Paytaxtımız «IAEA – 2019» Beynəlxalq Konfransına ev sahibliyi edir

Paytaxtımız «IAEA – 2019» Beynəlxalq Konfransına ev sahibliyi edir

Konfrans təhsilin səmərəliliyini artırmağa və dünyanı daha da yaxşılaşdırmağa öz töhfəsini verəcək

Azərbaycan ölkə təhsili üçün əhəmiyyətli hadisələrdən biri olan «Təhsilin Qiymətləndirilməsi üzrə Beynəlxalq Assosiasiya»nın "Qiymətləndirmə və qərarvermə: fərdi və institusional həll yolları" mövzusunda «IAEA - 2019» 45-ci illik Beynəlxalq Konfransına ev sahibliyi edir. Belə beynəlxalq konfransın paytaxtımızda təşkili təhsilə olan diqqətin, ən əsası isə, ölkəmizin nüfuzunun göstəricisidir.
Bu gün Ümummilli Lider Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən, ideyalarını gerçəkləşdirən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin siyasətinin məntiqi nəticəsi olaraq, ölkənin davamlı iqtisadi inkişafı təmin edilib, yerlərdə sosial-mədəni infrastruktur obyektləri yenidən qurulub, yeni istehsal, habelə, xidmət müəssisələri istifadəyə verilib. Azərbaycan beynəlxalq miqyaslı mötəbər yarışlara, qlobal forumlara, konfranslara, bir sözlə, nüfuzlu tədbirlərə ev sahibliyi edir. Bütün bu tədbirlər Azərbaycanın gücünü, potensialını və təşkilatçılıq qabiliyyətini bir daha nümayiş etdirir. Ölkəmizdəki uğurlu inkişaf, sabitlik və əmin-amanlıq beynəlxalq tədbirlərin keçirilməsində əlverişli məkandır. Uğurla inkişaf edən Azərbaycanda, bildiyimiz kimi, təhsilin inkişafı, müasir dövrün çağırışlarına uyğun qurulması istiqamətində ardıcıl tədbirlər həyata keçirilir və bu, davamlı xarekter daşıyır. Təhsildəki nailiyyətlər, məhz bu diqqətin nəticəsidir.
Xatırladaq ki, «IAEA»-nın illik konfransı ölkəmizdə ikinci dəfədir təşkil olunur. Bakıda ilk dəfə 2007-ci ildə keçirilib. «IAEA» 1975-ci ildən başlayaraq, hər il bu cür konfranslar keçirir. Azərbaycan MDB ölkələri arasında «IAEA» tərəfindən belə bir konfrans keçirilən ilk ölkə olub. Ötən 12 il ərizində, dünya bir çox yeni nəzəri, mədəni və texnoloji yeniliklərin təsirlərinə məruz qaldığından, bütün bunlar, öz növbəsində, öyrətməyə, öyrənməyə və ümumilikdə, təhsilə təsirsiz ötüşməyib. Bu böyük dəyişikliklər təhsildə qiymətləndirmədə də dəyişikliklərə gətirib çıxarır.
Bu ilki konfransın işində Azərbaycanla birgə 55 ölkədən 300-dən çox nümayəndə iştirak edir. «IAEA – 2019» təhsilin qiymətləndirilməsini necə inkişaf etdirmək məsələsin, ön plana çəkib.
Konfransın "Qiymətləndirmə və qərarvermə: fərdi və institusional həll yolları" mövzusu aparılan araşdırmanın və tətbiq edilən təcrübənin mərkəzində qiymətləndirmənin məqsəd və istifadəsini ortaya qoyur. Bu konfrans təhsilin səmərəliliyini artırmaq və dünyanı daha da yaxşılaşdırmağa öz töhfəsini verəcəkdir.
"AZƏRBAYCAN POSTSOVET MƏKANINDA MÜASİR QİYMƏTLƏNDİRMƏ SİSTEMİNİ TƏTBİQ EDƏN İLK ÖLKƏLƏRDƏN"
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Xanım Əliyevanın Təhsilin Qiymətləndirilməsi üzrə Beynəlxalq Assosiasiyanın 45-ci illik Beynəlxalq Konfransının iştirakçılarına ünvanladığı təbrik məktubunda, qeyd olunduğu kimi, biliyin qiymətləndirilməsi təhsil sahəsinin ayrılmaz tərkib hissəsidir. Müxtəlif bilik və bacarıqların yoxlanılması zamanı nəticələrin obyektiv qiymətləndirilməsi və müasir ölçmə metodlarından istifadə edilməsi böyük əhəmiyyətə malikdir. "Qiymətləndirmə və qərarvermə: fərdi və institusional həll yolları" mövzusuna həsr olunan hazırkı konfrans, bu baxımdan, təhsildə qiymətləndirmənin keyfiyyətinin artırılmasına, eləcə də, qiymətləndirmə və qərarvermədə yeni tendensiyaların yaradılmasına öz töhfəsini verəcəkdir".
Məktubda Mehriban Əliyeva, Azərbaycanın təhsil sistemində son illərdə qazandığı uğurları qeyd edərək, Azərbaycanın postsovet məkanında müasir qiymətləndirmə sistemini tətbiq edən ilk ölkələrdən olduğunu diqqətə çəkib: "Sistemin fəaliyyəti cəmiyyətimiz və qiymətləndirməni təşkil edən forumlar tərəfindən indi də yüksək dəyərləndirilir. Ölkəmizdə, eyni zamanda, beynəlxalq qiymətləndirmənin inkişaf prinsiplərinə əsaslanaraq lazımi araşdırmalar aparılmış və bu istiqamətdə normativ-hüquqi baza təkmilləşdirilmişdir. Qərar qəbuletmə prosesində qiymətləndirmənin etibarlılığı və daha düzgün qərar qəbul etmək üçün müvafiq qiymətləndirmə üsullarının müəyyən edilməsi aktual məsələlərdəndir".
Konfransda qiymətləndirməyə əsaslanan qərar qəbuletmənin müxtəlif perspektivləri müzakirə edilir. Bu sıraya ibtidai təhsildə test, dil biliklərinin qiymətləndirilməsi, qiymətləndirmə sistemləri, sinif qiymətləndirməsi, qiymətləndirmə fəlsəfələri, qiymətləndirmənin yoxlanılması sistemləri, qiymətləndirmənin tərtib olunması, müəllimlərin sertifikasiyası daxildir. Həmçinin, qərar qəbuletmə, siyasətin formalaşdırılması, ali təhsil, qiymətləndirmə strategiyaları, müəllim inkişafı, psixoloji qiymətləndirmə, müəllim hazırlığı və qiymətləndirmə, yazı işlərinin qiymətləndirilməsi, diaqnostik qiymətləndirmə, qiymətləndirmə standartları, testdə keyfiyyətin təmin olunması, seçim üçün qiymətləndirmə, texnologiya, qiymətləndirmə islahatları, qiymətləndirmənin tətbiqi modelləri, qəbul proqnozları, regional inkişaf və s. müzakirə olunur.
«IAEA – 2019» TƏHSİLİN QİYMƏTLƏNDİRİLMƏSİ SAHƏSİNDƏ PROBLEMLƏRİN MÜZAKİRƏSİ BAXIMINDAN GÖZƏL PLATFORMADIR
Konfrans çərçivəsində "İbtidai təhsildə test", "Dilin qiymətləndirilməsi", "Qiymətləndirmə sistemləri", "Sinif qiymətləndirməsi", "Qiymətləndirmə fəlsəfələri" mövzularında sessiyalar keçirilib. Sessiyalarda çıxış edənlər mövzularla bağlı apardıqları araşdırmalardan və təmsil etdikləri ölkələrin təcrübəsindən danışıblar. Tədbir zamanı təhsilin qiymətləndirilməsi ilə məşğul olan ekspert və tədqiqatçılar öz fikirlərini bölüşür və bu sahədə mövcud çağırışlara həll yolları tapmağa çalışırlar. Sessiyalarda irəli sürülən ideya və təkliflər ölkələrin təhsil sistemlərinin daha da təkmilləşməsinə kömək edir.

Nəzakət ƏLƏDDİNQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə