Prezident İlham ƏLİYEV: “Tarixdə artıq bir dəfə Azərbaycanın əzəli torpaqlarında erməni dövləti yaradılmışdır, o da bugünkü Ermənistandır”
Azərbaycan Prezidenti İlham Əliyev Goranboy rayonu ərazisində Xocalıdan məcburi köçkün düşmüş soydaşlarımız üçün inşa edilmiş qəsəbənin açılışında Ermənistanın və Dağlıq Qarabağın tarixinə qısa nəzər salıb və erməni tarixçilərini də susdura biləcək çıxış edib:
- Tarixdən də yaxşı bilirik ki, ermənilər bizim torpaqlarımıza, Qarabağ ərazisinə 19-cu əsrdə köçürülmüşlər, qonaq kimi gəlmişlər. Amma ondan sonra bizə qarşı torpaq iddiası ilə çıxış etmişlər. Biz də çalışırıq ki, dünya birliyinə bu həqiqətləri çatdıraq. Son illər ərzində kifayət qədər kitablar yazılmış, məqalələr dərc edilmişdir. Digər vasitələrlə də bu həqiqətləri dünya birliyinə çatdırırıq ki, bu, bizim torpağımızdır. Erməni dilində Qarabağ sözü yoxdur, onun mənası yoxdur. Qarabağın baş şəhəri Xankəndidir, Stepanakert deyil. Stepanakert bolşevik-erməni quldur dəstəsinin rəhbəri Stepan Şaumyanın adını daşıyır. Yəni əgər o şəhərin tarixi adı olsaydı, şübhəsiz ki, ermənilər onu bərpa edərdilər.
Bütün başqa toponimlər də Azərbaycan xalqının tarixini əks etdirir. Bu, heç kimə sirr deyil, sadəcə olaraq, dünya birliyi bundan xəbərsiz idi. Belə bir təəssürat yaranmışdı ki, guya Qarabağ tarixi erməni torpağıdır, kiminsə göstərişi ilə 1920-ci illərdə Azərbaycanın tərkibinə verilmişdir. Halbuki, biz hamımız yaxşı bilirik ki, bu, belə deyildir. Ermənilər çar Rusiyasının o vaxtkı rəhbərləri tərəfindən Türkiyənin, İranın müəyyən bölgələrindən oraya köçürülmüşdür. Bu, tarixi həqiqətdir.
Tarixdə artıq bir dəfə Azərbaycanın əzəli torpaqlarında erməni dövləti yaradılmışdır, o da bugünkü Ermənistandır. O torpaqlar bizim doğma, ata-baba torpaqlarımızdır. İrəvan xanlığı, Zəngəzur mahalı - bütün o adlar Azərbaycan toponimləridir. Hətta indi ermənilər özləri də etiraf edirlər ki, 20-ci əsrin əvvəllərində İrəvan şəhərinin əhalisinin əksəriyyəti azərbaycanlılar idi. Bunu təsdiq edən sənədlər var, şəkillər var, rəsm əsərləri var. Artıq bir dəfə Azərbaycan torpağında erməni dövləti yaradıldı, özü də Azərbaycanın o vaxtkı rəhbərliyinin icazəsi ilə. Bilirsiniz ki, 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin rəhbərliyi İrəvanı Ermənistanın paytaxtı kimi ermənilərə bəxş etdi.
Halbuki, mən hesab edirəm ki, bu, çox yanlış və dözülməz bir addım idi və bugünkü tarix onu göstərir. Əgər o vaxt bu addım atılmasaydı, indi heç Qarabağ məsələsi də olmazdı. Amma o vaxt oldu və bunu da tarixi sənədlər sübut edir. Yaxşı, əsrin əvvəlində belə bir hadisə oldu. Ermənilər əsrin sonunda, Azərbaycan torpaqlarında indi ikinci erməni dövləti yaratmaq istəyirlər? Biz heç vaxt buna imkan verə bilmərik. Biz öz ərazi bütövlüyümüzü bərpa edəcəyik. Bunu deyəndə mən nəinki Dağlıq Qarabağın keçmiş inzibati hüdudlarından kənarda yerləşən rayonları nəzərdə tuturam. Yox! Dağlıq Qarabağ Azərbaycan torpağıdır. Azərbaycan suverenliyi orada tətbiq olunmalıdır.
Azərbaycan bayrağı Şuşada, Xankəndidə dalğalanmalıdır. Bizim məqsədimiz budur. Məhz buna görə danışıqlar bu qədər vaxt aparır. Biz hansısa yarımçıq, yaxud da bizi tam qane etməyən varianta razı ola bilmərik ki, bizə bir neçə rayon qaytarılsın, qalan rayonların müqəddəratı qeyri-müəyyən olsun. Biz buna heç vaxt gedə bilmərik. Necə ola bilər? Burada alverdən söhbət gedə bilməz! Bu, bizim torpağımızdır, tarixi torpağımızdır, əzəli torpağımızdır. Bir daha deyirəm ki, bunu tarixi sənədlər sübut edir. Beynəlxalq hüquq baxımından bu, bizim torpağımızdır.
Azərbaycan 1991-cı ildə müstəqilliyə qovuşanda onun ərazi bütövlüyü bütün dünya birliyi tərəfindən tanındı. Birləşmiş Millətlər Təşkilatı tərəfindən tanındı. Azərbaycan Birləşmiş Millətlər Təşkilatına Dağlıq Qarabağ daxil olmaqla üzv oldu və bu sərhədlər bütün ölkələr tərəfindən tanınır. Hətta bu gün ermənilərə, Ermənistana siyasi, hərbi, iqtisadi dəstək verən ölkələr də bunu tanıyır. Azərbaycanın ərazi bütövlüyü danışıqlar mövzusu deyildir. Bizim məqsədimiz o bölgələrdə tam şəkildə öz suverenliyimizi bərpa etməkdən ibarətdir və o gün gələcəkdir.
Bu gün artıq Ermənistan Azərbaycanla ayaqlaşa bilmir. Ermənistanla Azərbaycan arasında yerlə göy qədər fərq var. Bu fərq özünü hər bir yerdə göstərir. Xüsusilə keçən il və 2009-cu ildə böhran zamanı Ermənistanın iqtisadiyyatı 15 faiz tənəzzülə uğramışdı. Azərbaycanın iqtisadiyyatı isə iki il ərzində 15 faiz artmışdır. İndi baxın, Azərbaycanın sənaye imkanları, iqtisadi imkanları, hərbi potensialı müqayisəedilməz dərəcədədir. Biz ancaq hərbi xərclərə Ermənistanın bütün ölkəyə sərf etdiyi qədər, ondan da 50 faiz, 30 faiz çox sərf edirik və gələcəkdə bu fərq artacaqdır. Yəni vaxt bizə işləyir. Mən buna tam əminəm. Bəzi xarici müşahidəçilər, xarici dairələr isə çalışırlar bizi inandırsınlar ki, vaxt bizə işləmir, tezliklə bu məsələ həll olunsun. Bu məsələnin tezliklə həll olunmasını ən çox siz istəyirsiniz və mən istəyirəm. Bizdən çox bunu istəyən ola bilməz. Heç bir xarici məsləhətçi bunu istəyə bilməz. Amma nəyin bahasına biz bunu əldə etməliyik? Məsələ bundadır.
Mən əminəm ki, vaxt gələcək, biz öz suverenliyimizi tam bərpa edəcəyik. Dağlıq Qarabağda Azərbaycan bayrağı dalğalanacaqdır. Xocalıya biz qayıdacağıq və orada siz dediyiniz kimi, bundan da gözəl binaları tikəcəyik. Biz bu vaxtı hər an öz səylərimizlə yaxınlaşdırmalıyıq və yaxınlaşdırırıq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB