Avstraliya Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü dəstəkləyir XİN rəsmisi

Avstraliya Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü dəstəkləyir XİN rəsmisi

"Avstraliyanın Rayd şəhərinin Şurasının Azərbaycan Respublikasının Ermənistan Respublikası tərəfindən işğal edilmiş Xankəndi şəhəri ilə “dostluq əlaqələrinin yaradılması” haqqında sənəd qəbul etməsi ilə bağlı ilk növbədə qeyd etmək istərdim ki, Rayd şəhəri Avstraliyanın ən çox erməni əsilli vətəndaşının cəmləşdiyi şəhərdir". Bunu SİA-ya Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva deyib.

"Təsadüfi deyil ki, cəmi 2 nəfər tərəfindən qəbul edilmiş sözügedən sənədin layihəsi Rayd şəhər şurasının məhz erməni əsilli üzvü Sarkis Yedelyan (Sarkis Yedelian) tərəfindən irəli sürülmüş və şəhərin meri Cerom Laksal tərəfindən dəstəklənmişdir.

Xatırlatmaq istərdim ki, Avstraliya Federal Hökuməti Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü birmənalı şəkildə dəstəkləyir.

Avstraliyanın inzibati ərazi vahidlərinin yerli icra hakimiyyəti və ya qanunverici orqanları tərəfindən ermənilərin lobbiçilik səyləri əsasında qəbul olunan bu kimi sənədlərə gəldikdə isə vurğulamaq istərdim ki, belə sənədlər hüquqi nöqteyi-nəzərdən heç bir əhəmiyyət kəsb etmir və yalnız müəyyən dairələrin və ya lobbi qruplarının maraqlarına xidmət edən kağız parçasıdır"-deyə, XİN sözçüsü fikrini tamamlayıb.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə