"Zirvə Toplantısının Yekun bəyannaməsinə diqqəti çəkmək lazımdır ÖZƏL -MÜNASİBƏT
"İlk öncə qeyd etmək istəyirəm ki, oktyabrın 25-26-da dünyanın 120 ölkəsini, 17 müşahidəçi dövləti və 10 müşahidəçi təşkilatı birləşdirən və Birləşmiş Millətlər Təşkilatından sonra dünyanın ən böyük beynəlxalq qurumu olan Qoşulmama Hərəkatına (QH) üzv ölkələrin dövlət və hökumət başçılarının XVIII Zirvə Görüşünün Bakıda keçirilməsi ilə ölkəmiz və regionumuz üçün olduqca mühüm əhəmiyyət kəsb edən siyasi hadisə baş verdi. Bu hadisə ilk öncə ölkəmizin qlobal proseslərdəki rolunun və beynəlxalq nüfuzunun sübutu, ölkəmizə inamın təzahürü, Bakının dialoq mərkəzinə çevrilməsinin göstəricisi idi". Bunu SİA-ya açıqlamasında Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyətinin sədri, fəlsəfə doktoru İlqar Orucov deyib.
Onun sözlərinə görə, QH-na üzv dövlətlərinin əhalisi planetin əhalisinin ümumi sayının yarısından çoxdur və burada qəbul edilən qərarların miqyasının nə qədər geniş arealı əhatə etməsini nəzərə alsaq, paytaxtımızın bu qurumun baş toplantısına ev sahibliyi etməsi ölkəmiz üçün tədbirin önəmini bir daha aydın görünür: "Eyni zamanda, dünyanın diqqətinin Bakıya yönəlməsini xüsusilə vurğulamaq lazımdır. Digər faktor QH-nın prinsiplərinin ölkəmizin xarici siyasət prioritetləri ilə eyniliyindədir. Belə ki, bu beynəlxalq qurum üzv dövlətlərin ərazi bütövlüyü məsələsində birmənalı olaraq beynəlxalq hüququn təməl prinsiplərindən çıxış edərək konkret mövqe ortaya qoyur və ölkəmizlə bağlı mövqeyində QH dövlətləri yekdilliklə Azərbaycanın ən böyük problemi olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsini məhz beynəlxalq səviyyədə torpaqlarımızın ərazi bütövlüyü prinsipləri əsasında həllinə tərəfdardır. QH-nın Nazirlər Şurasının iclasında qəbul olunmuş yekun sənəddə də bu fakt öz əksini tapmışdır ki, bu da dünya dövlətlərinin üçdə iki hissəsinin birmənalı mövqeyi deməkdir.
Bildiyimiz kimi, Bakıda qurumun növbəti Zirvə Görüşündə sədrliyin Azərbaycana keçməsi ilə növbəti 3 il müddətində dövlətimizin qlobal proseslərdəki rolu və nüfuzu daha da artacaq və beləliklə də, beynəlxalq müstəvidə mövqelərimiz bir qədər də möhkəmlənərək iqtisadi və siyasi əlaqələrinmizin genişlənməsi ölkəmizin mövqelərini dəstəkləyən ölkələrin sırasının artmasına gətirib çıxaracaq. QH-nın dialoq masası, qarşılıqlı yardımlaşma və iqtisadi əməkdaşlıq platforması olmasını nəzərə alsaq indidən ölkəmizin bu istiqamətlərdə geniş potensialını realizə etmək imkanlarının reallaşması ilə iqtisadi-siyasi dividentlər əldə etməsi mümkünlüyünü xüsusilə qeyd edə bilərik. Eləcə də, bu platforma çərçivəsində Azərbaycanın nəqliyyat dəhlizi kimi Şərq və Qərb, eləcə də Cənub və Şimal arasında oynadığı misilsiz rolun önəmini bir daha gündəmə gətirir.
Və nəhayətdə, QH kimi nüfuzlu platformanın Dövlət və Hökumət başçılarının iştirakı ilə keçirilən Zirvə Toplantısının Yekun bəyannaməsinə diqqəti çəkmək lazımdır. Belə ki, sənəddə ölkəmiz üçün mühüm əhəmiyyət kəsb edən milli maraqlarımızın əksini tapdığı bəndlərin qəbul edilməsi və xüsusilə də, Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı bəndlərində Ermənistan işğalçı dövlət kimi tanınması, dövlətimizin ərazi bütövlüyünün, suverenliyinin, beynəlxalq tanınmış sərhədlərinin pozulmaz olduğun bir daha əks olunması olduqca vacib məqamlardır və bütün bunlar Prezident İlham Əliyevin rəhbərliyi ilə xarici siyasətimizin növbəti uğuru sayılmalıdır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB