Bahar Muradova: "Azərbaycanda korrupsiyaya qarşı aparılan mübarizənin ərəb ölkələrində baş verənlərlə heç bir əlaqəsi yoxdur"

Bahar Muradova: "Azərbaycanda korrupsiyaya qarşı aparılan mübarizənin ərəb ölkələrində baş verənlərlə heç bir əlaqəsi yoxdur"
"Ölkədə korrupsiya ilə bağlı başlanan mübarizəni hər kəs bir cür qiymətləndirə bilər. Hazırda həyata keçirilən tədbirlər Azərbaycan dövlətinin gələcək perspektivə hesablanmış dövlət proqramlarına uyğun həyata keçirilir". SİA-nın məlumatına görə, bu sözləri Milli Məclisin vitse-spikeri Bahar Muradova jurnalistlərə verdiyi açıqlamasında deyib. O bildirib ki, burada qeyri-adi heç nə axtarmaq lazım deyil. Onun sözlərinə görə, ölkədə korrupsiya ilə bağlı aparılan mübarizənin bir istiqaməti mübarizənin şəffaflığının təmin olunması və məlumatların ictimaiyyətə çatdırılmasıdır: "Hesab edirəm ki, aparılan mübarizə bu formada qiymətləndirilməlidir".
Bahar Muradova deyib ki, Azərbaycanda korrupsiyaya qarşı aparılan mübarizənin ərəb ölkələrində baş verənlərlə heç bir əlaqəsi yoxdur: "Azərbaycanda korrupsiya birdən artmayıb və bu sahədə heç nə baş verməyib . Bunun nə Tunislə, nə də Misirlə heç bir əlaqəsi yoxdur. Azərbaycanda hər zaman elə adamlar tapılır ki, dünyanın hansısa ölkəsində baş verən hadisələri ölkəmizə gətirmək istəyir, yaxud da həmin hadisələrin burada rezonans doğuracağı barədə proqnozlar verirlər. Onlar eyni zamanda Azərbaycanın atdığı hansısa addımları həmin hadisələrlə əlaqələndirmək istəyirlər. Belə proqnozların heç biri özünü doğrultmayıb. Bu müxalifətin mövqeyidir, fikridir və çin olmayacaq".
Vitse-spikerin sözlərinə görə, parlament hər zaman cəmiyyətdə mövcud olan neqativ hallara, nöqsanlara zaman-zaman münasibət bildirib, deputatlar dəfələrlə çıxışlarında bu məsələyə toxunublar. O qeyd edib ki, parlamentdə bu proses daim gedir: "Prezident bu məsələ ilə bağlı sonuncu dəfə mövqeyini açıq formada bildirməyənə və son göstərişlərini verməyənə qədər də dəfələrlə bununla bağlı mövqeyini ifadə edib tapşırıqlarını verib. Müvafiq qurumlarda da bu istiqamətdə işlər gedirdi. Amma dövlət başçısı məsələni daha kəskin, daha konkret qoyandan sonra məsələ ilə bağlı məlumatlar daha açıq, şəffaf şəkildə cəmiyyətə çatdırılmağa başlanıb. Fərq bundan ibarətdir. İctimaiyyətin bu məsələyə dəstək verməsi hər zaman arzuolunandır".

Bütün xəbərlər Facebook səhifəmizdə