Son dövrlərdə cəbhə xəttində baş verən təxribatlar burada yeni bir savaşa intensiv hazırlıq getməsinə dair təəssüratlar yaradır. Özü də, belə görünür ki, daxili problemlər içində boğulan Ermənistan cəbhədə gərgin vəziyyətin yaranmasında olduqca maraqlı tərəf qismində çıxış edir. Elə bu səbəbdən, düşmənin cəbhə təxribatları əhəmiyyətli dərəcədə artıb. Məhz bundan irəli gəlir ki, son bir neçə həftə ərzində, cəbhə xəttində ciddi gərginlik müşahidə olunur.
Xüsusi olaraq vurğulamaq lazımdır ki, son vaxtlar Ermənistan ordusunun müntəzəm təxribatlara əl atması deyilənləri sübut edən faktordur. Belə ki, son iki gün ərzində, yəni 28-29 iyul tarixində bir neçə istiqamətdən döyüş mövqelərimiz və arxa istiqamətdə hərəkətdə olan hərbi-nəqliyyat vasitələrimiz düşmən snayperləri tərəfindən atəşə tutulması, bir daha onu sübut edir ki, düşmən aldığı bütün dərslərə rəğmən, atəşkəsi pozmaqda davam edəcək. Düzdür, düşmən istəyinə nail ola bilməyib. Amma baş verənlər erməni tərəfinin xeyli azğınlaşdığını göstərir. Ehtiyatda olan polkovnik Şair Ramaldanovun fikrincə, Ermənistan bu gərginlikdən istifadə edərək, danışıqlara təsir göstərmək istəyir: "Bu, onu göstərir ki, Dağlıq Qarabağda gərginlik artmaqda davam edir. Ermənilər belə təxribatlar törədəcəklərini gizlətmirdilər. Digər tərəfdən, biz Dağlıq Qarabağ münaqişəsinin tarixinə nəzər salsaq, görərik ki, Ermənistanda daxili gərginlik yarandıqda və ya danışıqlar ərəfəsində düşmən cəbhə bölgəsində təxribatların sayını artırır və atəşkəs daha çox pozulur. Ş.Ramaldanov əlavə edib ki, Azərbaycan müharibə şəraitindədir və belə hadisələr gözləniləndir: "Bizim Silahlı Qüvvələrimiz cəbhə bölgəsində hər an düşmənin istənilən təxribatına cavab verməyə hazır vəziyyətdədir. Ermənistan rəhbərliyi bundan nəticə çıxarmalıdır. Düşmən ağıllanmasa, Azərbaycan bundan nəticə çıxarmalıdır və düşmənə öz gücünü göstərərək, torpaqlarını azad edib, ərazi bütövlüyünü bərpa etməlidir".
Digər ekspertlər də, bu qənaətdədirlər ki, yaranmış vəziyyətdə hansısa dəyişiklik olmasa, Azərbaycan düşmənə hərbi gücünü nümayiş etdirməli olacaq.
Politoloq Qabil Hüseynli də vurğulayır ki, Yerevan daxili təzyiqlərdən yaxa qurtarmaq üçün cəbhədə müəyyən lokal savaşın olmasına can atır. Politoloqun sözlərinə görə, Ermənistan tərəfinin növbəti dəfə belə təxribatçı addım atması, Azərbaycanı müharibəyə təhrik etmək məqsədi daşıyır: "Bütün bunlar, onu göstərir ki, ermənilər özlərini həddindən artıq həyasız və davakar ruhda aparırlar. Onlar Azərbaycanı müharibəyə təhrik etmək istəyirlər, amma Azərbaycan bilir ki, bu prosesləri nə vaxt və necə yerinə yetirmək lazımdır. Bu gün aviasiya sahəsində tam üstünlük Azərbaycana məxsusdur. Azərbaycanın qırıcı-bombardmançı, eləcə də, pilotsuz kamikadze təyyarələri Ermənistan ərazisində istənilən nöqtəni vurmaq qabiliyyətinə malikdir".
İndi maraq doğuran məqam bundan ibarətdir ki, Ermənistanın təxribatlarının davam etdiyi şəraitdə, Azərbaycan nədən düşməndən hərbi cəhətdən kifayət qədər üstün olduğu halda, genişmiqyaslı əməliyyatlara start vermir. Ekspertlər hesab edirlər ki, Azərbaycan, əslində, danışıqlar prosesinin növbəti mərhələsini gözləyir.
Rusiyalı ekspert: "Yerevana ikinci aprel döyüşləri lazımdır ki, özünü qurban elan etsin"
Ermənistan hakimiyyətinin aqressiv ritorikasının güclənməsi ekspertlərin diqqətindən yayınmayıb. "PolitRus" informasiya-analitik portalının rəhbəri, rusiyalı politoloq Vitali Arkov məsələ ilə bağlı daha əvvəl bildirmişdi ki, Nikol Paşinyanın başçılıq etdiyi indiki Ermənistan hakimiyyəti ölkədəki iqtisadi problemlər fonunda münaqişə zonasında vəziyyəti bilərəkdən kəskinləşdirir.
V.Arkov sözügedən mövzu ilə bağlı bildirib ki, Paşinyanın sələfləri son 20 ildən bir az artıq müddət ərzində, Ermənistan cəmiyyətini Azərbaycana qarşı əhval-ruhiyyə ilə kökləyib: "Paşinyan hakimiyyətə gələndə ümid var idi ki, o, "Qarabağ klanı" ilə əlaqəsi olmadığına və liberalyönümlü insan olduğuna görə, gözlənildiyi kimi, gərginliyi azaltmaq siyasətinə başlayacaq. Onun Azərbaycan Prezidenti İlham Əliyevlə görüşləri zamanı verdiyi bəyanatlar və ilk görüşləri bunu təsdiq edirdi. Lakin biz indi başqa mənzərə görürük. Bunun da izahı var. Paşinyanın bütün bu hərbi ritorikası daxili auditoriyaya yönəlib. Paşinyanın və komandasının vədlərinə baxmayaraq, ölkədə sosial-iqtisadi vəziyyət pisləşir. Çünki Paşinyan bu savadsızlıqla elə axıradək gedəcək, çünki xarici siyasətin nə demək olduğunu hələ də anlamır. Ermənistanın baş naziri Nikol Paşinyan, görünür, hətta yerli mətbuatı oxumur və erməni ekspertlərin fikirlərini nəzərə almır".
Əlbəttə ki, erməni analitiklər N.Paşinyanı güzəştlərə getməyə çağırmayıblar, lakin onun cəfəng fikirlərindən çox bəhs ediblər. Bununla belə, baş nazir bu yaxınlarda "Azadlıq" radiosunun Ermənistan xəbərləri xidmətinin direktoru Qrayr Tamrazyana müsahibəsində öz sözlərini təkrarlayıb. N.Paşinyan xatırladıb ki, seçildikdən sonra elan etmişdi - Qarabağ münaqişəsinin istənilən həll variantı Ermənistan xalqı, Azərbaycan xalqı və "Qarabağ xalqı" üçün məqbul olmalıdır: "Bu, bizim reallığımızda misilsiz bəyanat olub, çünki heç bir erməni lider deməyib ki, nizamlanma Azərbaycan xalqı üçün məqbul olmalıdır".
N.Paşinyanın bu mantrası Ermənistanda dəfələrlə tənqid atəşinə tutulub. Bu, Ermənistan və Azərbaycan cəmiyyətlərini tam qane edən həll yolu ola bilməz. Kompromislər barədə danışmaq olar. Lakin kompromislər və güzəştlər N.Paşinyan üçün tabudur.
Ekspertlər belə düşünürlər ki, Paşinyan, əslində, məsələnin həllini istəmir, ölkədaxili vəziyyəti ört-basdır etmək istəyir, sadəcə, bu mövzudan istifadə edir. Lakin olduqca uğursuz oynayır. Axı hətta Ermənistan cəmiyyətində Paşinyanın bu cür yanaşmasına qarşı çıxırlar. Bu, açıq-aydın populist yanaşma, vaxtı uzatmaq istəyi ilə əlaqədardır. Bu isə, o deməkdir ki, Paşinyanı indiki vəziyyət qane edir, o, Qarabağ üzrə irəliləyişlərdə maraqlı deyil. Eyni zamanda, bütün bunlar Nikol Paşinyanın aşkar populizmini və problemi dərindən qavrama qabiliyyətinin olmadığını göstərir.
Erməni xalqının tələbi - işğala son qoymaq!
Göründüyü kimi, ölkədə baş verənlər sübut edir ki, Azərbaycanla normal münasibətlər yaratmadan, Ermənistanın bir dövlət olaraq, mövcudluğunu davam etdirməsi mümkün deyil.
Azərbaycan Prezidenti İlham Əliyevin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı prinsipial və ardıcıl mövqeyi, artıq sözügedən konfliktlə əlaqədar, regionda tamam yeni bir vəziyyətin yaranmasına gətirib çıxarmaqdadır. Bu faktoru şərtləndirən ilk səbəblərdən biri budur ki, Azərbaycanın həyata keçirdiyi hücum diplomatiyası nəticəsində, Ermənistanın işğalçı siyasətinin ifşa edilməsi reallaşıb. Azərbaycanın bütün sahələrdə əldə etdiyi uğurlar, qonşu ölkələrlə yüksək səviyyəli əməkdaşlığı, dostluq və mehriban qonşuluq siyasətinin daha güclü olması, Azərbaycan Prezidentinin uğurlu diplomatik siyasətinin real nəticəsidir. Təkcə, bir faktı qeyd etmək kifayətdir ki, Azərbaycan və Rusiya prezidentləri 2018-ci ildə 6 dəfə görüşüblər, ölkə rəhbərləri arasında mövcud olan şəxsi dostluq münasibətləri dövlətlər arasında bütün istiqamətlər üzrə əlaqələrin inkişafına olduqca mühüm təsir göstərir.
Siyasi İnnovasiya Texnologiyalar Mərkəzinin rəhbəri, politoloq Mübariz Əhmədoğlu N.Paşinyanın ağıllı, savadlı və dərin düşüncəli rəhbər olmadığını bildirib: "Quyuya su tökməklə, quyu dolmaz. Paşinyanın siyasət deyilən məsələdən xəbəri yoxdur. Fikir vermisinizsə, "Exo Moskvı" televiziyasına verdiyi müsahibəsində Paşinyan deyirdi ki, mən oğlumu Dağlıq Qarabağa sülh məqsədi ilə göndərmişəm, orada müharibə getmir. Amma müsahibənin digər bölümündə bildirir ki, əgər mənim oğlum ordadırsa və öz ölkəmi və xalqımı qorumaqdan ötrü heç nəyimi əsirgəməyəcəm. Baxın, N.Paşinyanın fikirləri bir-birinə zidd mövqelidir. Birincisi, oğlunu Dağlıq Qarabağa göndərməklə, sən dərin düşüncəli yox, əksinə, dayaz düşüncəli adam olduğunu sübut etmisən".
Bu yerdə Prezident İlham Əliyev aprel döyüşləri zamanı Təhlükəsizlik Şurasının iclasında çıxışı zamanı bildirmişdi: "Bizə qarşı yenə təxribat törədilərsə, onlar yenə də öz cəzalarını alacaqlar. Bu, bir. İkincisi, biz öz torpağımızda vuruşuruq. Biz Ermənistan torpağını işğal etməmişik. Əgər erməni əsgəri ölmək istəmirsə, Azərbaycan torpağından rədd olsun. Mən bunu dəfələrlə demişəm, bir daha demək istəyirəm".
Bir sözlə, Ermənistanın təxribatlar törətməsi bir daha çətin durumda olan Paşinyanın hakimiyyət kürsüsü uğrunda hərisliklə mübarizə apardığını sübut edir. Sözün həqiqi mənasında, Nikol Paşinyan geosiyasi burulğanda çabalayır.
Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev dəfələrlə vurğulayıb ki, Paşinyan Azərbaycanın işğal edilmiş torpaqalarının qaytarılması istiqamətində hər hansı addım atmalıdır: "Üç il bundan əvvəlki aprel döyüşləri göstərdi ki, Azərbaycan Dağlıq Qarabağ problemini hərbi yolla da həll etmək gücündədir. Bu baxımdan, Paşinyan Azərbaycanın işğal edilmiş torpaqlarının qaytarılması istiqamətində hər hansı addım atmalıdır, əks halda, Ermənistan üç il bundan əvvəlkindən də ağır məğlubiyyətə düçar olacaq".
Göründüyü kimi, siyasi istiqaməti məlum olmayan və ümumiyyətlə, dövlətçilikdə naşı olan Paşinyanın nala-mıxa vurması ölkəyə hansısa yenilik vəd etmir və təcavüzkar zəbt etdiyi torpaqlardan getməlidir, vəssalam! Bu problemin həllinin bir yol: Ermənistanın havadarları güc tətbiq edərək, işğalçı erməni silahlılarını Azərbaycan ərazilərindən çıxarmalıdırlar. Bunun isə, ehtimalı azdır. Onda Azərbaycan Ordusu "donuzu darıdan çıxarmalı" olacaq!
A.SƏMƏDOVA
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB