Azərbaycanın dünya birliyinə inteqrasiyasının uğurlu YOLU MƏQALƏ

Dövlətçiliyin müntəzəm şəkildə möhkəmləndirib inkişaf etdirilməsində ölkədə aparılan xarici siyasət çox mühüm əhəmiyyət kəsb edir. Məhz bu siyasətin uğurla həyata keçirilməsi ölkələrə müstəqilliyinə, suverenliyinə, ərazi bütövlüyünə və milli təhlükəsizliyinə təhdidlərin qarşını almaq imkanı yaradır. Bununla yanaşı, uğurlu xarici siyasətin regional səviyyədə bölgədə əmin-amanlıq və sabitliyin bərqərar edilməsi, əməkdaşlıq layihələrinin gerçəkləşdirilməsi, qonşu ölkələrlə dost, qardaşlıq münasibətlərinin inkişafına şərait yaradan əsas amil olduğunu desək yanılmarıq. Azərbaycan da 1991-ci ildə dövlət müstəqilliyini bərpa etdikdən sonra həyata keçirdiyi xarici siyasətini beynəlxalq hüquq norma və prinsipləri, o cümlədən, dövlətlərin suverenliyi və ərazi bütövlüyünə hörmət, daxili işlərə müdaxilə edilməməsi prinsipləri əsasında qurub. Hazırda müstəqil dövlətimiz beynəlxalq münasibətlər sisteminin fəal üzvlərindən biridir. Qürurla deyə bilərik ki, Azərbaycan mülki cəmiyyət, hüquqi, demokratik və sivil dövlət prinsiplərini müvəffəqiyyətlə həyata keçirən və demokratikləşmə prosesinin dönməz xarakter aldığı bir ölkə kimi tanınıb. Dünyanın inkişaf etmiş dövlətlərinin Azərbaycanla hərtərəfli əməkdaşlığına maraq artıb, iri infrastruktur layihələrin həyata keçirilməsində ölkəmizin zəngin təcrübəsi beynəlxalq aləmdə örnək olub. Azərbaycanın xarici siyasət sahəsindəki uğurları uzaqgörən, mühüm əhəmiyyət kəsb edən tədbirlərin həyata keçirilməsinin nəticəsidir.

Azərbaycanda xarici siyasət kursunun TƏMƏLİ

Yeni Azərbaycan Partiyasının Siyasi Şurasının üzvü, Milli Məclisin sədr müavini, ATƏT Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin sədri Bahar Muradova bildirib ki, Azərbaycan Respublikasının milli mənafelərin qorunmasına xidmət edən xarici siyasət kursunun işlənib hazırlanması və gerçəkləşdirilməsi bütövlükdə Ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır: “Onun güclü dövlətçilik təfəkkürü Azərbaycan Respublikasının beynəlxalq əlaqələrinin düzgün qurulmasına imkan yaradıb. Ümummilli liderin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra Azərbaycanın həyatında yeni eranın təməli qoyulub. Dahi şəxsiyyətin ideyaları bugünkü güclü, zəngin, inkişaf edən Azərbaycanın, eləcə də ölkəmizin dünyada layiqli yer tutmasının əsasını qoyub. Ümummilli lider Heydər Əliyevin ideyaları Azərbaycanın müstəqil dövlətçilik ənənələrinin etibarlı və möhkəm dayaqlar üzərində qoyulması deməkdir".

YAP Siyasi Şurasının üzvü söyləyib ki, Azərbaycanın qazandığı nailiyyətlər, müstəqilliyimizin qorunub saxlanılması, dövlətçiliyimizin inkişafı Ulu öndərin ideyaları əsasında hazırlanan, ölkəmizin milli maraqlarına söykənən dövlət quruculuğu kursuna əsaslanır. Cənubi Qafqaz regionunun lider dövləti olan, ildən-ilə Avropanın enerji təhlükəsizliyi məsələsində əhəmiyyətli tərəfdaşa çevrilən və dünya miqyasında nüfuzu artan Azərbaycanın inkişaf səviyyəsi istər dünya ölkələri, istərsə də beynəlxalq təşkilatlar tərəfindən xüsusi olaraq vurğulanır. Dayanıqlı iqtisadi siyasət, habelə müstəqil və tarazlı şəkildə həyata keçirilən xarici siyasət kursu Azərbaycan dövlətinin istər daxili sabitliyinin, inkişafının təminatında, istərsə də beynəlxalq dayaqlarının möhkəmləndirilməsində mühüm əhəmiyyət kəsb edir. Ulu Öndər Heydər Əliyev ideyalarına söykənən xarici siyasət kursunun mahiyyəti Azərbaycanın daha təkmil bir dövlət kimi yeni və qüdrətli imicini, nüfuzunu formalaşdırmaqla yanaşı, həm milli-mənəvi dəyərləri, həm də müasirliyi özündə əks etdirən üçrəngli Azərbaycan bayrağının daha uca zirvələrdə dalğalanacağına əminlik yaradan başlıca amildir”.

Azərbaycanın ATƏT PA-dakı nümayəndə heyətinin rəhbəri qeyd edib ki, Ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulan xarici siyasət kursu bu gün Prezident İlham Əliyev tərəfindən daha da modernləşdirilir, müasir beynəlxalq münasibətlər sisteminə uyğunlaşdırılır və inkişaf etdirilir: “İstər daxili, istərsə də xarici arealda sabit, milli maraqlara söykənən, problemlərin həllinə istiqamətlənən, vətəndaşların hüquq və azadlıqlarının genişləndirilməsini özündə əks etdirən, ən əsası münasibətlərin, əlaqələrin normal, tərəfdaşlıq çərçivəsində inkişafına nail olan siyasətin yürüdülməsi ölkəmizin bütün mənalarda yüksək nailiyyətlərə imza atmasına şərait yaradıb. Prezident İlham Əliyev tərəfindən inkişaf etdirilən xarici siyasət kursu Azərbaycanın yerləşdiyi Cənubi Qafqaz bölgəsində lider, Avropa və digər kontinentlər üçünsə kifayət qədər ciddi tərəfdaş kimi qəbul edilməsinə yol açıb. Azərbaycan bu gün də dünya dövlətləri ilə açıq və ikitərəfli münasibətlərin inkişafını özündə ehtiva edən xarici siyasət kursu yürüdür. Azərbaycan hakimiyyətinin ortaya qoyduğu bu məramın aydın və səmimi olması nəticə etibarı ilə dünya tərəfindən təqdir edilir”.

Beynəlxalq təşkilatlarla əməkdaşlığın uğurlu davamı

Azərbaycan Respublikası müstəqil dövlət kimi bir sıra beynəlxalq təşkilatlar, o cümlədən Birləşmiş Millətlər Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı İƏT, Türkdilli Ölkələrin Parlament Assambleyası, Müstəqil Dövlətlər Birliyi, Avropa Şurası, GUAM, Ərəb Dövlətlər Liqası, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı və digər təşkilatlarla əməkdaşlıq edir. Ölkəmiz həmçinin NATO və Avropa Birliyi kimi qurumlarla əməkdaşlığı, eləcə də anti-terror koalisiyası tərkibində fəaliyyəti durmadan inkişaf etdirir. Sevinirik ki, bu gün müstəqil dövlətimizə rəhbərlik məhz əsası Ulu Öndər tərəfindən qoyulan siyasi məktəbin ən layiqli yetirməsi Prezident İlham Əliyevə etibar edilib. Əlbəttə, bu, xalqın seçimi, etibarı, inamıdır. Möhtərəm Prezidentimiz Ümummilli liderin müəllifi olduğu neft strategiyasının dönməz və ardıcıl həyata keçirilməsində, Azərbaycanın Avropaya və dünya birliyinə uğurlu inteqrasiyasında, müstəqil dövlətimizin beynəlxalq aləmdə mövqelərinin daha da möhkəmləndirilməsində, torpaqlarımızın 20 faizini işğal etmiş Ermənistanın təcavüzkar dövlət kimi tanınmasında bütün bilik və bacarığından istifadə edib. Təkcə 2019-cu ilin noyabr-oktyabr aylarında Azərbaycan çox mühüm xarici uğurlara imza atıb. Ölkəmiz oktyabr ayında Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına sədrliyi öz üzərinə götürməklə yanaşı, Zirvə Görüşünə yüksək səviyyədə ev sahibliyi edib. Bununla yanaşı Azərbaycan Qoşulmama Hərəkatına sədrliyini öz üzərinə götürməklə 3 il ərzində bu təşkilata sədrlik vəzifəsini daşıyır. Bu o deməkdir ki, BMT-dən sonra dünyada ikinci təşkilata sədrlik etməklə Azərbaycan bu müddətdə öz səsini və sözünü dünyaya daha geniş şəkildə çatdırmaq imkanı qazanıb. Bu günlərdə xarici siyasətlər bağlı mühüm hadisələr bunlarla yekunlaşmır. Belə ki, noyabr ayında digər xarici siyasət uğurlarımızdan biri Bakıda Dünya dini liderlərinin II Zirvə Görüşünün keçirilməsi oldu ki, 70 ölkənin dini liderləri paytaxtımızda təkcə qonaq deyil, həm də ölkə həqiqətlərimiz haqqında daha geniş məlumatlı oldular. Dünyada buna bənzər ikinci yığıncağın olmadığını nəzərə alsaq, dini liderlərin Zirvə Görüşünün məhz Azərbaycanda keçirilməsi ölkəmizin dünya miqyasında, beynəlxalq aləmdə hörmətinin, rolunun göstəricisidir. Bütün bu uğurlar bir daha təsdiq edir ki, Prezident İlham Əliyev tərəfindən həyata keçirilən uğurlu siyasət nəticəsində Azərbaycan bu gün dünya miqyasında bu gün çox önəmli ölkəyə çevrilib.

Azərbaycanın beynəlxalq aləmdə öz yerini tutmasında Qadın faktoru

Politoloq Nəzakət Məmmədova qeyd edib ki, bu gün Azərbaycanın müasir həyatında, onun beynəlxalq aləmdə öz yerini tutmasında Birinci Vitse-Prezident, Heydər Əliyev Fondunun Prezidenti, Azərbaycanın Birinci xanımı Mehriban Əliyevanın da əvəzsiz xidmətləri danılmazdır: “Mehriban xanım Əliyevanın ölkə daxilində və xaricində fəaliyyəti ən həssas, ağır sahələri əhatə edir. O, ölkə xaricində, o cümlədən erməni diasporunun fəal olduğu ölkələrdə ermənilərin anti-Azərbaycan təbliğatını alt-üst edir, Azərbaycanın ermənilərin təbliğ etdiyi kimi barbar ölkə olduğunu yox, yüksək mədəniyyətin beşiyi olan müasir dövlət olduğunu məhz ermənilərin və onların havadarlarının qəlbinə öz fəaliyyəti ilə xəncər kimi saplayır. ATƏT-in Minsk qrupunun həmsədri, BMT Təhlükəsizlik Şurasının üzvü, illərlə anti-türk və anti-Azərbaycan siyasəti ilə seçilmiş, Dağlıq Qarabağın qondarma rejimi ilə qardaşlaşmış şəhərlər adı altında əməkdaşlıq edən Fransanın mərkəzində ölkəmizin təbliğatını qurmaq, bu işdə şəxsən iştirak edərək Fransanın ən nüfuzlu siyasətçilərini Azərbaycanın dostuna çevirmək məhz Mehriban xanımın fəaliyyətinin nəticəsidir”.

O qeyd edib ki, ermənilərin illərlə xaricdə apardığı anti-Azərbaycan təbliğatı puç edən də məhz Mehriban xanım Əliyevadır: “Onun fəaliyyəti həm də dünya siyasətində böyük nüfuza malik olan güc mərkəzi, Avropa ölkələrinə və ABŞ-ın siyasətinə təsir imkanları olan Vatikanla yaxınlıqdır. Mehriban Əliyevanın fəaliyyəti həm dünya siyasətində, həm Azərbaycan diplomatiya tarixində yeni bir istiqamətdir. Bu, humanizm, müdriklik, praqmatizm, eyni zamanda, gözəllik, zəriflik və cəsarətin harmoniyasından ibarət olan unikal bir məktəbdir. Doğrudan da,Azərbaycanın xarici ölkələrlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının genişləndirilməsində Mehriban xanım Əliyevanın oynadığı mühüm rolun, göstərdiyi xidmətlərin çox maraqlı və çox da dəyərli, əslində onun, necə deyərlər, öz adına, həm də təbii ki, ölkəmizin adına layiq bir tərəfi, cəhəti də var. Bununla yanaşı Mehriban xanım Əliyevanın YUNESKO və İSESKO ilə münasibətlərin qurulmasında oynadığı rol danılmazdır. Azərbaycanın Birinci Xanımı hər iki təşkilatın xoşməramlı səfiri olaraq bir çox beynəlxalq humanitar aksiyalara dəstək verib, böyük layihələrə imza atıb. Göstərilən səylər nəticəsində Şəki Xan Sarayının və Şəki şəhərinin tarixi mərkəzinin adları YUNESKO-nun Ümumdünya Mədəni İrsi siyahısına salınıb. Buna qədər Azərbaycanın bir çox tarixi qədim maddi və mədəni abidələri, o cümlədən, muğamlar bu siyahıya daxil edilib və bu işdə Mehriban xanım Əliyeva fenomeninin xüsusi, misilsiz, danılmaz rolu var”.

N.Məmmədova əlavə edib ki, Birinci Vitse-prezidentin təşəbbüsü ilə məhz Avropa Şurası üzvü olan ölkələrin nümayəndələri üçün mahnı müsabiqəsi olan Avroviziyanın 2012-ci ildə, Birinci Avropa Oyunlarının 2015-ci ildə, Dördüncü İslam Həmrəyliyi Oyunlarının 2017-ci ildə və Avropa Kubokunun final mərhələsi oyununun 2019-cu ildə, eləcə də, artıq bir neçə ildir ki, Formula-1 Qran Prisinin Bakıda keçirilməsi, ölkəmizdə Qlobal Humanitar Forumların, sivilizasiyalar arası forumların, eləcə də, YUNESKO-nun forumunun keçirilməsi, BMT-nin Dövlət Xidmətləri Forumunun təşkili Azərbaycanın xarici dövlətlərlə münasibətlərinin inkişafına sıçrayışlı təkan olub.

Nailə Məhərrəmova

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçün

Bütün xəbərlər Facebook səhifəmizdə