Əli Kərimliyə “çürük meyvə” adı qoyuldu QARŞIDURMA

Əli Kərimliyə “çürük meyvə” adı qoyuldu QARŞIDURMA

Alternativ AXCP-dən qaragüruh AXCP-yə sərt ittihamlar

Son günlər müxalifət düşərgəsinin müxtəlif qanadlarında kəskin savaşlar və qarşıdurmalar yaşanmaqdadır və yaranan ziddiyyətlərin əsas göstəricisi budur ki, bir çoxları illər öncə baş vermiş hadisələri xatırlayır, məhz həmin hadisələr fonunda xəyanətlərin, satqınçılıqların yaranmasını iddia edirlər. Belə qarşıdurmalardan biri də parçalanmış AXCP-də yaşanır və nə qədər maraqlı görünsə də, vaxtilə partiyanın sədri Əli Kərimliyə müavinlik etmiş, hazırda isə AXCP sədri adına iddialı olan Razi Nurullayev qarşı tərəfi yalnız xəyanətdə deyil, o cümlədən partiyanın mərhum lideri Elçibəyə qarşı kampaniyanın əsas təşkilatçısı kimi təqdim edir.

Daha bir ittiham: “Əli Kərimli Elçibəyin yıxılmasında maraqlı olub və hakimiyyəti ələ keçirmək üçün planlar qurub”

SİA xəbər verir ki, bu barədə alternativ AXCP-yə aid mətbu orqanda bəzi qeydləri ilə çıxış edən R.Nurullayevin yazdığına görə, məhz Ə.Kərimli Elçibəyin yıxılmasında maraqlı olub. “Bu gün düşünməyə başlamışam ki, Əli Kərimli Elçibəyin yıxılmasında maraqlı olub və hakimiyyəti ələ keçirmək üçün planlar qurub”, deyə qeyd edən R.Nurullayev onu da bildirib ki, Ə.Kərimli Elçibəyi zəif prezident, digərlərini isə qaragüruh zənn etdiyindən özünü sonrakı dövr üçün ən layiqli namizəd görüb.

Alternativ AXCP-nin sədri həmçinin xatırladıb ki, Ə.Kərimli digər partiya sədrlərini və müxalifətdə təmsil olunan şəxsləri təhqir edib, bu vasitə ilə özünü düşərgənin “lideri” kimi sırımağa çalışıb: “İsgəndər Həmidova “dəli” və “psix”, Rəhim Qaziyevə “satqın”, İsa Qəmbərə “iradəsiz”, Sərdar Cəlaloğluna “araqarışdıran” deyən, digər həmkarlarına da müxtəlif adlar qoyan və onların fonunda özünü parlayan “Zöhrə” ulduzu kimi görən bir siyasətçi necə olub ki, hələ də yerində saymaqdadır? Başqasından dəyişməyi və yenilənməyi tələb edən şəxs özü dəyişməyi və yenilənməyi sevmir. Bağlı olduğu qruplaşmalardan dəstək alaraq ucuz şou və artistliklə gündəm yaradıb siyasətdə qalmağı hədəfləyən şəxs xalqın lideri ola bilərmi? Təbii ki, yox. Dəyişim və yeniliklərə kar və kor olan siyasətçi çürük meyvə kimidir”.

Əli Kərimliyə sual: “Bir mətbu orqandan o birinə qaçıb hər gün dediklərini tutuquşu kimi təkrarlamaqdırmı gözəl, ardıcıl siyasət?”

R.Nurullayev Ə.Kərimlinin özünüreklamla məşğul olduğunu deyərək, onun sosial şəbəkələrdə və mətbu orqanlarda “parladığını” bildirib və xalqdan yalnız özü mənfəətləri üçün istifadə etdiyini deyib. “Xalqın narazılığı üzərindən danışmaq və ancaq danışmaq siyasəti yürüdən, bir mətbu orqandan o birinə qaçıb hər gün dediklərini tutuquşu kimi təkrarlamaqdırmı gözəl, ardıcıl siyasət?”, deyə sual edən müxalifətçi partiya sədri eyham vurub ki, Ə.Kərimli bütün uğursuzluqlarını xalqın üzərinə atır. Daha dəqiq desək, xalq onu dəstəkləmirsə, o bunun nəyə görə baş verdiyini araşdırması yerinə dərhal “günahkarlar” axtarır, həmin “günahkaralar” isə xalq olur.

Beləliklə, Ə.Kərimlinin bir sıra satqınılıqları barədə qeydlərini aparan R.Nurullayev Ə.Kərimlinin bilinməyən xəyanətlərini də qısa zamanda açıqlayacağı anonsunu verib.

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə