezidentləri bayramı qeyd etmək üçün Tehrana dəvət almışdılar. Dəvət alanların siyahısında Azərbaycanın dövlət başçısı İlham Əliyevi və Ermənistan prezidenti Serj Sarkisyanın da adı vardı. Ermənistan dövlət başçısı tədbirdə iştirak etsə də Azərbaycanı bayram şənliyində baş nazirin müavini təmsil edib.

Bütün xəbərlər Facebook səhifəmizdə