Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatının 18 yaşı qeyd olundu

Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatının 18 yaşı qeyd olundu

Bu gün Yeni Azərbaycan Partiyası (YAP) Yasamal rayon təşkilatının yaranmasının 18-ci ildönümü ilə bağlı tədbir keçirilib. SİA-nın məlumatına görə, tədbirdə təşkilatın sədri Fikrət İsmayılov, 16 saylı Yasamal II Seçki Dairəsindən millət vəkili seçilən Abel Məhərrəmov və təşkilatın digər fəalları iştirak edib.

 

Tədbiri giriş sözü ilə açan F.İsmayılov 18 il əvvəl - 1993-cü ilin fevral ayının 20-də YAP Yasamal rayon təşkilatının təsis konfransının keçirildiyini bildirib. O, qeyd edib ki, YAP respublikada ictimai-siyasi proseslərin məhsulu olaraq yaranıb: "Yeni Azərbaycan Partiyası ehtiyacdan yaranıb. "Əlincə" cəmiyyəti nəzdində yaradılan təşəbbüs qrupu 16 oktyabr 1992-ci ildə ümummilli lider Heydər Əliyevə "91-lər"in müraciətini ünvanladı. Ulu öndər bu müraciətə 20 oktyabr 1992-ci ildə "Səs" qəzeti vasitəsilə cavab verdi və 21 noyabrda Naxçıvanda 566 nəfərin iştirakı ilə Yeni Azərbaycan Partiyasının təsis konfransı keçirildi. Keçən müddət ərzində partiyanın Yasamal rayon təşkilatı üzvlərinin sayı 25 mini keçib. Təşkilatın üzvləri intellekt səviyyəsinə görə, ölkənin ən öndə gedənləridir".

 

F.İsmayılov təşkilatın üzvlərinin təşkilati işlərlə yanaşı, ölkənin ictimai-siyasi həyatında da yaxından iştirak etdiyini dilə gətirib. O, bildirib ki, təşkilatın üzvlərinin sayının artması YAP-ın əhali arasında nüfuzunu göstərir.

 

A.Məhərrəmov çıxışında qeyd edib ki, YAP Azərbaycanı ağır iqtisadi-siyasi vəziyyətdən çıxararaq hüquqi-demokratik dövlət qura bilib. O, ölkədə müharibə vəziyyətinin olmasına baxmayaraq, stabilliyin əldə olunduğunu və dinamik inkişafın təmin edildiyini vurğulayıb.

 

Tədbirdə YAP Yasamal rayon təşkilatının yeni üzvlərinə partiyanın üzvlük vəsiqələri təqdim edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə