16 mindən artıq Bələdiyyə üzvü seçilməlidir - ÖZƏL AÇIQLAMA

Qeyd etdiyimiz kimi fevral ayından bu günə qədər Bələdiyyə seçkiləri ilə əlaqədar monitorinq həyata keçirilir. Bunu SİA-ya açıqlamasında AVCİYA-nın sədri Məhərrəm Zülfüqarlı deyib.

Onun sözlərinə görə, ölkədəki stabillik sakit seçki mühitinə şərait yaradıb: “Biz bütün proseslərin monitorinqini keçirmişik. Belə ki, namizədlərin irəli sürülməsi, qeydiyyatdan keçməsi, həm də təşviqat kompaniyası kimi proseslərin heç birində qanun pozuntusuna rast gəlməmişik. Seçki günündə təbii ki, yenidən müşahidələr aparılacaq. Seçkidən dərhal sonra bəyanat yayılacaq və seçkilərə münasibət bildiriləcək”.

M.Zülfüqarlı vurğulayıb ki, Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov qeyd edib ki, 16 mindən artıq Bələdiyyə üzvü seçilməlidir: “42 min nəfər namizədliyini irəli sürüb. Faktiki bu günə qədər kim bələdiyyəyə üzvlük barədə ərizə ilə müraciət edibsə, hər biri namizəd kimi qeydiyyatdan keçib”.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə