Azərbaycan Prezidenti İranın informasiya texnologiyaları nazirini qəbul edib

Azərbaycan Prezidenti İranın informasiya texnologiyaları nazirini qəbul edib

Azərbaycan Prezidenti İlham Əliyev İran İslam Respublikasının informasiya texnologiyaları və kommunikasiya naziri Reza Tağıpur Ənvərinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

SİA-nın xəbərinə görə, nazir Reza Tağıpur Ənvəri İran Prezidenti Mahmud Əhmədinejadın salamlarını və ən xoş arzularını dövlətimizin başçısına çatdırıb. O, İranın dövlət başçısının ölkəmizə son səfəri zamanı göstərilən yüksək diqqətə və qonaqpərvərliyə görə Azərbaycan Prezidentinə minnətdarlıq etməyi Prezident Mahmud Əhmədinejadın ona şəxsən tapşırdığını deyib. Nazir bildirib ki, İran Prezidenti əmindir ki, belə yüksək səviyyəli qarşılıqlı səfərlər ölkələrimiz arasında münasibətlərin daha da genişlənməsi işinə xidmət edəcək. Reza Tağıpur Ənvəri İran Prezidenti Mahmud Əhmədinejadın məktubunu dövlətimizin başçısına təqdim edib.

Prezident İlham Əliyev İran İslam Respublikasının Prezidenti Mahmud Əhmədinejadın ölkəmizə səfərinin uğurlu olduğunu və yaxşı nəticələr verdiyini deyib.

Dövlətimizin başçısı Prezident Mahmud Əhmədinejadın salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını İran dövlətinin başçısına çatdırmağı xahiş edib.

Bütün xəbərlər Facebook səhifəmizdə