Əli Orucov: “Problemləri iqtidarla siyasi dialoq formasında həll etmək lazımdır”

Əli Orucov: “Problemləri iqtidarla siyasi dialoq formasında həll etmək lazımdır”

"Yeni Müsavat" qəzetinin yazdığına görə, İctimai Palatanın (İP) Koordinasiya Şurasında qurumun mitinqlərə başlaması barədə müzakirələrə start verilib. Bildirilir ki, mitinqlərə aprel ayında başlamaq barədə ilkin ümumi razılıq əldə olunub. Məsələnin İP-in martın 26-da keçiriləcək sessiyasında müzakirəyə çıxarılacağı və mitinq qərarı veriləcəyi gözlənilir.

 

İP-in aprelin əvvəllərində mitinq keçirməsinin gözlənildiyi haqda məlumatı qəzetə açıqlamasında Koordinasiya Şurasının üzvü Pənah Hüseyn də təsdiqləyib: "Koordinasiya Şurasında təkliflər irəli sürülüb ki, martın sonu, aprelin əvvəlində kütləvi aksiyalara başlansın. Hələlik müzakirə var. Konkret qərar isə yoxdur. Ancaq miqyasına görə çox iri etiraz aksiyalarının başlanması gözlənilir. Biz çox istəyirik ki, aksiyalar razılaşdırılmış olsun. Hakimiyyətlə bu məsələdə konsensus olsun ki, qarşıdurma baş vermədən sakit etiraz aksiyaları keçirilsin".

 

Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) mətbuat və təbliğat katibi Əli Orucov SİA-ya açıqlamasında mitinq təklifinin hələ İP-nin 26 fevral tarixində keçirilən sessiyasında səsləndiyini deyib. Mitinqin keçirilməsi ilə bağlı konkret bir qərarın olmadığını deyən Ə.Orucov yekun qərarın səsvermə ilə veriləcəyini bildirib: "İctimai Palatanın qərarlari səsvermə ilə verilir. AMİP olaraq Palatanın keçən sessiyasında aksiyaların keçirilməsinə qarşı çıxmışdıq. Səbəb də budur ki, aksiyalarin keçirilməsi üçün müəyyən qədər vaxt lazımdır. Həm partiyaların rayon təşkilatlarının hazırlığı, həm də insanların aksiyalara cəlb edilməsi üçün".

 

AMİP-in funksioneri bildirib ki, o hakimiyyətlə siyasi dialoqun tərəfdarıdır: "Bu mənim subyektiv fikrimdir ki, problemləri iqtidarla siyasi dialoq formasında, danışıqlar masasında həll etmək lazımdır. Ola bilər partiya sədri Yusif Bağırzadənin fərqli fikri olsun. Hər şey səsvermədən sonra bəlli olacaq".

 

Qeyd edək ki, siyasi partiyalar, QHT-lər, ziyalılar və son parlament seçkisində namizəd olmuş bəzi şəxslərin 2010-cu ilin dekabrında İctimai Palatası yaradılıb. Qurumun Koordinasiya Şurasına Müsavat başqanı İsa Qəmbər, AXCP sədri Əli Kərimli, AMİP sədri Yusif Bağırzadə, Xalq Partiyasının qurucusu Pənah Hüseyn, hüquq müdafiəçiləri Hacı İlqar İbrahimoğlu, Mirvari Qəhrəmanlı, QHT təmsilçiləri Vidadi Mirkamal və Aqil Səmədbəyli daxildir.

Bütün xəbərlər Facebook səhifəmizdə