Qənimət Zahid Nikol Paşinyanın bəyanatına dəstək verdi ANALİTİK+fFOTOLAR
Anti-milli ünsürlər bu dəfə Azərbaycan Ordusunu hədəfə aldı
Ermənistanın baş naziri Nikol Paşinyanın işğal olunmuş ərazilərimizə qanunsuz səfəri çərçivəsində Xankəndində keçirilən mitinqdə Dağlıq Qarabağı Ermənistanın ərazisi adlandırması digər bir nüansı diqqətdən yayındırmadı. Belə ki, məhz həmin gün Fransada “siyasi mühacir” adı altında və erməni lobbisinin, xüsusilə də, Sorosun dəstəyi ilə “Youtube” sosial şəbəkəsində canlı yayıma çıxan Qənimət Zahid Azərbaycan Ordusuna qarşı əks-təbliğat kampaniyası apardı. “Sözarası” verilişində saxta, heç bir sübuta və fakta əsaslanmayan “Qürurundan sındırılmış əsgər” (?!-R.N.) adlı sərsəm mövzusuyla özü kimi ünsürlərin qarşısına çıxan Q.Zahid hər vəchlə isbatlamağa çalışdı ki, demə Aprel Müharibəsində əldə edilən şanlı qələbəmiz heç də şücaətlər, qəhrəmanlıqlar bahasına qazanılmış zəfər deyilmiş və s...
Nikol Paşinyanın Xankəndində Dağlıq Qarabağı Ermənistan ərazisi adlandırması, həmin günün axşamı isə Qənimət Zahidin dərhal, tələm-tələsik Azərbaycan Ordusu əleyhinə erməni dəyirmanına su tökən verliş hazırlaması təsadüf hesab oluna bilərmi?
Oxucularımızın diqqətinə onu da çatdırım ki, Q.Zahidin canlı yayımındakı qonaqları hərbi cinayətlər törətmiş, müharibə vəziyyətində vəzifələrinin öhdəsindən gələ bilməmiş, hərbi yoldaşlarını pis vəziyyətdə qoyaraq sözün əsl mənasında xəyanət etmiş və müvafiq cəzalarını almış hərbçilərin valideynləri olublar. Müxtəlif bəhanə və yalanlarla Silahlı Qüvvələrimizə qarşı fikirlər səsləndirən həmin şəxslər bilavasitə Q.Zahidin yönləndirdiyi sualları cavablandıraraq onun istədiyi cavabları veriblər. Ona görə də belə bir sual yaranır - məgər bütün bunlar – Nikol Paşinyanın Xankəndində Dağlıq Qarabağı Ermənistan ərazisi adlandırması, həmin günün axşamı isə Qənimət Zahidin dərhal, tələm-tələsik Azərbaycan Ordusu əleyhinə erməni dəyirmanına su tökən verliş hazırlaması təsadüf hesab oluna bilərmi? Əsla! Çünki biz onu da bilirik ki, Q.Zahid AXCP sədri Əli Kərimlinin mühacirətdəki “sağ əlidir” və bütün planlaşdırılmalar, canlı yayımlar, mövzular onun tərəfindən aparılır.
Ortada düşmən əlinə verilən “bayraq” var
Yeri gəlmişkən, biz onu da unutmamışıq ki, Ə.Kərimli “Milli Şura”nın mitinqlərində hər zaman Silahlı Qüvvələrimizə qarşı şər-böhtanlar yağdırır, üstəlik onun sözçülərindən biri hesab edilən Gültəkin Hacıbəyli Aprel Müharibəsi zamanı istifadə edilən ən müasir hərbi texnikamızı, silah-sursatlarımızı “sınıq və yararsız” adlandırmışdı. Üstəlik, azad edilmiş ərazilərimizin bu gün də ermənilərin nəzarəti altında qaldığını iddia etmişdi. Əlbəttə ki, bayaq da qeyd etdiyimiz kimi bu, heç bir təsadüf sayıla bilməz!
Həm də ona görə təsadüf sayıla bilməz ki, istər Ə.Kərimlinin, istər G.Hacıbəylinin bənzər şər-böhtanları dərhal Ermənistan KİV-lərinin maneştlərinə çıxarılıb. Bu gün isə məhz işğalçı Ermənistan hakimiyyətinin başçısı N.Paşinyanın məlum və sərsəm bəyanatına dəstək olaraq, Q.Zahid Azərbaycan Ordusunun əleyhinə canlı yayım hazırlayıb, “hazır halvanı” qoyur erməni aşnalarının ağzına ki, bəs “qorxmayın, hürkməyin, siz o tərəfdən işinizi aparın, biz də bu tərəfdən sizə dəstək olacağıq” və s. Misal üçün, onun efirinə çıxan öyrədilmiş şəxslər iddia edirlər ki, guya “Aprel Müharibəsində Seysulan zəfəri olmayıb” və hətta hərbçilərimiz “böyük itkilərlə” geri çəkilib və s. Bax, budur erməniyə işləmək, agentlik etmək, erməni işğalına, təcavüzünə altdan-altdan dəstək vermək və bu vasitə ilə erməni pulunu həzmi-rabeədən keçirib, üzərindən də rahatca su içmək. Amma ortada nə fakt var, nə də sübut. Əksinə, ortada düşmən əlinə verilən “bayraq” var və yəqin ki, müvafiq qurumlar birbaşa xəyanət hesab edilən belə addımların qarşısını mütləq alacaq!
Ədalətin hökmü olmalıdır!
Nəticədə isə, N.Paşinyan və Q.Zahid arasındakı bənzərlikdən və hətta qardaşlığından bəhs edərək qeyd etmək istərdim ki, bu qardaşlığın tellərini daha da möhkəmləndirən AXCP sədri Ə.Kərimli və onun ətrafı amilini də heç vaxt unutmamalıyıq və ədalət öz sözünü deməlidir. Ədalətin hökmü isə budur – işğal altındakı ərazilərimiz qısa müddətdə erməni təcavüzkarlarının əlindən xilas olduqdan, körpələrimizin, qocalarımızın, qadınlarımızın qanına susayan daşnak cinayətkarları öz haqlı cəzalarını aldıqdan sonra növbə məhz bu xəyanətkarların olmalıdır. Millətinə, dövlətinə, xalqına, milli ruhuna erməni pulu müqabilində şərəf və ləyaqətlərini satan anti-milli xainlər mütləq və mütləq cavab verməlidirlər!
Rövşən NURƏDDİNOĞLU
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB