İldırım Məmmədov: "Formasından asılı olmayaraq orduda baş verən insidentlər bizim üçün baş ucalığı deyil"
Silahlı Qüvvələrin mövcud olduğu ölkələrdə bu kimi hadisələr baş verir. Bizim ölkəmiz də balaca olduğuna görə müharibə şəraitini də nəzərə alsaq, bu kimi hadisələr əks-səda verir. Bunu SİA-ya açıqlamasında hərbçi ekspert İldırım Məmmədov deyib. Onun sözlərinə görə, orduda baş verən insidentlər hansı formada olmasına baxmayaraq bizim üçün baş ucalığı deyil. Hərbçi ekspert həmçinin Silahlı Qüvvələrdə baş verən son insidentə münasibətinin mənfi olduğunu vurğulayıb: "İstərdim ki, belə hallar olmasın. Ancaq mən deyə bilərəm ki, son hadisə 15 ildən çox müharibə vəziyyətində olan bir dövlət üçün müsbət hal kimi qiymətləndirmək olmaz. Cəmiyyətdə az yetişən, az qidalanan və psixoloji durumu möhkəm olmayan insanların orduya cəlb olunması bu kimi halları qaçılmaz edir. Hazırda həqiqi hərbi xidmətə çağrılan Azərbaycan vətəndaşlarının yaş həddi 18 yox 20 olmalıdır. Çünki 20 yaşında olan gənc tam formalaşmış olur. Eyni zamanda yaxşı qanunvericilik bazası olmalıdır".
Hərbçi ekspert həmçinin Milli Məclisin Təhlükəsizlik və Müdafiə Komitəsinin üzvü Zahid Orucun jurnalistlərə verdiyi "Son altı ildə həyatını itirən hərbçilərin sayı 600-dən çoxdur" açıqlamasına da münasibət bildirib: "Onların bir qismi sovet ordusunda qulluq edib ya fəraridir, ya da pul ilə hərbi bilet alıblar. Bu qədər itkilər yoxdur. Onlar monitorinq aparmırlar. Bu kökündən səhv məlumatdır. Ondansa ordunun müasir orduya keçid formasını müzakirə etsinlər. Bundan əlavə dəmirə ayırdıqları pulun əvəzinə ordunun sosial durumuna nəzər yetirsinlər. Eyni zamanda cəbhədə yer dəyişmə olmalıdır. Nəyə görə həmişə orada Müdafiə Nazirliyinin əsgərləri olmalıdır? Daxili Qoşunlar, Sərhəd Qoşunları da öz iş bacarıqlarını ortaya qoysunlar. Bu fikrilər düz deyil".
Qeyd edək ki, Prezident İlham Əliyev Müdafiə Nazirliyinin hərbi bölməsində 7 hərbçinin öldürülməsi ilə bağlı baş verən son hadisənin araşdırılmasına dair xüsusi tapşırıq verib.
Bütün xəbərlər Facebook səhifəmizdə