Liviyada hökumətə sadiq qüvvələr irəliləməyə davam edir

Liviyada hökumətə sadiq qüvvələr irəliləməyə davam edir

Liviyada hökumətə sadiq qüvvələr irəliləməyə davam edir. SİA-nın xəbərinə görə, Paytaxt Trablusun qərbi tamamilə Qəddafi qüvvələrinin nəzarətindədir. Müxaliflərin əlindəki Zuvara, Əcdəbiyyə və Brega şəhərləri də Qəddafi qüvvələrinin əlinə keçib. Misurata şəhəri isə hər tərəfdən top atəşinə tutulub.

300 min əhalisi olan şəhərə müxaliflər üzərindəki təzyiqin artırılması üçün su verilmir. Hökumət qüvvələri müxaliflərin qalası olan Binqazi şəhərinə sarı irəliləyir. Xarici işlər nazirinin müavini Halid Kaim, bir neçə gün ərzində üsyançıların əlindəki bütün bölgələrə yenidən nəzarət etməyə ümid etdiklərini söyləyib.

Tərəfdaşlarına səslənən Liviya lideri Muammər Qəddafi, üsyançılara qarşılarında iki seçim olduğuna işarə edərək, bunlardan birinin təslim olmaq digərinin isə ölmək olduğunu deyib. Qəddafi, son damla qanlarına qədər vuruşaraq ölkənin neftini qoruyacaqlarını vurğulayıb.

Digər tərəfdən hava hücumları qarşısında çarəsiz qalan müxalif qüvvələr hələ də dünya birliyindən yardım gözləyir. G-8 ölkələrinin xarici işlər nazirləri toplantısında, Liviya üzərindən uçuş zolağının qadağan edilməsilə bağlı qərara gəlinməyib. Ancaq BMT Təhlükəsizlik Şurasında bu mövzuda addım atılacağı gözlənilir.

Royters agentliyinin məlumatına görə, İngiltərə və Livan nümayindələri tərəfindən Şuranın üzvlərinə təqdim edilən layihədə, dinc əhalinin qorunması üçün Liviya üzərindən uçuş zolağının qadağan edilməsi nəzərə alınıb.

Şuranın bu gün toplantı keçirərək həmin layihəni müzakirə edəcəyi gözlənilir.

Bütün xəbərlər Facebook səhifəmizdə