Rövşən Novruzoğlu: "Xocalı faciəsi hələ tam şəkildə araşdırılmayıb" - AÇIQLAMA

Rövşən Novruzoğlu: "Xocalı faciəsi hələ tam şəkildə araşdırılmayıb" - AÇIQLAMA

Xocalı faciəsi hələ tam şəkildə araşdırılmayıb. Bunu SİA-ya açıqlamasında politoloq Rövşən Novruzoğlu deyib. Onun sözlərinə görə, Xocalı faciəsi törədilməmişdən qabaq ABŞ-dakı erməni araşdırma mərkəzinin bir sıra nümayəndələri Ermənistana məktub göndərib. Məktubda qeyd olunurdu ki: "Nəyin bahasına olursa olsun Azərbaycanda hakimiyyət dəyişməyənə qədər bu soyqırımı törətmək lazımdır. Çünki Heydər Əliyevin hakimiyyətə gəlməsi Dağlıq Qarabağ ətrafında nəzərdə tutulan planların məhvi deməkdir".

 

Politoloq eyni zamanda deyib ki, soyqırımının törədilməsini səbəbləri müxtəlif olub: "Ermənilərin ilkin niyyəti azərbaycanlılara qarşı genetik tərzdə soyqırımı törədərək bir növ qorxutmaq idi. Bu Azərbaycan genefonduna qarşı yönələn bir soyqırımının, etnik təmizləmənin davamı idi. Xocalıda baş verənlər çox ciddi hadisələrdir. O vaxtki hakimiyyətin Müdafiə Naziriliyi iddia edirdi ki, əhalinin mühasirədən çıxarılması üçün təhlükəsiz nöqtələr yoxdur. Bu aydınlaşdırılmamış bir xəbər idi. Çünki, oradan çıxış nöqtələri ilə bağlı kəşfiyyat materialları olmayıb. Belə ki, o vaxtki dövrdə hərbi sfera çox passiv idi. Bütün məlumatlar kimə gəlirdi, kimə gedirdi bilinmirdi. İnsanların çıxarılması üçün Xocalının müəyyən azad istiqamətləri var idi. Yerli əhalini bu istiqamətdə çıxarmaq mümkün idi. Təəssüf ki, bu olmadı. Xocalının verilməsində o vaxtki iqtidarı ittiham etməyin vaxtı çatıb artıq. Rəqəmlərin bu günə kimi təhrif olunmamsı da narahatedici məqamlardan biridir. Eyni zamanda soyqırım zamanı istifadə olunan kimyəvi və bioloji silahlarda tədqiq olunmayıb".

 

Potoloq vurğulayıb ki, Qarabağı öz əllərində saxlamaqla Azərbaycanı diz çökdurmək istəyən Rusiyanın 366-cı motoatıcı alayının və "Böyük Ermənistan" yaratmaq xülyasıyla Azərbaycana və azarbaycanlılara düşmən kəsilmiş erməni faşistlərinin birgə törətdiyi dəhşətli soyqırım idi: "Azərbaycan Respublikasının əsas ərazisi ilə əlaqəsi kəsilən, 50-60 ədəd avtomat silah və ov tüfəngi ilə silahlanan özünümüdafiə dəstəsi olan Xocalı şəhəri ətrafında ən müasir texnika ilə təpədən dırnağa qədər silahlanan ermənilər şəhərin mühasirə halqasını günü gündən daha da sıxıb və 1992-ci il fevralın 25-də gecə saat 22 radələrində Xocalı şəhərinə 366-cı motoatıcı alayının komanda heyəti və hərbi texnikası ilə birgə hücuma keçib. Hücumda ermənilər tərəfindən mayor Ohanyan Seyran Muşeqoviçin komandası altında 366-cı alayın 2-ci batalyonu, Yevgeni Nabokixin komandası altında 3-cü batalyonu, 1-ci batalyonun qərargah rəisi Çitçyan Valeriy Isayeviç və alayda xidmət edən 50-dən atrıq erməni millətindən olan zabit və praporşiklər, tanklar, piyadaların döyüş maşınları, toplar, D-30 qaubitsası və digər müasir hərbi texnika iştirak ediblər".

 

Qeyd edək ki, Xocalıda öldürülən 613 nəfərdən 106 nəfəri qadın, 63 nəfəri uşaq, 70 nəfəri qoca insanlar olub. Xocalı faciəsində 8 ailə bütövlükdə məhv edilib, 24 uşaq hər iki valideynini, 130 uşaq isə valideyinlərindən birini itirib. Bu cinayətdə 56 nəfər xüsusi qəddarlıqla və amansızlıqla qətlə yetirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə