Vahid Əhmədov: “Azərbaycanın daxili bazarında qiymətlər 2 dəfəyə qədər aşağı düşə bilər”

Vahid Əhmədov: “Azərbaycanın daxili bazarında qiymətlər 2 dəfəyə qədər aşağı düşə bilər”
"2011-ci ilin yanvar ayında prezident İlham Əliyev Nazirlər Kabinetinin iclasında bir çox məsələlərə toxundu. O cümlədən Azərbaycan cəmiyyətində, iqtisadiyyatında korrupsiya, rüşvət, inhisarçılıq hallarına qarşı mübarizə, süni qiymət artımı, sahibkarların işlərinə müdaxilə ilə əlaqədar ciddi göstərişlər və hökumətə müəyyən tapşırıqlar verdi. Bundan sonra Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev iclas keçirərək Bakı şəhərinin, o cümlədən regionların rəhbərləri ilə korrupsiyaya, rüşvətxorluğa qarşı mübarizə tədbirlərinin görünməsi üçün müəyyən tapşırıqlar verdi. Artıq 20 gündən çoxdur ki, bu məsələlərlə əlaqədar ölkədə ciddi islahatlar keçirilir. Bütün nazirliklər kollegiya iclasları keçirərək öz işçilərinə bu məsələ ilə bağlı ciddi tapşırıqlar veriblər. Xüsusi rüsum.az saytı da açılıb ki, insanların şikayəti olduqda oraya müraciət edə bilərlər". Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Vahid Əhmədov ölkədə korrupsiyaya qarşı görülən mübarizə tədbirlərinə münasibət bildirərkən deyib. O bildirib ki, bu məsələnin Azərbaycan üçün çox böyük əhəmiyyəti var.

Onun sözlərinə görə, korrupsiya, rüşvətxorluğun qarşısının alınması, inhisarlığın, süni qiymət artımının aradan qaldırılması Azərbaycan iqtisadiyyatının müəyyən artımına səbəb olacaq. Millət vəkili vurğulayıb ki, Azərbaycanın daxili bazarında bu proses ardıcıl şəkildə davam edərsə, qiymətlər 2 dəfəyə qədər aşağı düşə bilər. Bunun Azərbaycan üçün ən önəmli məsələlərdən biri olduğunu deyən V.Əhmədov qeyd edib ki, cənab prezidenti Milli Məclis üzvləri olaraq müdafiə edəcəyik.

"Parlament bununla bağlı bir sıra qərarlar qəbul etməlidir. İlk növbədə Rəqabət Məcəlləsi müzakirə olunur. Biz bunu mütləq qəbul etməliyik ki, müəyyən məsələləri mütləq qəbul edək. O cümlədən Gənclərin deklorasiyası haqqında qanun layihəsi 2005-ci ildə qəbul olunub, amma bu günə qədər icra olunmur. Bunun icrasını tələb etməliyik ki, bundan sonra dövlət məmurları öz gəlirlərini deklorasiya etsinlər.

Digər ən ciddi məsələ Maliyyə nəzarəti haqqında qanun layihəsidir. Biz hökumətin iclasında, o cümlədən büdcə müzakirə olunan zaman da bu məsələyə diqqət yetirmişik ki, Azərbaycana maliyyə axını həddindən artıq güclüdür. Əvvəllər Azərbaycana 300-400 milyona yaxın vəsait daxil olurdusa, indi 10 milyardlara yaxın vəsait daxil olur. Buna görə də Maliyyə nəzarəti haqqında qanun mütləq qəbul olunmalı və icrasına nəzarət olunmalıdır. Yaxşı olar ki, bu qanun Maliyyə Nazirliyi tərəfindən işlənib hazırlansın, beynəlxalq təşkilatlarla razılaşdırılsın və Milli Məclisə təqdim olunsun", - deyə o əlavə edib.

V.Əhmədov qeyd edib ki, bəzi qəbul olunan qanunlara isə dəyişikliklər etmək lazımdır. Onun fikrincə, prezidentin axırıncı çıxış və tapşırıqları ilə əlaqədar bunlara çox böyük ehtiyac var: "Ümumiyyətlə, cənab prezidentin atdığı son addımlar bütün ictimaiyyət tərəfindən çox yüksək qarşılanır. Bu, həm də Azərbaycanda normal iqtisadiyyat, vətəndaş cəmiyyəti üçün ən önəmli məsələlərdən biridir".

Bütün xəbərlər Facebook səhifəmizdə