Başqanlığa namizədlərin ittihamları başladı İsa Qəmbər hədəfdə!

Yadigar Sadıqlı: “Müsavatın çöküşü davam edəcək”

Müsavatın eks-başqanı İsa Qəmbərin partiyanın qarşıdan gələn qurultayında Arif Hacılını dəstəkləyəcəyi, eləcə də müsavatçıları da ona səs verməyə çağırması birmənalı qarşılanmayıb. SİA xəbər verir ki, başqanlığa digər namizəd Yadigar Sadıqlı belə bir çağırışın yolverilməz olduğunu bildirib və Arif Hacılının yenidən başqanlığa seçiləcəyi tədqirdə bu təşkilatın daha dərin iflasa uğrayacağı proqnozunu verib. Belə ki, Yadigar Sadıqlı İsa Qəmbərin mövqeyindən təəssüfləndiyini bildirib və qeyd etdiyinə görə, məlum oldu ki, neqativ münasibət partiyaya deyil, onun mövcud rəhbərliyinədir.

Başqanlığa namizəd: “Arif Hacılıya qalib gəlmək olardı, lakin İsa Qəmbərlə tandemində qalibiyyət çox müşkül görünür”

“Təəssüf ki, partiyanın önəmli ismi İsa Qəmbərin açıqladığı mövqe belə bir mümkün dəyişikliyin baş tutması ehtimalını xeyli aşağı salır”, deyə bildirən Yadigar Sadıqlı İsa Qəmbərin partiyada nüfuzunun qaldığını etiraf etsə də qeyd edib ki, hətta bir çoxları üçün onun mövqeyi həlledicidir. Bu baxımdan o, rəqibi Arif Hacılıya qalib gəlməyin çətin olduğunu deyib: “Arif Hacılıya qalib gəlmək olardı, lakin İsa Qəmbərlə tandemində qalibiyyət çox müşkül görünür”.

"Bəlkə..." sualı qarşısında əzab çəkmək istəmirəm”

O öz iddiasından geri dönməyəcəyini və İsa Qəmbərin Arif Hacılını dəstəkləməsinə rəğmən, sona qədər namizəd olacağını bəyan etməklə yanaşı, eks-başqanın bu dəfə də mövqeyini dəyişməyəcəyini, bu mövqenin onun üçün gözlənilməz olmadığını deyib: “Mübarizə aparıb qalib gəlməyə çalışacam. Çünki Arif Hacılının başqanlığı dövründə Müsavatın çöküşü davam edəcək. O zaman mən heç olmazsa "bacardığımı etdim" deyə vicdan rahatlığı ilə yaşamaq istəyirəm, "bəlkə..." sualı qarşısında əzab çəkmək istəmirəm. İsa bəyin mövqeyi mənim üçün gözlənilməz olmadı”.

Xatırladaq ki, Tofiq Yaqublunun tərəfdarları sosial şəbəkələrdə onu dəstəkləyən rəylər yazmaqla, İsa Qəmbərin tərəf tutmasını partiyanın parçalanacağı ilə əlaqələndiriblər.

Müəllif: Rövşən

Bütün xəbərlər Facebook səhifəmizdə