Prezident İlham Əliyev: "Ermənistan rəhbərliyi həqiqəti tez başa düşsə, danışıqlar prosesində irəliləmək şansımız yaranar"
SSRİ adlı imperiyanın əsarətindən xilas olmuş digər respublikalar kimi, Ermənistan da artıq 29 ildir öz "müstəqilliyinə qovuşub" desək, yanılarıq. Çünki bu ölkə istər müstəqil dövlət quruculuğu, istər iqtisadiyyatın tərəqqisi, istərsə də beynəlxalq aləmdə öz "mən"ini təsdiq sahəsində, 29 addım belə irəliləyə bilməyib. Səbəbi də, əlbəttə ki, işğalçılıq siyasətidir. O, Azərbaycan torpaqlarının 20 faizini işğala məruz qoysa da, indiyədək həmin torpaqları əkib-becərmək iqtidarında olmayıb. Çünki nə güclü texnikası var, nə maliyyəsi, nə də kifayət qədər canlı qüvvəsi, ancaq ayaqları dəyən torpaqlar zəhərlənib. Təsadüfi deyil ki, 29 ildir həmin ərazilər nəzarətsiz zonaya çevrilib. Burada yalnız narkotaçirlər və terrorçular əl-qol açıblar. Bu gün erməni xalqı ağır didərginlik ömrü yaşamaqdadır. Ancaq onları yurd-yuvalarından didərgin salan yad güllələri deyil, işsizlik, aclıq və yoxsulluqdur.
"Münaqişənin həlli Azərbaycanın ərazi bütövlüyünün tanınması və onun suverenliyinə hörmət müstəvisində olmalıdır"
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının "Rossiya-24" televiziya kanalına müsahibəsində bildirib ki, 2019-cu il münaqişənin nizamlanmasının mümkün olmadığını bildirdi: "Hesab edirəm ki, 2019-cu il münaqişənin nizamlanması üçün itirildi. Bunun günahı isə erməni tərəfinin qeyri-ardıcıl, ziddiyyətli və anlaşılmaz mövqeyidir. Çünki il ərzində, biz Ermənistanın ali rəhbərliyinin bir-birinə tamamilə zidd olan bəyanatlarını eşidirdik. Məsələn, onlardan biri Dağlıq Qarabağın "müstəqil dövlət" olması və Azərbaycanın belə adlandırılan "müstəqil dövlət" ilə danışıqlar aparmalı olması barədə bəyanatdır. Bu, danışıqlar prosesinin tamamilə pozulması, mahiyyətcə onun dayandırılması cəhdi idi. Təbii ki, bununla nə biz razılaşa bilərdik, nə də vasitəçi ölkələr - ATƏT-in Minsk Qrupunun həmsədrləri. Bildiyimə görə, onlar da Ermənistan rəhbərliyinə xəbərdarlıq etdilər ki, bu populist və zərərli, təhlükəli siyasətdən əl çəksin".
Dövlət başçısı vurğulayıb ki, Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir: "Ermənistanın baş nazirinin növbəti bəyanatı ondan ibarət oldu ki, Dağlıq Qarabağ Ermənistandır və nöqtə. Onda bizdə belə bir sual meydana çıxır: onlar gah deyirlər ki, Dağlıq Qarabağ heç kimin, o cümlədən, Ermənistanın da tanımadığı müstəqil dövlətdir, gah da deyirlər ki, Dağlıq Qarabağ Ermənistandır. Bu da yalandır. Beləliklə, onlar özləri Dağlıq Qarabağın nə olduğunu bilmirlər. Əgər onlar Dağlıq Qarabağın nə olduğunu bilmirlərsə, biz bunu onlara izah edə bilərik. Mən bunu oktyabrda "Valday" forumu çərçivəsində sizin kanalınızın birbaşa efirində etmişəm, onda demişdim ki, Dağlıq Qarabağ Azərbaycandır və nida işarəsi. Erməni tərəfinin tezislərindən fərqli olaraq, bu, həqiqətdir, çünki həm tarixi ədalət, həm də beynəlxalq hüquq Dağlıq Qarabağın Azərbaycanın ayrılmaz hissəsi olduğunu təsdiq edir".
Prezident İlham Əliyev onu da bildirib ki, Azərbaycan BMT-yə daxil olanda, o, özünün tam ərazi bütövlüyü çərçivəsində üzv olub: "Əgər biz buraya BMT Təhlükəsizlik Şurasının erməni silahlı qüvvələrinin işğal olunmuş əraziləri dərhal və qeyd-şərtsiz tərk etməsi haqqında qətnamələrini, digər beynəlxalq təşkilatların qətnamələrini və heç bir ölkənin Dağlıq Qarabağ adlanan ağlasığmaz və qeyri-qanuni qurumu tanımadığını da əlavə etsək, onda görərik ki, münaqişənin həlli Azərbaycanın ərazi bütövlüyünün tanınması və onun suverenliyinə hörmət müstəvisində olmalıdır. Ona görə də, Ermənistan rəhbərliyi bu sadə həqiqəti nə qədər tez başa düşsə, bizim danışıqlar prosesində irəliləmək şansımız yaranar".
Dövlət başçısı onu da bildirib ki, erməni tərəfinin bizim Dağlıq Qarabağla danışıqlar aparmalı olduğumuz barədə bəyanatına baxmayaraq, indi danışıqlar Azərbaycan və Ermənistan arasında aparılır: "Mənim baş nazir Paşinyanla görüşlərim, o cümlədən, ATƏT-in Minsk Qrupunun təsbit etdiyinə görə, martda Vyanada keçirilən rəsmi görüş erməni tərəfinin, onu necə dəyişmək istədiyinə baxmayaraq, bir daha təsdiq etdi ki, danışıqlar prosesi və format dəyişilməyib. Ona görə də sülhə doğru irəliləmək və danışıqlar trekində real tərəqqi paralel getməlidir".
Lakin Ermənistanın baş naziri Nikolun verdiyi vədlər vədlər olaraq qalmaqdadır.
Erməni nazir Paşinyanın yalanını ifşa edib
Saxtakarlıq, yalan danışmaq ermənilərin qanındadır və bu, çoxları üçün yenilik olmasa da, erməni baş nazir Nikol Paşinyanın Ermənistanın iqtisadi inkişaf baxımından 15 dünya ölkəsi arasında yer aldığını deməsi, daha şübhəyə yer qoymur: "2019-cu ilin sonuna qədər Ermənistan iqtisadi artım baxımından, ilk onluğa daxil olmasa da, ilk 15 ölkə arasında yer alacaq".
Bu sözləri Nikol erməni sahibkarlar üçün yeni il qəbulu zamanı bəyan edərkən, Ermənistanın iqtisadiyyat naziri Tiqran Xaçatryan isə baş nazirin dediklərini təkzib edib. Belə ki, nazir Paşinyanın hakimiyyətdə olduğu vaxtda "tərəqqinin" göz oxşadığını bildirsə də, deyib ki, 2019-cu ilin sonuna qədər Ermənistan hakimiyyəti iqtisadi artımın yalnız "inqilabdan əvvəl" göstəricisini qoruya bilib.
Bu gün Ermənistan cəmiyyəti üçün əsas xarakterik xüsusiyyətlərdən biri də demoqrafiya probleminin fəlakət həddinə çatmasıdır. Dünənə qədər Serj Sarkisyan, bu gün isə ondan da işğalçı olan küçə "demokratı" küçə təfəkkürlü Nikol Paşinyan hakimiyyətinin yürütdüyü savadsız siyasətin nəticəsi olaraq, Ermənistanda sosial-iqtisadi durum çıxılmaz vəziyyətdədir. Problemlər içərisində çabalayan, aclıq və səfalət içində boğulan əhali ölkəni tərk etməkdədir. Araşdırmalar göstərir ki, işğalçı ölkəni tərk edənlərin sayı artmaqda davam edir. Ermənistanın Milli Elmlər Akademiyasının Fəlsəfə və Sosiologiya İnstitutunun direktoru, professor Gevorq Poqosyan isə qeyd edib ki, 2050-ci ildə ölkədə yaşayan əhalinin sayı 1,2 milyon nəfərdən çox olmayacaq: "Bu mənfi tendensiya ölkədə doğum səviyyəsinin azalması və güclü miqrasiya axını ilə əlaqələndirilir. Ermənistanda hər il, təqribən, 35 min uşaq doğulur və bir o qədər də insan ölkəni tərk edir. Əhalinin 14,6 faizi yaşı 60-dan yuxarı olanlardır".
Qrant Baqratyan: "Ermənistan Azərbaycandan xeyli geri qalır"
Ermənistanın keçmiş baş naziri Qrant Baqratyan Paşinyanın yalanını ifşa edərək, bildirib ki, ölkədə Paşinyanın dediklərinə bənzər heç bir şey yoxdur: "2019 və 2020-ci illərin nəticələrinə görə, adambaşına düşən ÜDM-in həcminə görə, Paşinyanın dediklərinin əksinə olaraq, Ermənistan nə Gürcüstanı, nə də Azərbaycanı qabaqlaya bilib".
Xatırladaq ki, bir müddət əvvəl, Paşinyan özünün şəxsi "Facebook" səhifəsində adambaşına düşən ÜDM-in həcminə görə Ermənistan 2019-cu ildə Gürcüstan və Azərbaycanı qabaqladığını bildirmişdi. Lakin sonradan yalanının həddindən artıq qırmızı olduğunu anlayan erməni baş nazir Ermənistanın ÜDM-in həcminə görə hələ də Azərbaycanı qabaqlaya bilmədiyini, amma 2020-ci ilin sonunadək, nəyin bahasına olursa-olsun, bunu "bacaracağını" bildirmişdi. Paşinyanın dediklərini cavabsız qoymayan Qrant Baqratyan şəxsi "Facebook" şəhifəsində erməni baş nazirin yalanlarnı təkzib edərək Ermənistanın, nəinki Azərbaycan, hətta Gürcüstandan ÜDM məsələsində çox uzaq olduğunu bildirib: "Baş nazir Nikol Paşinyan 2019-cu ildə Ermənistanda adambaşına düşən ÜDM-in həcminə görə Gürcüstanı qabaqladığını, 2020-ci ildə Cənubi Qafqazın ən qabaqcıl ölkəsinə çevriləcəyini bildirir. Mən bir iqtisadçı kimi, bunun həqiqətdən çox uzaq olduğunu etiraf etmək məcburiyyətindəyəm".
Paşinyanın xalqa vədləri və ya 31 il də gözləyin
Paşinyan söylədiyi yalan vədlərnin bir az da "genişləndirərək" bildirib ki, işsizlik, sosial problemlər, iqtisadi böhran tezliklə həllini tapacaq. Necə? Bir halda ki, Ermənistanın baş naziri ölkəyə investisiya cəlb edə bilmir, hansı maliyyə ilə bu problemi həll edəcək? Çünki dünya şirkətləri Ermənistanı investisiya qoyuluşu üçün etibarlı ölkə hesab etmir. Belə olan halda, bu problemi necə həll edəcək? Hətta bu yaxınlarda N.Paşinyan ölkənin xaricdəki səfirləri ilə keçirdiyi görüşdə də erməni diplomatlara qəzəblənərək, ölkəyə investorlar cəlb edə bilmədiklərini deyib. Necə deyərlər, Paşinyan da öz gözündə tükü görmür, özgə gözündə qıl axtarır.
Digər sahələr kimi, investisiya mühitinin də uçurumda olduğu bir zamanda, N.Paşinyan "Ermənistan 2050 - İnkişaf Strategiyası" adlı konsepsiyası isə bir daha Ermənistan hakimiyyətinin siyasətdən çox uzaq olduğunu sübut etdi. Belə ki, qeyd edilən məsələlərdən biri də əhalinin artımının təmin edilməsi idi. Belə ki, N.Paşinyan 2050-ci ildə əhalinin sayının beş milyon nəfər olacağını deyib. Görünür, artıq Paşinyanın, həqiqətən də, psixoloji durumu gərgin vəziyyətdədir.
Çünki N.Paşinyan demoqrafik vəziyyətlə bağlı nə qədər optimist fikirlər irəli sürsə də, BMT öz proqnozları ilə bunu alt-üst edir. Belə ki, BMT-nin İqtisadi və Sosial Münasibətlər Departamentinin əhali bölgüsü haqqında açıqlamasına görə, 2050-ci ildə Ermənistan əhalisinin sayı, təxminən, 2 milyon 297 min nəfər olacaq.
Ekspert Levon Şirinyan açıqlamalarının birində demişdi ki, mühacirət davam edəcəyi halda, Ermənistanı ağır günlər gözləyir: "Artıq neçə ildir ki, hamı mühacirətdən danışır. 20 ildən sonra əldə olunmuş müasir silahları kim tətbiq edəcək? Ona görə də, Ermənistan hakimiyyəti ya nəyisə dəyişməlidir, ya da yerini gənc kadrlara verməlidir".
Bir sözlə, Ermənistan nə qədər təxribat törətmək istəsə də, Paşinyan və komandası da daxil, bütövlükdə, erməni toplumunun qurtuluşu və xilası, məhz elə Azərbaycanla bağlıdır.
Nəticə: Məhz Ermənistanın son günlərdəki durumu bir daha göstərir ki, Ermənistanda inkişaf və sabitlik Dağlıq Qarabağ münaqişəsi həll edilməyənə qədər bərqərar olmayacaq. Çünki bu dövlətin gələcəyi Azərbaycanla qonşuluq prinsiplərinə əməl etməkdən keçir. Və Paşinyan da sələfləri kimi, səbəbi qoyub nəticələrlə uğursuz mübarizə aparmamalıdır. Çünki yekun eyni olacaq, daha dəqiqi, daha pis... Yəni Ermənistanda inkişaf və sabitlik Dağlıq Qarabağ münaqişəsi həll edilməyənə qədər bərqərar olmayacaq!!!
A.SƏMƏDOVA
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB