"Azərbaycan-Rusiya münasibətlərində hansı mühüm proseslər baş verecək?" ÖZƏL-ŞƏRH
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva noyabrın 20-də Rusiya Federasiyasına rəsmi səfər edib. Mehriban Əliyeva Rusiya səfəri çərçivəsində bir sıra vacib görüşlər keçirib. Maraqlıdır, bu səfər fonunda qarşıdakı dövrdə həm Azərbaycanın daxili siyasətində, həm də Azərbaycan-Rusiya münasibətlərində hansı mühüm proseslər baş verecək?
Məsələ ilə bağlı Bakı Politoloqlar Klubunun sədri Zaur Məmmədov SİA-ya açıqlamasında deyib ki, qloballaşan dünyada hər bir ölkə istər daxili, istərsə də xarici siyasətində beynəlxalq aləmdə və regionda baş verən siyasi prosesləri də nəzərə almalıdır: “Azərbaycan o qədər çətin regionda yerləşir ki, ayrı-ayrı ölkələrin burada öz maraqları var. Regiona yaxın ən güclü dövlət, ayrı-ayrı ölkələrdə öz maraqlarının reallaşmasına həssaslıqla yanaşan ölkə Rusiyadır. Rusiyanın qonşu ölkələrlə münasibətləri həmin ölkələrdəki daxili siyasi proseslərə də bilavasitə təsir edir. Məsələn, Ukraynaya baxaq. Ukrayna və Gürcüstan hakimiyyətlərinin Rusiyanın maraqlarını nəzərə almaması və eyni zamanda Ermənistanda Sarkisyanın hakimiyyətinin son dövrlərində koalissayağı flört etməsi, bu ölkələrdə hakimiyyətlərin dəyişməsinə gətirib çıxartdı. Eyni zamanda bu ölkələrdə siyasi proseslərin, sosial-iqtisadi vəziyyətin gərginləşməsinin şahidi olduq”.
Politoloq qeyd edib ki, hər bir MDB ölkəsi öz xarici siyasətində həm Avropa, həm ABŞ, həm də Aİ ölkələri ilə münasibətlərinə diqqət etməlidir: “Bu aspektdə Azərbaycan uzun illərdir ki, rasional siyasət yürüdərək dünyada söz sahibi olan ölkələrlə normal münasibətlər qurmağı bacarıb. Hətta Azərbaycanı sevməyən siyasi ekspertlər də bildirir ki, Prezident İlham Əliyevin siyasəti MDB məkanında ən rasional və düzgün siyasətdir”.
Politoloq qarşıdakı dövrdə Rusiya-Azərbaycan münasibətlərinin hansı xətt üzrə inkişaf edəcəyinə də aydınlıq gətirib: “Rusiya-Azərbaycan münasibətlərinə bir neçə prizmadan baxmaq olar. Birincisi, nə qədər ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi var, bu münasibətlər hər zaman enişli-yoxuşlu olacaq... Çünki, Ermənistan Rusiyanın bir nömrəli partnyorudur. Hakimiyyətdə Paşinyan olsa da, Rusiyadakı ermənipərəst qüvvələr və qərbçilər Ermənistana hər zaman vurğu edəcəklər. Son zamanlar mətbuatda tez-tez Azərbaycanda baş verən dəyişikliklərlə bağlı Rusiyanın reaksiyasından bəhs edilir. Rusiyanın bu məsələlərə reaksiyası normal olacaq. Azərbaycanın daxilində ümumiyyətlə, Cənubi Qafqazda baş verən hadisələrlə bağlı Rusiya tərəfi sakitlik nümayiş etdirir. Birinci vitse-prezident Mehriban Əliyevanın Rusiyada keçirdiyi görüşlər olduqca strateji əhəmiyyətlidir. Bu görüşlərdən sonra, biz Rusiyanın Azərbaycana baxışında və Rusiya-Azərbaycan münasibətlərində inkişafın, irəliləyişin şahidi olacağıq. Azərbaycanı və Rusiyanı həm də regional proyektlər bağlayır. Ümumiyyətlə, Rusiya-Azərbaycan münasibətlərinə baxdıqda, bu iki ölkənin də xarici siyasətdə bu illər ərzində öz maraqlarını uzlaşdırmağı bacarmasının şahidi oluruq. Rusiyanın region ölkələrindən əsas istəyi iqtisadi müstəvidə Avropa ölkələri ilə əməkdaşlıq edilsə də, siyasi müstəvidə əlaqələri genişləndirməməkdir. Azərbaycanın marağı iqtisadi münasibətləri Qərblə birmənalı olaraq inkişaf etdirməkdir. Çünki enerji layihələrində bizim əsas alıcımız Avropa İttifaqına daxil olan ölkələrdir. Siyasi müstəvidə isə Azərbaycanın neytral, balanslı siyasət yürütməsi bundan sonra da davam edəcək. Tarix də onu göstərir ki, zaman-zaman Rusiyaya və yaxud Qərbə meylli olan ölkələrin aqibəti yaxşı olmayıb. 1990-cı illərdə Azərbaycanın Qərblə olan isti münasibətləri Qarabağ probleminin həllinə gətirib çıxartmadı. Eyni zamanda Rusiya ilə də zaman-zaman istiləşən münasibətlər bu problemin həlli ilə nəticələnməyib. Məsələ burasındadır ki, bizim üçün ən ağrılı problem olan Qarabağ məsələsində həm Qərb, həm də Rusiya üçün status-kvonun saxlanılması məqbuldur. Hətta dünyəvi xristian, anqlo-saks bloku erməni məsələsinin hər zaman arxasındadır”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB