"ATƏT-in Minsk Qrupunun səmərəsizliyinə diqqət çəkilməlidir" ÖZƏL-ŞƏRH

"ATƏT-in Minsk Qrupunun səmərəsizliyinə diqqət çəkilməlidir" ÖZƏL-ŞƏRH

"Fransa ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrindən biri kimi münaqişə vəziyyəti ilə bağlı davranışlarına diqqət yetirməlidir. Çox təəssüf ki, biz bunu görmürük. Bir müddət öncə Fransanın bir sıra regionları Ermənistan tərəfindən işğal altında saxlanılan ərazilərlə yəni separatçı rejimlə “qardaşlıq”, “dostluq” razılaşmaları imzalamışdı". Bunu SİA-ya açıqlamasında politoloq Elşad Mirbəşiroğlu deyib.

Politoloqun sözlərinə görə, Azərbaycan tərəfinin ciddi səyləri nəticəsində Fransa məhkəməsi bu sənədlərin ümumi qüvvəsinə xitam verdi: "Sentyabr ayında Fransa parlamentinin bir qrup üzvünün qondarma “DQR”-ya səfər etməsi təbii ki, bir daha aydın göstərir ki, Fransa münaqişə vəziyyəti ilə bağlı qeyri-obyektiv mövqeyində israrlıdır. Çünki biz davamlı olaraq separatçı rejimlə əlaqələrinə görə, Fransaya iradlarımızı bildiririk lakin Fransa bundan bir nəticə çıxarmır. Bu bir daha ona dəlalət edir ki, Fransa ATƏT-in Minsk Qrupunun həmsədr ölkəsi kimi münaqişənin dinc vasitələrlə tənzimlənməsi istiqamətində səmərəli fəaliyyət göstərə bilmədi.

Qeyd etmək lazımdır ki, qondarma rejimdə sentyabr ayının 8-də baş tutmuş “seçki”lərlə bağlı ATƏT-in Minsk Qrupunun bəyanatı vardır. Bu bəyanatda göstərilir ki, seçkilər münaqişənin tənzimlənməsi prosesinə, ümumiyyətlə Qarabağın statusuna hər hansı bir təsir göstərmir. Həmin bəyanatda göstərilir ki, qondarma rejim tanınmır. Bütün bunların fonunda Fransa parlamentarilərinin Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsinə qanunsuz səfəri Minsk Qrupunun münaqişənin tənzimlənməsi istiqamətində fəaliyyəti ilə daban-dabana ziddiyyət təşkil edir. Bu baxımdan hesab edirəm ki, Azərbaycan tərəfi bununla bağlı mövqeyini daha ciddi şəkildə bildirməlidir. Bütövlükdə ATƏT-in Minsk Qrupunun fəaliyyətinin səmərəsizliyi məsələsinə diqqət çəkməlidir".

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə