YAP Binəqədi rayon təşkilatında ərazi ilk partiya təşkilatlarının sədrləri ilə görüş keçirilib

YAP Binəqədi rayon təşkilatında ərazi ilk partiya təşkilatlarının sədrləri ilə görüş keçirilib

Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatında ərazi ilk partiya təşkilatlarının sədrləri ilə görüş keçirilib. Görüşdə bir sıra məsələlər müzakirə olunub və fikir mübadiləsi aparılıb. Görüşü YAP Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov açaraq, görüşün çox əlamətdar bir günə – «Əsrin müqaviləsi»nin imzalanmasının 25 illiyinə təsadüf etdiyini vurğulayıb. Bildirib ki, «Əsrin müqaviləsi»nin imzalanması Ümummilli Lider Heydər Əliyevin əvəzsiz xidmətlərindən olub, ölkəmizin iqtisadi potensialının yüksəldilməsi və xalqımızın rifah halının daha da yaxşlaşdırılmasına əsaslı zəmin yaratmışdır: «Bu müqavilə, həm də ölkəmizin qüdrətinin daha da artmasına və sosial islahatların davamlı xarakter almasına gətirib çıxarmışdır.» R.Göyüşov çıxışında 10-17 sentyabr tarixlərində YAP nümayəndə heyətinin Çinə işgüzar səfərində iştirak etməsindən və səfər çərçivəsində keçirilən mühüm görüşlərdən söhbət açıb, təəssüratlarını bölüşüb. Həmçinin, 19 sentyabr tarixində YAP Binəqədi və YAP Pirallahı rayon təşkilatlarının birgə təşkilatçılığı ilə tarixi Neft Daşlarına edilən ziyarət və orada keçirilən rəsmi tədbir haqqında ətraflı məlumat verib.
R.Göyüşov çıxışında qarşıdan gələn bələdiyyə seçkilərinə toxunaraq, seçkilərin tarixindən və yüksək əhəmiyyətindən danışıb. Onun sözlərinə görə, rayon təşkilatı partiya rəhbərliyinin tapşırıq və tövsiyyələrinə uyğun olaraq artıq seçkilərə hazırlıqlara başlayıb. Tədbirdə ilk partiya təşkilatlarında uçot-dəqiqləşdirmə işlərinin mütəmadi və operativ olaraq aparılmasının vacibliyini bildirib. Partiya üzvləri ilə daim ünsiyyətin saxlanılmasının və onlarla birgə layihələrin, tədbirlərin keçirilməsinin önəmini qeyd edib.
R.Göyüşov çıxışının sonunda günümüzün mühüm sosial ünsiyyət vasitələrindən biri olan sosial şəbəkələrin aktiv rolundan danışıb. Vurğulayıb ki, partiya üzvləri sosial şəbəkələrdə daim fəal olmalı, dövlət başçısı Prezident İlham Əliyev tərəfindən həyata keçirilən mühüm iqtisadi, siyasi və sosial islahatlar barədə maarifləndirici məlumatlar paylaşmalıdırlar. Həmçinin, dövlətimiz və ölkə rəhbərliyi haqqında əsassız informasiyalar yayan, ictimaiyyəti çaşdırmağa cəhd edən xaricdən maliyyələşən bir qrup insan ifşa edilməli və həqiqətlər diqqətə çatdırılmalıdır.

ZÜMRÜD BAYRAMOVA

Bütün xəbərlər Facebook səhifəmizdə