"Ərdoğan Türkiyə tarixində iz qoyan liderlərdən biri kimi qalacaq" ÖZƏL-MÜNASİBƏT

"TANAP qaz kəmərinin Avropayla birləşən hissəsinin açılış törənində Azərbaycan Prezidenti İlham Əliyev cənab Ərdoğanın yüksək liderlik keyfiyyətini nəzərdə tutaraq bu fikirləri səsləndirdi: "Bu gün Türkiyə dünya miqyasında güc mərkəzidir. Nəinki yerləşdiyi bölgədə, dünyada Türkiyənin sözünün çəkisi artır, imkanı genişlənir. Hər kəs bilməli və heç kim unutmamalıdır ki, bu qardaş ölkə buna görə kimə borcludur". Bəli, Rəcəb Tayyib Ərdoğan Türkiyə tarixində iz qoyan liderlərdən biri kimi qalacaq və bu gün dünya güclərinin təzyiqlərinə rəğmən qardaş ölkənin müstəqil siyasət yeritməsi həm də onun şəxsiyyətilə bağlıdır". Bu barədə SİA-ya millət vəkili Sahib Alıyev bildirib.

Millət vəkilinin sözlərinə görə, Azərbaycanla yanaşı digər türk dövlətlərinin, o sıradan da Türkiyənin müstəqillik potensialının artmasında, bu gün dünya çapında sözü keçənlərdən birinə çevirilməsində ulu öndər Heydər Əliyevin böyük rolu var: "Məhz onun işləyib-hazırladığı, reallaşdırdığı neft-qaz strategiyası heç bir karbohidrogen ehtiyyatı olmayan Türkiyəni milyardlar qazandırmaqla önəmli enerji oyunçusu etdi. Eyni zamanda da Xəzərin o tayındakı dövlətlərə istehsal etdikləri yanacağı Bakı-Ceyhan kəməriylə dünyaya çatdırmaq perspektivi yaratmaqla onları ancaq bir ölkədən tranzit asılılığından qurtardı. Məhz Bakı-Tbilisi- Ceyhan neft kəmərinin açılışından sonra o dövlətlər istehsal etdikləri neft və qazı əvvəlkindən bir neçə dəfə artıq qiymətə dünya bazarına çıxara bildirlər.

Və Bakı-Tbilisi-Ceyhan təkcə Xəzər neftinin dünyaya çatdırılması baxımından böyük əhəmiyyət kəsb etmir, cənab İlham Əliyevin də vurğuladığı kimi əgər zamanında o kəmər çəkilməsəydi, nə TANAP qarışıq Cənub Qaz Dəhlizi, nə də Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi reallaşasıydı. Yenə də həm Xəzərin o tayındakı qardaşlarımız, həm də Türkiyə üçün böyük perspektivlər açan sonuncu iki layihənin əsas təşəbbüsçüsü və maliyyə yükünü öz üzərinə götürən isə Azərbaycan Prezidenti, Azərbaycan dövləti oldu.

Beləliklə, bir daha təkrar edirəm ki, bu gün qardaş Türkiyənin müstəqil və iddialı siyasət yeritməsində adını çəkdiyim layihələrin, o layihələri reallaşdıran ulu öndər Heydər Əliyevlə cənab İlham Əliyevin zəhmətləri danılmazdır, unudulmamalıdır".

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə