Prezident İlham Əliyev: "Vergidən başqa heç bir ödəniş ola bilməz"
Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 23-də Mikayıl Cabbarovu yeni vəzifəyə təyin olunması ilə əlaqədar qəbul edib, xüsusi tapşırıqlarını verərəkən, bəzi dövlət məmurlarının öz şəxsi bizneslərini üstün tutduqlarını, daha doğrusu, haqsız rəqabət apardıqlarını da vurğulayıb. Həmçinin, sahibkarların hüquqlarının qorunması və onların məmurlar tərəfindən incidilməməsilə bağlı xüsusi tapşırıq verib.
Prezidentin verdiyi tapşırıqda sahibkarlardan alınan qanunsuz ödənişlərə son qoyulması tapşırılıb. Ölkə başçısı "vergidən başqa heç bir ödəniş ola bilməz" deməklə, sahibkarları hansı qanunsuz ödənişlərdən xilas etmiş oldu?
"Dövlət sahibkarlar üçün ən yaxşı tərəfdaşdır"
Son illərdə Azərbaycanda müşahidə olunan yüksəliş və tərəqqi, iqtisadiyyatın sürətli artım tempi respublikada həyata keçirilən uğurlu islahatların nəticəsi olmaqla yanaşı, həm də sahibkarlığa göstərilən yüksək diqqət və qayğının təzahürüdür.
Xüsusi olaraq, vurğulamaq lazımdır ki, ölkədə sahibkarlığın daha da inkişafı üçün biznes mühitinin daim yaxşılaşdırılması, müvafiq qanunvericilik bazasının təkmilləşdirilməsi, yerli və xarici investisiyaların, müasir texnologiyaların, idarəetmə təcrübəsinin cəlb edilməsi və bu yolla yüksək keyfiyyətli, rəqabətqabiliyyətli məhsulların istehsal edilməsi Prezident İlham Əliyevin müəyyən etdiyi iqtisadi inkişaf strategiyasının prioritetlərindəndir. Eyni zamanda, sahibkarlığa dövlət himayəsinin sistemli şəkildə həyata keçirilməsi, sahibkarlara dəstək tədbirlərinin səmərəsinin yüksəldilməsi, bu sahədə mühüm nailiyyətlərin əldə edilməsinə səbəb olub.
Bu faktoru təsdiqləyən amil sahibkarlara böyük dəstək olacaq yeni agentliyin yaradılmasıdır. "Dövlət sahibkarlar üçün ən yaxşı tərəfdaşdır" deyən Azərbaycan Prezidenti hələ bir neçə il öncə, hər bir sahə üzrə konkret proqramları, planların və böyük maliyyə resurslarının olduğunu söyləyəndə, məhz belə layihələri nəzərdə tuturdu. İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında imzaladığı Fərman da deyilənləri təsdiqləyir. Agentliyin əsas məqsədi kiçik və orta sahibkarların dostuna çevrilməsi və eyni zamanda, sahibkarlığın hüquqi təminatının gücləndirilməsi, regionlarda sahibkarlığın inkişafına əlverişli şərait yaradılması əsasında dayanıqlı inkişafın təmin edilməsidir.
Kiçik və orta sahibkarlıq - dövlətin iqtisadi qüdrətini artıran başlıca amil
Ən əsas məqam isə, bəzi dövlət məmurlarının sahibkarların işlərinə mane olmaqları ilə, çirkin əməllərini həyata keçirənlərə sərt mesajlar da verib: "Kiçik və orta sahibkarlığın inkişafı dövlətin iqtisadi qüdrətini artıran başlıca amildir. Ancaq təəssüflər olsun ki, bəzi məmurlar buna, doğrudan da, maneçilik törədirlər".
Dövlət başçısı çıxışı zamanı sahibkarlara qarşı yönəlmiş o çirkin əllərin kəsilməsini sərt halda bildirdi: "Biz çox yaxşı bilirik ki, inkişaf etmiş ölkələrdə ümumi daxili məhsulda əsas rolu kiçik və orta sahibkarlar oynayır. Bizdə isə, hələ ki, belə deyil. Biz də çalışmalıyıq elə bir şərait yaradaq ki, hər bir istedadlı insan, biznesə meyili, həvəsi olan hər bir insan bizneslə məşğul ola bilsin, məmur təzyiqindən, müdaxiləsindən azad olsun. Sahibkarlara yönəlmiş o çirkin əllər gərək kəsilsin. Bəzi hallarda dövlət məmurları, yerli icra orqanlarının rəhbərləri, nümayəndələri imkan vermirlər, xüsusilə, bölgələrdə. Əgər indi kimsə özü üçün bir balaca iş qurursa, gəlib zəli kimi onun bədənindən yapışırlar, qanını sorurlar. Belə adamlara qarşı çox ciddi tədbirlər görüləcəkdir. Hüquq-mühafizə orqanları artıq məndən çox ciddi tapşırıq alıblar və siz nazir kimi çalışmalısınız ki, belə hallara yol verilməsin, əgər yol verilərsə, dərhal məni məlumatlandırın. Belə yaramaz məmurlara qarşı ən ciddi sanksiyalar və tədbirlər görüləcəkdir. Ona görə biz sahibkarlara nəfəs verməliyik ki, onlar rahat işləsinlər. Vergidən başqa heç bir ödəniş ola bilməz".
"Vergidən yayınmaya son qoyulmalıdır"
Dövlət başçısı vergi ilə bağlı məsələyə daima diqqət yetirərək dönə-dönə vurğulayıb ki, vergidən yayınmaya son qoyulmalıdır: "Bu, həm iri, həm kiçik sahibkarlara aiddir. Sahibkarlar da bilməlidirlər ki, əgər onlar sahibkarlar kimi öz fəaliyyətini davam etdirmək istəyirlərsə, vergiləri tam ödəməlidirlər. Heç kimə heç bir güzəşt edilmir və edilməyəcək. Bilirəm ki, bəzi sahibkarlar bəzi dövlət məmurlarına arxalanırlar, o dövr artıq keçibdir. Heç kimə arxalanmasınlar. Əgər hansısa bir dövlət məmuru sahibkarlara xüsusi şərait yaratmaq üçün qanunsuz əməllər edəcəksə, çox ciddi şəkildə cəzalandırılacaq. Bütün müvafiq qurumlara göstəriş verildi, ilk növbədə, Vergilər Nazirliyinə. Bu nazirlik heç nəyə baxmadan, dövlət maraqlarını rəhbər tutaraq, öz siyasətini aparmalıdır. Bütün dövlət qurumları, o cümlədən, sahibkarlar bu sahədə öz dəstəyini verməlidirlər. Dəstək verməyən isə cəzalandırılacaq".
Prezident İlham Əliyev ölkənin, həqiqətən, "böyük yarası" sayılan haqsız rəqabətin əsas kökünü açdı...
"Haqsız rəqabət, bu da, bizim üçün böyük yaradır. Buna təkan verən dövlət məmurlarıdır, hansıların ki, biznes maraqları var. Onlar öz imkanlarından istifadə edərək rəqibləri sıradan çıxarırlar, bəzi hallarda, şərləyirlər. Elə şərait yaradırlar ki, onlar məcbur olub ya bizneslərini satsınlar, ya da ki, çıxıb getsinlər".
Bunu Prezident İlham Əliyev Mikayıl Cabbarovu yeni vəzifəyə təyin olunması ilə əlaqədar qəbul edən zaman deyib. Ölkə başçısının fikrincə, belə hallara yol vermək olmaz: "Mən bilirəm, sizə nazir kimi, xüsusilə, vergilər naziri kimi, bəziləri təzyiqlər göstərməyə çalışırdılar ki, bizim biznesimizə dəymə. Mən bilirəm ki, siz onların qarşısında çox mətanətlə çıxış etmisiniz. Mən bunu həmişə dəstəkləmişəm və sizə həmişə dəstək olmuşam. Demişəm ki, heç kimə baxmadan, bütün işlər ən yüksək səviyyədə görülməlidir. Heç kim heç bir imtiyaza sahib ola bilməz. Bir imtiyaz var: vergini vermək, Vətənə ləyaqətlə xidmət etmək və pozuntulara yol verməmək. Ona görə sizin qarşınızda çox böyük vəzifələr dayanır. Ölkə iqtisadiyyatının dayanıqlı inkişafı bizim üçün hazırda əsas prioritet məsələdir. Dediyim kimi, bu, imkan verəcək ki, biz sosial sahəyə daha böyük vəsait ayıraq".
Göründüyüu kimi, həqiqətən, bəzi məmurların biznesi himayə etməsi sahibkarlıq sektorunda haqsız rəqabətə yol açırdı. Bu da, biznesin inkişafını əngəlləyir, rəqabətin qarşısını alırdı. Dövlət başçısı bu problemin kökünü açmaqla, çox vacib məsələyə toxundu. Bununla da, bundan sonra haqsız rəqabətə qarşı daha sərt mübarizə aparılacaq.
«Vergi planının yerinə yetirilməsi çox yüksək qiymətə layiq olan məsələdir"
Dövlət başçısı Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasındakı yekun niqtində bildirib ki, artıq bu gün vergi sahəsində bütün özbaşınalıqlara son qoyulub: "Vergi sahəsində də çox dərin islahatlar aparıldığını deyən ölkə başçısı vurğulayıb ki, vergi planının yerinə yetirilməsi çox yüksək qiymətə layiq olan məsələdir. Çünki əvvəlki rəhbərlik tərəfindən buraxılmış kobud səhvlər, ona gətirib çıxarmışdı ki, gələn illərin vergiləri yığılırdı, beləliklə, bir piramida yaradılırdı, sahibkarlar incidilirdi, onlara qarşı əsassız tələblər irəli sürülürdü. Vergi sahəsində özbaşınalıq hökm sürürdü, bir çox xoşagəlməz əməllər müşahidə olunurdu. Bütün bunlara son qoyulmalı idi və son qoyuldu".
Dövlət başçısı ötən ilin təcrübəsinə əsaslanaraq, onu da bildirib ki, həm vergi, həm gömrük sahəsində yeni rəhbərlik mənim göstərişlərimi yaxşı yerinə yetirir: "Biz bu sahələrdə aparılan islahatların nəticələrini bundan sonrakı illərdə də aparılan islahatlar, şəffaflaşma, vergi ödənişində yüksək etimad mühitinin yaradılması istiqamətində görülən işlər, sosial sahədə aparılan islahatlar ölkədə sürətli inkişaf üçün yeni imkanlar açdı". Bu yerdə onu da əlavə edək ki, Azərbaycan "Doing Business 2020" reytinqində 190 ölkə arasında yenə də ilk sıralarda qərarlaşıb ki, bu da ölkədə aparılan iqtisadi islahatların daha bir göstəricisidir.
Bir sözlə, bütün bunlar, bir daha təsdiqləyir ki, Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulan, hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən vergi siyasəti hər bir vətəndaşın maraq və mənafeyini özündə ehtiva edir. Vətəndaşların maraqlarına yönələn vergi siyasətinin həyata keçirilməsi isə, ölkəmizin sürətli sosial-iqtisadi inkişaf prosesinin davam etməsinə öz töhfələrini bundan sonra da verəcəkdir.
RƏFİQƏ KAMALQIZI
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB