Qabil Hüseynli: “ABŞ terror xəbərdarlığı etməklə Azərbaycan hökumətini də ayıq-sayıq olmağa çağırır”

Qabil Hüseynli: “ABŞ terror xəbərdarlığı etməklə Azərbaycan hökumətini də ayıq-sayıq olmağa çağırır”

Xəbər verildiyi kimi, ABŞ Azərbaycandakı vətəndaşlarını terror təhlükəsi ehtimalı ilə əlaqədar xəbərdar edib. ABŞ-ın Azərbaycandakı səfirliyinin rəsmi saytının verdiyi xəbərə görə, məlumatda bildirilib: "ABŞ Dövlət Departamenti terror təhlükəsi haqqında malik olduğu informasiyaya əsaslanaraq, ABŞ vətəndaşlarını Azərbaycanda, o cümlədən ABŞ maraqlarına qarşı ehtimal olunan terror aktları ilə əlaqədar öz vətəndaşlarına yenə də xəbərdarlıq edir. Bu ehtimal ciddi olaraq qalır". Xatırladaq ki, bu il yanvarın sonunda ABŞ və Böyük Britaniya Azərbaycanda terror təhlükəsi ehtimalı ilə əlaqədar öz vətəndaşlarına xəbərdarlıq edib. Lakin təhlükənin xarakteri və məlumatın mənbəyi açıqlanmayıb. Bu il fevralın 11-də isə İsrailin terrorla mübarizə qərargahı ölkə vətəndaşlarına yaxın günlərdə 9 ölkəyə səfər etməkdən çəkinməyi məsləhət görüb. Bu 9 ölkə arasında Azərbaycan, Ermənistan və Gürcüstanın da adı var.

 

Politoloq Qabil Hüseynli hesab edir ki, bu xəbərdarlığın arxasında hansısa süni xarakter daşıyan və vəziyyəti gərginləşdirmək niyyəti dayanmır. SİA-ya açıqlamasında politoloq bildirib ki, ABŞ-ın terror xəbərdarlığı daha çox İranla bağlıdır. Son dövrlər bölgədə hərəkətliliyin nümayiş olunduğunu deyən Q.Hüseynli bundan İran rejiminin də narahatlıq keçirdiyini qeyd edib.

 

İran müxalifətinin mitinq çağırışından da rəsmi Tehranın narahat olduğunu dilə gətirən Q.Hüseynli müxalifətə Qərbin dəstək verəcəyini istisna etmir: "Bu dəstəyin olacağını görən İranın siyasi rəhbərliyi qabaqlayıcı tədbirlər görür. Bu yaxınlarda İranın kəşfiyyat idarəsinin rəhbəri bildirib ki, o, İrana hər hansı ölkədən, o cümlədən qonşularından gələn təhlükəni dəf etmək üçün ABŞ və İsrailin iqtisadi və dövlət maraqlarına sarsıdıcı zərbələr vuracaq. ABŞ-ın regionda, xüsusən Azərbaycanda maraqları var, regiona böyük investisiyalar yatırıb. Terror xəbərdarlığı ilə bir müddət əvvəl Böyük Britaniya da çıxış edib. Qeyd edək ki, "BP" Azərbaycanda neft-qaz sahəsinə böyük miqdarda sərmayə qoyub. ABŞ və Böyük Britaniyanın Azərbaycanda iqtisadi maraqlarla yanaşı, siyasi maraqları da var. İran da Tunis və Misir hadisələrinin öz ərazisində təkrarlanmasından ehtiyatlanaraq buna qarşı əks-tədbirlər hazırlayır. Əks-tədbirlər isə ilk növbədə ABŞ-a qarşı planlaşdırılması istisna deyil".

 

ABŞ, Böyük Britaniya və İsrailin əlində İranın planları ilə bağlı kifayət qədər kəşfiyyat materiallarının olduğunu deyən politoloq sözügedən ölkələrin bu məlumatlara əsaslanaraq xəbərdarlıq etdiyini söyləyib. Q.Hüseynli bildirib ki, Azərbaycanda vəziyyət tam nəzarət altında olsa da, Masallı telekommunikasiya qovşağında baş verən hadisə müəyyən nəticələr çıxarmağa əsas verir: "Belə güman etmək olar ki, İran ona qarşı müəyyən planların olduğunu əsas gətirərək qabaqlayıcı və ya təhrikedici tədbirlərə əl atır. Şübhəsiz ki, bu tədbirlər əsas olaraq ABŞ, Böyük Britaniya və İsrail üçün hesablanıb. Masallı telekommunikasiya qovşağında Avrasiya ilə Avropanı birləşdirən kabel xəttinin sıradan çıxarılmasına ciddi yanaşmaq lazımdır. ABŞ və digər ölkələr belə bir xəbərdarlığı etməklə eyni zamanda Azərbaycan hökumətini də ayıq-sayıq olmağa çağırır".

Bütün xəbərlər Facebook səhifəmizdə