2019-cu ilin Azərbaycan üçün əlamətdar hadisələri ŞƏRH-ÖZƏL

2019-cu ilin Azərbaycan üçün əlamətdar hadisələri ŞƏRH-ÖZƏL

“Başa çatmaqda olan 2019-cu il Azərbaycanda da bir sıra mühüm ictimai siyasi, sosial iqtisadi, beynəlxalq hadisələrlə əlamətdar olub”. Bu fikirləri SİA-ya açıqlamasında politoloq İlqar Vəlizadə deyib.

Ölkəmizin xarici siyasət uğurlarından söz açan politoloq söyləyib ki, cari ildə Bakı Qoşulmama Hərəkatının (NAM) zirvə görüşü, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının yubiley iclası kimi irimiqyaslı beynəlxalq tədbirlərə ev sahibliyi etdi: “BMT-dən sonra üzv ölkələrinin sayına görə ikinci beynəlxalq təşkilat olan NAM-ın zirvəsi qurumdakı sədrliyin Azərbycana keçməsi ilə bağlı ölkəmiz üçün daha da böyük əhəmiyyət daşıyır. Həmçinin Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Bakıda keçirilən və qurumun onuncu ildönümünə həsr olunan sammitdə ilk dəfə olaraq Özbəkistan prezidenti də tamhüquqlu üzv qismində iştirak etdi”.

İ.Vəlizadə söyləyib ki, cari ildə Azərbaycanın xarici siyasət uğurları arasında Prezident İlham Əliyevin Rusiyanın “Valday” müzakirələr klubundakı nitqini, həmçinin Birinci vitse-prezident Mehriban Əliyevanın Rusiyaya səfər edərək bir çox görüş və tədbirlərdə iştirakı xüsusi qeyd edilməlidir: “Belə ki, “Valday” klubundakı nitqində dövlət başçısı Ermənistanın işğalçı siyasəti və onun fəsadları haqqında söhbət açaraq BMT TŞ tərəfindən münaqişənin həllinə dair qəbul edilmiş dörd qətnamənin 28 ildir yerinə yetirilmədiyini vurğulayıb. Ermənistan baş nazirinin təxribatçı bəyanatlarını şərh edən Prezident İlham Əliyev açıq şəkildə “Qarabağ tarixi əzəli Azərbaycan torpağıdır. Beləliklə, Qarabağ Azərbaycandır və nida işarəsi” sözləri ilə mövqeyimizi bir daha dünyanın diqqətinə çatdırıb. Bütün bu hadisələr əsas meylləri və mənafelərin əhatəsini təyin etmək fürsəti verdiyi üçün Azərbaycan üçün, ilk növbədə yaxın gələcəkdə xarici siyasəti baxımdan müstəsna əhəmiyyət daşıyır”.

Ekspert əlavə edib ki, 2019-cu ilin mühüm hadisələrinə nəzər saldıqda TANAP layihəsinin istifadəyə verilməsi mərasimi, dövlət başçısının “Kəmər və yol” zirvəsindəki iştirak etməsi, Avropa Şurası prezidenti Donald Tuskun Bakıya səfərləri də Aszərbaycan üçün mühüm əhəmiyyətli olub.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə